• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 sentyabr 2026-cı il 

    Dmitri ŞOSTAKOVİÇ- 120

    Sentyabrın 25-i — XX əsrin ən müqtədir sənətkarlarından olan Dmitri Şostakoviçin (1906-1975) doğum günü- yubileyidir. Şostakoviç və Azərbaycan musiqisi - xüsusi mövzudur. Artıq fevral ayında - Qara Qarayevin doğum günü münasibətilə keçirilən konsertdə bu mövzuya toxunulmuşdur. O zaman - Fuad İbrahimovun rəhbərliyi altında orkestrimiz Şostakoviçin V, Qara Qarayevin III simfoniyalarını ifa etmişdir. 2026-cı ilin bakalavr məzunu Aysel Cəfərova  həmin konsert barədə “Dmitri Şostakoviç və Qara Qarayev: zamanla dialoq” başlıqlı məqalə yazmış (elmi rəhbər – Z. Dadaşzadə), "Sabah: Dünən. Bu gün. Sabah" dərgisinin 3 saylı buraxılışında dərc etdirmişdir. Həmin məqalədən fraqmentləri diqqətinizə çatdırırıq:
    2026-cı ildə 120 illik yubileyi qeyd olunan Dmitri Şostakoviç Azərbaycan musiqi mədəniyyəti ilə son dərəcə sıx bağlı bir sənətkar olmuşdur. Onun yaradıcılıq məktəbi Qara Qarayev və Cövdət Hacıyev kimi musiqiçilərin formalaşmasında önəmli rol oynamışdır. Şostakoviç Azərbaycan bəstəkarlarının əsərlərində milli musiqi təfəkkürü ilə müasir simfonik düşüncənin üzvi və çox müvəffəq sintezini görür və bu məktəbi sovet incəsənətinin ən perspektivli istiqamətlərindən biri hesab edirdi.
    Q. Qarayev məqalələrindən birində yazırdı ki, Şostakoviç “diletantlığa, tamamlanmamış ‘eskiz’ və qaralamalara qarşı barışmaz idi, yaradıcılıqda məsuliyyətsizliyə isə qətiyyən dözmürdü”. Bu münasibət təkcə müəllimin estetik prinsipi deyil, sənət etikasının ifadəsi idi. Sonralar həmin yanaşma Qarayev məktəbinin də əsas xüsusiyyətlərindən birinə çevrildi.
    Şostakoviç üçün Bakı yalnız vaxtaşırı rəsmi səfərlər etdiyi şəhər olmayıb. O, Azərbaycandakı yaradıcılıq proseslərini daim diqqət və maraqla izləyər, tələbələrinin uğurlarına sevinərdi.
    Şostakoviç Bakıya ilk dəfə 1934-cü ilin yayında gəlmiş, A.Qaukun rəhbərliyi altında Moskva Filarmoniyasının orkestri ilə özünün Birinci fortepiano konsertini bəstəkar-pianoçu kimi təqdim etmişdi.
    1956-cı ildə keçirilən Azərbaycan Bəstəkarlarının I Qurultayına Dmitri Şostakoviç fəxri qonaq qismində qatılmışdı. Onun bu qurultayda iştirakı həm də Azərbaycan bəstəkarlıq məktəbinə, parlaq istedad sahibi olan tələbələri – Qara Qarayev və Cövdət Hacıyevin vətəninə olan dərin ehtiramının göstəricisi idi. Qurultay təəssüratları iki böyük məqalənin ərsəyə gəlməsini doğurmuşdu. Onlardan biri “Sovetskaya muzıka” jurnalında, digəri isə “Drujba narodov” dərgisində dərc olunmuşdu.
    “Əla bəstəkarlıq məktəbi” («Отличная композиторская школа») adlı sonuncu məqalə Azərbaycan musiqisinin qısa müddətdə keçdiyi yolu və əsas nailiyyətlərini dolğun şəkildə əks etdirir. Şostakoviç Azərbaycan Bəstəkarlar İttifaqını ölkənin ən güclü birliyi adlandırıb, onun çoxmillətli sovet bəstəkarları ailəsində ön mövqedə qərarlaşdığını bəyan edir. Q. Qarayevin yaradıcılığını bütün sovet musiqisində xüsusi sənət hadisəsi adlandıran Şostakoviç, onun yetkin bədii məharətini, musiqisinin parlaq obrazlılığı, ifadə vasitələri seçimində incə zövqünü, rənglər zənginliyini, milli məxsusiliyini və cəsarətli novatorluğunu heyrət hissi ilə qeyd edir. Eyni zamanda bəstəkarlardan hər birinin (Cövdət Hacıyev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Səid Rüstəmov, Cahangir Cahangirov, Azər və Həsən Rzayevlər və b.) parlaq fərdiyyət olması, fərqli və məxsusi yollarla addımlaması məmnunluqla nəzər-diqqətə çatdırılır.
