• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 may 2025-ci il 

    Qarabağ Universitetində dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində konsert tədbiri keçirildi

    30 may 2025-ci il tarixində Xankəndidə yerləşən  Qarabağ Dövlət Universitetinin İncəsənət fakültəsinin Böyük zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” kafedrası tələbələrinin iştirakı ilə konsert proqramı baş tutdu.

    Konsertdə Əməkdar incəsənət xadimi, BMA-nın “Bəstəkarlıq” kafedrasının müdiri, professor Ceyhun Allahverdiyevin, professor Aydın Əzimovun, dosent Arzu Məmmədovanın, dosent Aliyə Məmmədovanın tələbələri çıxış etdilər.

    Böyük maraq doğuran tədbirdə çıxış edən tələbələr – Arsalan Navab Moghadam, Ülvi Hüseynzadə, Xəyal Əsədli, Sevgim Musadə, Vahid Rəhimov, Fatimə Məmmədli, Əli Cəfərzadə, Ağabəşir Bayramzadə, Həsən Bədəlzadə, solistlər - Elina Əliyeva, Vəfa Babayeva, Aybəniz Həsən, Əli Hüseynli, Elvin Əliyev, İsmayıl Əsədbəyli, Şöhrət İsmayılov yüksək peşəkarlıq nümayiş etdirdilər. Gənc musiqiçilər həm klassik, həm də müasir musiqi nümunələri ilə tamaşaçılara musiqi bayramı yaşatdılar.

    Konsertin keçirilmə məqsədi gənc bəstəkarların əsərlərinin təbliği, eyni zamanda Qarabağ Universitetinin tələbələrinin bəstəkarlıq ixtisası barədə məlumatlandırılması, suallarının cavablandırılmasıdır.

     Qarabağ universitetində baş tutan konsert, ustad dərslərlə davam etdirildi. Xankəndiyə  edilən işgüzar səfərin ikinci günü - 31 may tarixində Şuşa şəhərində davam etdirildi.

    Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva öncə Xankəndidə sonra Şuşa şəhərində gənc musiqiçilərlə ustad dərslər keçərək, onlarla öz bilik və təcrübəsini bölüşmüş, dəyərli məsləhətlərini verib, gələcək təhsil illərində uğurlar arzu etmişdir. 

    Bu səfər bölgədə mədəni həyatın canlanmasına və musiqi təhsili sahəsində regionlararası əlaqələrin möhkəmlənməsinə xidmət edir.

    Layihə iştirakçılar və təşkilatçılar tərəfindən yüksək dəyərləndirilib və gələcəkdə bu kimi tədbirlərin davam etdirilməsi arzusu ilə başa çatdı.