• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 iyun 2025-ci il 

    Samuil Marşakın “Pişiyin evi” tamaşası İxtisas musiqi məktəb-studiyası şagirdlərinin ifasında

     

    Əsası Əməkdar incəsənət xadimi, elmlər doktoru, professor Tərlan Seyidov tərəfindən qoyulmuş Uşaq Opera Teatrı 45 il ərzində yüzlərlə uşağa ilk səhnə təcrübəsini qazandıraraq onların estetik dünyagörüşünün formalaşmasına mühüm töhfə vermişdir. Təqdirə layiqdir ki, Uşaq Opera Teatrı 2024 – 2025-ci tədris ilində iki tamaşa – Cavanşir Quliyevin eyniadlı fortepiano məcmuəsi əsasında “Günəşin albomu” və “Pişiyin evi” əsərlərini səhnələşdirdi. Əlbəttə bu böyük bir nailiyyətdir ki, professor Tərlan Seyidovun yaratdığı teatr bu gün də böyük şəxsiyyətin layiqli davamçısı olan BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru Sevda Məmmədovanın təşəbbüsü ilə geniş fəaliyyət göstərir və uşaq musiqi dünyasını bəzəyir.

    Qeyd olunmalıdır ki, Uşaq Opera Teatrı 2025-ci il 13 iyun tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində olan Opera studiyası səhnəsində rus bəstəkarı Nikita Boqoslovskinin musiqisi və rus dramaturqu Samuil Marşakın eyniadlı ədəbi əsəri əsasında hazırlanmış “Pişiyin evi” tamaşasını nümayiş etdirdi.

    “Pişiyin evi” musiqili tamaşanın bədii rəhbəri – BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova, quruluşçu rejissoru – Məzahir Həşimov, poetik mətnin Azərbaycan dilinə tərcüməçisi – Əməkdar artist Nicat Kazımov, musiqi rəhbəri – Ofeliya Axundova və xormeysteri – Natəvan Fərzəliyeva olmuşdular.

    Tamaşanın hazırlıq prosesi uşaqlar üçün olduqca maraqlı və əyləncəli idi. Yaradıcı iş müddətində balaca “aktyorlar” öz aralarında qarşılıqlı münasibətlərin, səhnə davranışı və mədəniyyətinin sirlərini öyrənmiş oldular. Bəzi uşaqlar üçün bu ilk səhnə təcrübəsi idi ki, onların musiqi, rəqs və oyun vasitəsilə özünəinamlı çıxışları hər kəsi sevindirdi. Çox qısa zaman kəsiyində ərsəyə gələn tamaşada balaca artistlərin səmimiyyəti, səhnəyə hakim olmaları yaxşı mənada təəccüb doğurdu.

    Musiqili tamaşanın ərsəyə gəlməsində rejissor Məzahir Həşimovun yüksək peşəkarlığı və sənətə olan dərin məsuliyyəti xüsusi vurğulanmalıdır. Onun yaradıcı yanaşması, uşaqlarla iş metodikası, onlara olan böyük sevgi və qayğısı və ən önəmli sonsuz səbri tamaşanın yüksək bədii səviyyədə təqdim olunmasına səbəb olub.

    “Pişiyin evi” əsərinin hər bir obrazı uşaqlar tərəfindən böyük ustalıqla və rəngarəng şəkildə səhnədə canlandırıldı. Zövqlə seçilmiş kostyumlar və maraqlı səhnə tərtibatı tamaşanın bədii dəyərini artıraraq, əsərin ideya-məzmununu bütün reallığı ilə tamaşaçılara çatdırdı.

    İlk olaraq, tamaşa aparıcılar – Pərvin İsmayılzadəEmiliya Ağakişiyevanın birgə ifa etdikləri mahnı ilə açıldı ki, bu da səhnənin musiqili ab-havasına coşqulu bir başlanğıc qatdı.

    Əsərin əsas personajı – xala pişik obrazını ifa edən Aişə Əliyeva tamaşanın emosional yükünü daşıyan ən mürəkkəb rolu ifa etdi. O, həm cazibədar, həm təkəbbürlü, həm də sonradan peşman olan bir obrazı canlandıraraq, xarakterin daxili dəyişimini uğurla göstərdi. Onun emosional çıxışı və səhnə plastikası balaca bir aktyordan gözlənilənin çox-çox üzərində idi.

