18 aprel 2025-ci il
Bakı Musiqi Akademiyasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert baş tutdu.
18 aprel 2025-ci il tarixində Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirildi.
Tədbir “Solo oxuma” kafedrasının opera hazırlığı bölməsinin tələbələri tərəfindən təqdim olundu. Gənc vokalçıların ifasında dünya və Azərbaycan opera klassikasından səhnələr səsləndirildi. Proqram, həm musiqisevərlər, həm də peşəkarlar tərəfindən böyük maraq və alqışla qarşılandı.
Konsertdə səslənən səhnələr aşağıdakı əsərlərdən seçilmişdi:
C. Verdi – Traviata
F. Əmirov – Sevil
Ü. Hacıbəyli – Arşın mal alan, Firuzə, Leyli və Məcnun
R. Koççante – Notre Dame de Paris
P. Çaykovski – İolanta, Yevgeni Onegin
V. A. Mosart – Fiqaronun toyu
S. Raxmaninov – Aleko
T. Quliyev – Qızılaxtaranlar
Gənc ifaçılar səhnədə həm vokal ustalıqları, həm də səhnə davranışları ilə yadda qaldılar. Konsert Üzeyir Hacıbəyli irsinin yeni nəsil tərəfindən necə sevildiyini və yaşadıldığını bir daha nümayiş etdirdi.
Tədbir, Azərbaycan musiqi sənətinin inkişafına xidmət edən uğurlu layihələrdən biri kimi dəyərləndirildi.
Sonda Xalq artisti, Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının müdiri, professor Xuraman xanım Qasımovanın Azərbaycan vokal məktəbinin inkişafında misilsiz xidmətləri qeyd olundu, tamaşaçılar da gurultulu alqışları ilə öz dərin təşəkkür və hörmətini ona bildirdilər.
Qeyd edək ki, konsertin rejissoru Əməkdar artist Nicat Kazımov, konsertmeyster isə Nabat Bağırovadır.