6 dekabr 2024-cü il
6 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Münasibət və Aqressiya” mövzusu müzakirə olundu.
Bakı Dövlət Universitetində bakalavr təhsilini tamamlamış və hazırda Qərbi Kaspi Universitetində “Sosial Psixologiya” ixtisası üzrə magistratura təhsilinin 1-ci kursunda oxuyan Tamilla Malikova mühazirədə qonaq qismində çıxış etmişdir. O, Təhsil prosesində sosial və psixoloji aspektləri dərindən öyrənərək bu sahədə bilik və bacarıqlarını inkişaf etdirir.
Mövzunun həm psixoloji, həm də mənəvi tərəfləri nəzərdən keçirildi. Tələbələr diqqətlə dinlənildi, onların fikirləri öyrənildi və problemlərə birgə yanaşaraq həll yolları axtarıldı. Hal-hazırda gənc nəslin əsas problemlərindən biri aqressiyanı düzgün ifadə edə bilməmək və münasibətləri sağlam şəkildə idarə etməkdə çətinlik çəkməkdir.
Müzakirə zamanı aydın oldu ki, gənclər arasında emosiyaların düzgün idarə olunması, empatiyanın inkişafı və özünüifadə bacarığının gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. Onların həm fərdi inkişafına, həm də sosial münasibətlərinə müsbət təsir göstərən bu amilləri diqqətdə saxlamaq vacibdir.
Tələbələr həm də qeyd etdilər ki, bəzən aqressiya stress və təzyiqin nəticəsi olaraq ortaya çıxır. Buna görə də, stressin idarə olunması və daxili harmoniya yaratmaq üçün psixoloji dəstək və özünü inkişaf üsulları ilə tanışlıq gənclər üçün mühüm rol oynayır.
Mühazirə tələbələrin özlərini ifadə etmələri və mövcud problemlərə fərqli mövqelərdən yanaşmaları üçün faydalı bir platforma oldu. Belə müzakirələrin davamlı şəkildə keçirilməsi onların psixoloji və mənəvi inkişafına müsbət təsir göstərə bilər.
Bu səbəbdən tələbələr tərəfindən belə mühazirələrin mütəmadi olması arzulandı.