    Tamaşada süpürgəçi obrazını canlandıran Sabir Rüstəmxanlı obrazı özünəməxsus yumorla təqdim etdi. Onun təqdimatında bu sadə, lakin prinsipial personaj səmimiyyəti, zəhmətsevərliyi və dürüstlüyü ilə fərqləndi.

    Məryəm HüseynzadəCəmilə Süleymanova tərəfindən ifa olunan cücə obrazları tamaşaya yüngüllük, uşaq saflığı və sevimlilik gətirdi.

    Məryəm Quluzadə keçi, Elşad Məmmədli isə təkə rollarında çıxış edərək tamaşada kənd mühiti yaratmağa nail oldular. Onların dialoqları, özünəməxsus davranışları və səhnədəki jestləri gülüş və alqışlarla müşayiət olundu. Obrazların səs tembri, bədən dili uğurla təqdim olundu.

    Nadir Qasımlı (xoruz) və Mehriban Abbaslı (toyuq) öz obrazlarını olduqca inandırıcı və rəngarəng şəkildə ifa etdilər. Xüsusilə Nadirin qətiyyətli səsi və Mehribanın ana qayğısı dolu davranışı obrazların dərinliyini ortaya qoydu.

    Tamaşanın ən çox maraq doğuran hissəsi – bala pişiklərin çıxışı oldu. Bu rolu ifa edən balacalar – Uğur Həşimzadə, Nülufər Hüseynzadə, Leyla Mahmudlu, Sünbül ŞabanlaləSafira Bayramova – səhnədəki ahəngli oyunları və sevimli səsləri ilə tamaşaya bənzərsiz bir canlılıq gətirdilər. Onların qorxu, soyuqdan donma və nəhayət sığınacaq tapma səhnələri zalda duyğulu anlar yaşatdı.

    Əsərdə yumoristik elementlərin əsas daşıyıcısı olan donuz obrazlarını Selcan ƏşrəfzadəRauf Bağırzadə canlandırdı. Onların dueti bir-birini tamamlayan və səhnə harmoniyasını qoruyan möhtəşəm bir tandem oldu. Əyləncəli jestləri, orijinal və maraqlı çıxışları zalda coşqu ilə qarşılandı.

    Sonda səslənən gur alqışlar uşaqların zəhmətinə verilən ən dəyərli qiymət və gələcək yaradıcılıqları üçün güclü bir stimul oldu.

    Uşaq Opera Teatrının səhnələşdirdiyi “Pişiyin evi” əsəri klassik ədəbi nümunə olaraq zamanın sınağından uğurla çıxaraq bu gün də öz aktuallığını və dərin tərbiyəvi məzmununu qoruyub saxlayır. İllər keçsə də, onun verdiyi insani mesajlar hələ də uşaqların dünyasında əks-səda doğurur. Əsərin süjeti, var-dövlətə güvənən Pişiyin yaxınlarına qarşı laqeydliyi, ehtiyacda olanlara yardım əlini uzatmaması və nəhayət, özü çətin vəziyyətə düşüb tək qalması üzərində qurulub. Bu hekayədə sadə, mehriban və köməksevər heyvanların davranışı uşaqlara mənəvi zənginliyin əsl məna və dəyərini göstərir, eyni zamanda empatiya ilə təkəbbürün qarşılıqlı təsirini hiss etdirir.

    Balaca “aktyorlar” – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının xüsusi istedada malik şagirdləri Opera studiyasının səhnəsində təkcə musiqi qabiliyyətlərini deyil, eyni zamanda aktyorluq bacarıqlarını da nümayiş etdirdilər. Şübhəsiz ki, bu təcrübə uşaqların gələcək inkişafı üçün olduqca böyük əhəmiyyət kəsb edir.

    Sözügedən əsərin səhnələşdirilməsi Uşaq Opera Teatrının fəaliyyətində mühüm mərhələlərdən biri olmaqla yanaşı, eyni zamanda Məktəb-studiyanın 45 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsinin bir hissəsini təşkil edir.

     

    Şəfəq Hacıyeva

    Üzeyir Hacıbəyli adına

    Bakı Musiqi Akademiyasının

    İxtisas musiqi məktəb-studiyasının

    böyük elmi işçisi, musiqişünas