    Şostakoviç daha iki dəfə – 1964 və 1972-ci illərdə Bakının qonağı olmuşdur. Azərbaycanda keçirilən Mədəniyyət Günləri çərçivəsində o, nümayəndə heyətinin tərkibində şəhərimizə təşrif buyurmuşdu.
    Q. Qarayev öz ustadı haqqında böyük ehtiramla yazırdı: “Mən sevimli müəllimimin minnətdar tələbəsi olmuşam və özümü həmişə belə bir tələbə qismində hiss edəcəyəm. Musiqidə bu gün nəyə nail oluramsa, hamısına görə məhz onunla ünsiyyətə borcluyam”, – etirafı çox şey deyir. Şostakoviçin “Qara Qarayev kimi böyük bəstəkar haqqında ‘mənim tələbəm’ ifadəsini işlətməyə cəsarət etmirəm” sözləri isə artıq Qarayevin müstəqil və novator sənətkar kimi qəbul olunduğunu göstərir.
    ... “Əsrləri adlayan musiqi” adlı konsert müəyyən düşüncələr doğurdu.
    Konsert öncəsi söz alan  Zümrüd Dadaşzadə bu konsertin yalnız musiqi hadisəsi deyil, bütöv bir konsepsiya olduğunu vurğulayaraq qeyd etdi ki, həm Qarayevin III simfoniyası, həm də Şostakoviçin V simfoniyası öz dövrünün mənəvi və ictimai sarsıntılarının bədii sənədidir. Bu əsərlərdə yalnız bəstəkar düşüncəsi deyil, zamanın faciələri, daxili təlatümlər və sənətkarın həqiqət uğrunda mübarizəsi təcəssüm olunub.
    Qara Qarayevin III simfoniyası (1965) bəstəkarın yaradıcılığında dönüş nöqtəsi hesab olunur. Q. Qarayev artıq ənənəvi ifadə vasitələrinin onun daxili düşüncələrini tam əks etdirmədiyini hiss edir, yeni musiqi dili və yeni estetik forma axtarışına çıxırdı. III simfoniya məhz həmin daxili transformasiyanın nəticəsi idi. Bu əsər 1966-cı il SSRİ Bəstəkarlar İttifaqının Plenumunda diskussiya mərkəzində olmuşdur. Əsərdə 12-tonluq texnika milli musiqi təfəkkürü ilə maraqlı şəkildə qovuşur...
    Dmitri Şostakoviçin V simfoniyası (1937) isə 1930-cu illərin ağır siyasi atmosferində yaranmışdı. “Pravda” qəzetində dərc olunan “Musiqi yerinə qarmaqarışıqlıq” məqaləsindən sonra (1936) bəstəkar ciddi ideoloji təzyiqlərlə üzləşmiş, hətta IV simfoniyasının ifasından imtina etməyə məcbur olmuşdu. V simfoniya həmin dövrdə sənətkarın daxili faciəsini və mənəvi müqavimətini ifadə edən ən əhəmiyyətli əsərlərdən birinə çevrilmişdi.
    Konsertdə Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri hər iki əsərin mürəkkəb dramaturji xəttini yüksək peşəkarlıqla təqdim edirdi.

    Bu iki simfoniyanı birləşdirən əsas cəhət sənətkarın daxili azadlıq axtarışı və zamanla dialoqudur. Fərqli zaman kəsimində yaranmasına baxmayaraq, hər iki əsərdə insan taleyinin faciəvi qatları, mənəvi müqavimət hissi və fəlsəfi dramatizm eyni dərəcədə duyulur. Məhz bu baxımdan “Əsrləri adlayan musiqi” konserti sadəcə iki monumental əsərin ardıcıl ifası deyil, XX əsr musiqi düşüncəsinin iki fərqli, lakin bir-birini tamamlayan estetik modelinin qarşılaşdırılması kimi yadda qaldı. Konsert bir daha göstərdi ki, böyük sənət əsərləri yalnız öz dövrünün yox, bütün zamanların mənəvi sənədidir. Dmitri Şostakoviç və Qara Qarayev müxtəlif estetik dillərdə danışsalar da, onların musiqisində insanın daxili azadlığı uğrunda mübarizə motivi eyni qüvvə ilə səslənir...