• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 mart 2025-ci il 

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş möhtəşəm konsert keçirildi

    7 mart 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin estrada heyətinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olundu. Tədbir 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuşdu və incəsənət sevərlər üçün unudulmaz musiqi axşamı vəd edirdi.

    Konsertin bədii rəhbəri və baş hərbi dirijoru Əməkdar incəsənət xadimi, dosent, polkovnik Rüfət Axundzadə idi. Zəngin repertuara malik olan tədbirdə müxtəlif janrlarda seçilmiş əsərlər səsləndi. Tamaşaçılar Azərbaycan və dünya musiqisinin incilərini estrada ifaçılarının və orkestrin peşəkar musiqiçilərinin təqdimatında dinləmə fürsəti qazandılar.

    Gecədə Əməkdar artist Xəyyam Mustafazadə, Aynur İsgəndərli, Nərmin Abdullayeva, Günay Qasımova, Afət Cavadova, Kənan Qədimov kimi vokalçılar, eləcə də pianoçu Ceyhun Əliyev, saksofonçular Fərhad Cəfərov, Rauf Muradov və Fizuli Malikov, nəfəs alətləri ifaçısı Namiq Qurbanov, tar və bas gitara ifaçısı Atabəy İsmayılov, zərb alətləri ifaçıları Cəlal Süleymanov və Ramiz Sevdiməliyev öz parlaq çıxışları ilə gecəyə rəng qatdılar.

    Tədbirin proqramında Fikrət Əmirovun “Popuri (Mən səni araram, Göygöl)”, Sevil Əliyevanın “Ana”, Oqtay Kazıminin “Bakının qızları”, Rəşid Behbudov repertuarından “Bu şəhərdə”, Yeganə Axundovanın “Soyuqlaşdın”, eləcə də dünya klassikası sayılan Frenk Sinatranın “Fly me to the moon”, Elvis Preslinin “Falling in love”, Joe Hisaishinin “Mononoke him”, Kenny G-nin “Havana” və digər məşhur əsərlər yer aldı. Konsertin finalında isə orkestr Herbie Hancock-un məşhur “Chameleon” əsərini ifa edərək tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

    Bu unudulmaz gecə bir daha göstərdi ki, musiqi sərhədsiz bir sənətdir və onun sehrində hər kəs özünə yaxın duyğular tapa bilir. Bakı Musiqi Akademiyası bu kimi tədbirlərlə mədəni irsimizi qorumağa, klassik və müasir musiqini təbliğ etməyə davam edir.