• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 dekabr 2024-cü il

    17 və 19 dekabr 2024-cü il tarixlərində Azərbaycanın Belçika və Lüksemburqdaki səfirliyinin təşkilatçılığı ilə UNESCO üzrə Milli Komissiya qədimi musiqi alətlərimizi (tar, kamança və qaval) Brüsseldəki "Kral İncəsənət və Tarix Muzeyi" nə hədiyyə etmişdir. Təqdimat mərasimlərində Azərbaycanın tanınmış musiqiçiləri  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru,  Azərbaycanın Xalq artisti, profesor Yeganə Axundova, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, “Tərəqqi” medalı laureatı, tarzən Sahib Paşazadə və Xəyyam Məmmədovun (kamança) müşayiəti ilə xanəndə, Azərbaycanın Əməkdar Artisti İlkin Əhmədov "Küçələrə su səpmişəm", "Şuşanın dağları başı dumanlı", "Sarı gəlin" xalq mahnılarını, eləcə də Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Vaqif Mustafazadə, Rauf Hacıyev, Bəhram Nəsibov, Vasif Adıgözəlov, Həsən Rzayev, Fərhad Bədəlbəylinin əsərlərini ifa etmişlər.
    Tar, kamança və qavaldan ibarət muğam üçlüyü tarixə kök salmış Azərbaycan musiqi ənənələrinin bənzərsiz nümunəsidir. Bu üç alət təkcə Azərbaycan musiqi mədəniyyətinin nümunələri deyil, həm də 90-a yaxın ənənəvi musiqi alətini özündə birləşdirən irsimizin zənginliyini aydın əks etdirir.
    Belçikanın musiqi mütəxəssisləri muğam, eləcə də tar, kamança və qavala bağlı fikirlərini bölüşüb, muğamın böyük bir dərya olduğunu bildiriblər.
    Azərbaycan musiqisi belçikalı musiqisevərlər tərəfindən alqışlarla qarşılandı.