14 aprel 2026-cı il
“Bir səhnə, iki nəsil” – unudulmaz musiqi axşamı
14 aprel 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “İxtisas fortepiano” kafedrasının müəllim və tələbələrinin iştirakı ilə keçirilən “Bir səhnə, iki nəsil” adlı fortepiano ansambl konserti yüksək sənətkarlıq nümunəsi ilə yadda qaldı.
Qeyd edək ki, layihənin ideya müəllifi dosent Sevda Məmmədlidir.
Tədbirin açılışı dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mina Babayeva tərəfindən edildi. Onun zərif və dərin məzmunlu nitqi dinləyiciləri musiqinin sehrli aləminə apararaq, axşamın bədii ovqatını elə ilk anlardan müəyyənləşdirdi. Söz və musiqinin harmoniyası bu təqdimatda xüsusi bir incəliklə hiss olunurdu.
Konsertdə müxtəlif dövrləri və üslubları əhatə edən zəngin proqram təqdim olundu. Dinləyicilər İohan Sebastyan Bax, Alfred Şnitke, Sergey Raxmaninov, Dmitri Şostakoviç, Deyv Brubek, Arif Məlikov, Fikrət Əmirov və Ceyhun Allahverdiyevin əsərlərini dinləmək imkanı əldə etdilər.
Tədbirin əsas ideyası nəsillərarası sənət dialoqunu nümayiş etdirmək idi. Təcrübəli müəllimlərin peşəkarlığı ilə gənc ifaçıların enerjisi eyni səhnədə harmonik vəhdət təşkil edərək, musiqinin davamlılığını və ənənələrin ötürülməsini parlaq şəkildə əks etdirdi.
İfaçılar çıxışlarında yüksək texniki ustalıq, zərif interpretasiya və səhnə mədəniyyəti nümayiş etdirərək, tamaşaçıların böyük rəğbətini qazandılar.
Bu konsert bir daha sübut etdi ki, musiqi – nəsilləri birləşdirən ən güclü körpüdür.





