16 oktyabr 2025-ci il
Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş festival çərçivəsində Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının magistr tələbələrinin 16 oktyabr tarixində Bakı Musiqi Akademiyasında maraqlı konserti keçirildi.
Qeyd edək ki, 2025-ci il oktyabr ayının 6-dan Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının magistr tələbələri (1-ci qrup) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi təcrübə proqramını yekunlaşdırmq üzrədirlər.
Konsertin əvvəlində BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva Azərbaycan-Qazaxıstan əlaqələrindən söz açdı, neçə illərdir bu ənənələrin davam etdiyini qeyd edib, ali məktəblər arasındakı əməkdaşlığı təqdirəlayiq hal kimi yüksək qiymətləndirdi.
Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə tələbələrə ürək sözlərini bildirib, fəaliyyətlərində uğurlar arzu etdi.
Konsertdə həmçinin Əməkdar incəsənət xadimi, “İfaçılıq” fakültəsinin dekanı professor Nəzmiyyə Abbaszadə, BMA-nın Əlavə təhsil şöbəsinin müdiri, dosent Nərgiz Hüseynova, Əlavə Təhsil şöbəsinin əməkdaşı Firudin Əliyev, BMA-nın “Beynəlxalq əlaqələr və sosial məsələlər” şöbəsinin əməkdaşları, BMA-nın digər müəllim heyəti və tələbələr iştirak edirdilər.
İstedadlı tələbələrin çıxış etdiyi konsert proqramına Xarici ölkə və Qazaxıstan bəstəkarlarının əsərləri, eləcə də folklor nümunələri daxil edilmişdir.
Rəngarəng musiqi nömrələrindən ibarət konsert tədbiri tamaşaçıların böyük marağına səbəb olub, alqışlarla qarşılandı.
Tədbirin sonunda BMA-nın Əlavə təhsil şöbəsinin müdiri, dosent Nərgiz Hüseynovaya Qazaxıstan Milli Konservatoriyasının nümayəndə heyəti tərəfindən təşəkkürnamə təqdim edildi.
Həmçinin sonda Qazaxıstan Milli Konservatoriyasının magistr tələbələrinə elmi-ixtisasartırma kurslarını bitirdiklərini əks etdirən sertifikatlar təqdim olundu.
Tələbələr də öz növbəsində Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli başda olmaqla, bütün professor müəllim heyətinə böyük diqqət və qayğı üçün dərin təşəkkürlərini bildirdilər.