27 aprel 2026-cı il tarixində Zaqatala rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı çərçivəsində unudulmaz konsert proqramı təqdim olundu.
Gecədə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestri sənətsevərlərin qarşısında çıxış etdi.
Gecənin bədii ovqatını zənginləşdirən çıxışlarla Xalq artisti, professor Yeganə Axundova (piano), Əməkdar artist Afaq Abbasova (soprano), Rza Xosrovzadə (bariton), eləcə də Zaqatala rayon Uşaq İncəsənət Məktəbinin müəllimləri Eldar Mikayılov (tar) və Sahib Abdurahmanov (qarmon) dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandılar.
Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə təqdim olunan proqramda Azərbaycan klassik musiqisinin zəngin incilərindən ibarət rəngarəng repertuar səsləndirildi. Konsertdə Üzeyir Hacıbəylinin “Arazbarı”, Niyazinin “Arzu” və “Qaytağı”, Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollar” baletlərindən parçalar, Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Qızların rəqsi”, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” və digər dəyərli əsərlər tamaşaçılara təqdim olundu.
Konsert proqramı tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanaraq bölgələrdə klassik musiqiyə olan böyük marağı bir daha nümayiş etdirdi.
Qeyd edək ki, layihə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasına uyğun olaraq ölkənin müxtəlif bölgələrində mədəni həyatın canlandırılması, klassik və milli musiqimizin daha geniş auditoriyaya çatdırılması, regionlarda vahid mədəni mühitin formalaşdırılması məqsədilə həyata keçirilir.