12 may 2025-ci il
Bma-nın məktəb-studiyası şagirdlərinin Heydər Əliyevin 102 illiyinə həsr olunmuş elmi-ifaçılıq konfransı
12 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası İxtisas musiqi məktəb-studiya şagirdlərinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunan Elmi-ifaçılıq konfransı keçirildi. Tədbir məktəb-studiyanın elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyevanın giriş sözü ilə açıq elan olundu. Tədbirdə Heydər Əliyev lider kimi səciyyələndirməklə bərabər, onun incəsənətə, o cümlədən uşaqlara qarşı olan xüsusi diqqət və qayğısı A.Baxşiyevanın çıxışında və hazırladığı video çarxda diqqətə çatdırıldı.
Professor Tərlan Seyidovun müəllifliyi ilə gerçəkləşən məktəb-studiyanın elmi-ifaçılıq konfransları və müsabiqələri musiqi təhsilinin inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu formatda təşkil olunan tədbirlər şagirdlərin ifa etdikləri musiqi əsərləri və onların müəllifləri barədə elmi və tarixi biliklər əldə etmələrinə şərait yaradır, estetik dünyagörüşlərini genişləndirir və musiqi materialını dərin mənimsəməklə bədii ifa bacarıqlarının inkişafına töhfə verir.
Tədbirdə məktəb-studiyanın müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri ifa etdikləri əsərlər barədə həm tarixi, həm də nəzəri məlumatları diqqətə çatdırmaqla yanaşı, paralel olaraq müvafiq parçaları ifa etməklə məruzələrinə rəng qatırdılar. Fortepiano ixtisası üzrə Əməkdar müəllim Kamilla Əmirovanın (nəzəriyyə müəllimi Rəna Məmmədova) 7-ci sinif şagirdi Hüseyn Quliyev Edvard Qriqin “Poetik lövhələr” əsərini, 8-ci sinif şagirdi Cəlalə İsmayılzadə (nəzəriyyə müəllimi Esmiralda Cəbrayılbəyova) İohann Sebastyan Baxın a moll “İngilis süitası”nın təhlilini təqdim etdilər. 9-cu sinif şagirdi Gülər Mahmudzadə (nəzəriyyə müəllimi Günay Məhyəddinli) Lüdviq van Bethovenin 9 №-li Sonatasını, Əməkdar müəllim, dosent Mədinə Tuayevanın 5-ci sinif şagirdi Araş Seyfpour (nəzəriyyə müəllimi Vəfa Həmidova) Volfqanq Motsartın C dur Sonatasından I hissəsini (K. 545), Nuranə Zeynalovanın 7-ci sinif şagirdi Rauf Bağırzadə (nəzəriyyə müəllimi Aytən Baxşiyeva) Frederik Şopenin op.33 4 №li h moll Mazurkasını şərh etdi. Dosent Sevinc Sultanovanın 4-cü sinif şagirdi Minaxanım Mirzəbəyli (nəzəriyyə müəllimi Tutu Hüseynova) Fikrət Əmirovun “Aşıqsayağı” pyesini təqdim etdi.
Zərb alətləri üzrə baş müəllim Firuz Hüseynovun 9-cu sinif şagirdi Məhəmmədəli İbrahimov (nəzəriyyə müəllimi Günay Məhyəddinli) Pol Desmondun “Take Five” əsəri ilə çıxış etdi.
Violin ixtisası üzrə Arzu Rzayevanın 10-cu sinif şagirdi Şəhla Qazıyeva (nəzəriyyə müəllimi Şəfəq Hacıyeva) Pyotr Çaykovskinin 2 №-li Skertsosu haqqında bəhs etdi.
Vokal ixtisası üzrə Ofeliya Axundovanın 1-ci sinif şagirdi Rasim Əfəndiyev (nəzəriyyə müəllimi Aytən Baxşiyeva) Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını şərh etdi.
İllər öncə professor Tərlan Seyidovun layihəsi əsasında reallaşan elmi-ifaçılıq konfransı hər il olduğu kimi, bu il də rəngarəng proqramla özünün yüksək əhəmiyyətini nümayiş etdirdi.
Tutu Hüseynova
musiqişünas