27 dekabr 2025-ci il
Bakı Musiqi Akademiyasında “Yeni il sədaları” adlı bayram konserti keçirildi
27 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Yeni il sədaları” adlı bayram konserti təşkil olundu.
Konsert Akademiyanın “Xor-Dirijorluq” kafedrasının təşəbbüsü ilə baş tutub. Tədbirin bədii rəhbəri Xalq artisti, professor Gülbacı İmanova olmuşdur.
Bayram konsertində Bakı Musiqi Akademiyasının bir neçə yaradıcılıq kollektivi, o cümlədən BMA-nın birləşmiş tələbə xoru, musiqi müəllimlərinin xoru, SABAH qruplarının musiqişünas və instrumental ifaçılıq tələbələrindən ibarət xor kollektivləri, eləcə də şəhid övladlarından ibarət “Zəfər sədası” uşaq xoru çıxış edib.
Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Musiqi müəllimlərinin xoru Teymur Cəbrayılovun “Ey Vətən” əsərini və Azərbaycan xalq mahnısı “Səndən mənə yar olmaz”ı təqdim edib.
Tədbir çərçivəsində “Xor-Dirijorluq” kafedrasının tələbələri Aytac Nəsibova, Nurdan Hüseynzadə və magistr Emin Məmmədov solo çıxışlarla konsert proqramına xüsusi rəng qatıb. Onların ifasında Tofiq Quliyev, Bart Howard, eləcə də Disney musiqi nömrələrindən nümunələr səsləndirilib.
“Tarix–nəzəriyyə” fakültəsinin SABAH qrupunun musiqişünaslardan ibarət “Xarıbülbül” xoru dünya klassikası ilə yanaşı, Üzeyir Hacıbəylinin “Şah Abbas və Xurşudbanu” operasından Xurşudbanunun ariyasını təqdim edib. SABAH qrupunun instrumental ifaçılıq fakültəsinin xoru isə müasir və klassik repertuarla çıxış edib.
Konsertin yekununda Bakı Musiqi Akademiyasının birləşmiş tələbə xoru tərəfindən dünya kino musiqisinin incilərindən olan John Williamsın “Home Alone” filmindən “Somewhere in My Memory” və Mark Heysin “Cantata Domino” əsərləri səsləndirilib.
Tədbirin sonunda xüsusi anlar yaşandı.
Belə ki, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, Dövlət mükafatları laureatı, pianoçu, professor Fərhad Bədəlbəylinin doğum günü münasibətilə sürpriz təşkil olunmuşdu.
Xor kollektivi tərəfindən kollektiv mahnı ifa olunaraq rektor təbrik edilib. Zalda olan tamaşaçılar bu anı gurultulu alqışlarla qarşılayıblar.
Fərhad Bədəlbəyli göstərilən diqqət və səmimi təbriklərə görə təşəkkürünü bildirərək, kollektivə və tələbələrə yaradıcılıq uğurları arzulayıb.
Bayram konserti tamaşaçılarda xoş təəssürat yaradaraq, yüksək əhval-ruhiyyə ilə başa çatdı.