21 oktyabr 2024-cü il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyası arasında bağlanan müqavilə əsasında Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbələri 2024-cü il 21 oktyabr - 01 noyabr tarixlərində Bakı Musiqi Akademiyasında elmi-ixtisasartırma keçəcəkdirlər.
Xalq artisti, dünya şöhrətli pianoçu Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Üzeyir bəyin ocağına təşrif buyuran gənc musiqiçiləri qarşılayıb, hər zaman onlara dəstək olduğunu bildirdi. O həmçinin, Azərbaycan-Qazaxıstan əlaqələrindən söz açdı, neçə illərdir bu ənənələrin davam etdiyini qeyd edib, ali məktəblər arasındakı əməkdaşlığı təqdirəlayiq hal kimi yüksək qiymətləndirdi.
Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə, dosent Nərgiz Hüseynova tələbələrə ürək sözlərini bildirib, onları ixtisasartırmanı uğurla başa vurmaqlarını arzuladılar.
Qazaxstanlı magistr tələbələr yaradılan şəraitə, göstərilən isti münasibətə görə BMA-nın rəhbərliyinə, başda rektor, Xalq artisti, professor Fərhad Bədəlbəyliyə və kollektivə dərin minnətdarlıqlarını bildirdilər.