• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 dekabr 2024-cü il

    BMA-nın İxtisas musiqi məktəb-studiyasının şagirdlərinin “Yeni il” və “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibəti ilə konserti

     

    29 dekabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının müxtəlif yaş kateqoriyalarına aid gənc musiqiçiləri BMA-nın Kiçik zalında “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı münasibəti ilə çıxış etdilər. Bayram əhval ruhiyyəli tədbir rəngarəng nömrələrlə dinləyicilərin zövqünü oxşadı.

    Vurğulanmalıdır ki, Azərbaycanın görkəmli musiqi xadimi, alim, pedaqoq, İxtisas musiqi məktəb-studiyasının yaradıcısı, professor Tərlan Seyidovun 40 ildən artıq rəhbəri olmuş dolğun fəaliyyəti ilə fərqlənən məktəb-studiya daim gənc musiqiçilərin təlim-tərbiyə və musiqi təhsilləri istiqamətində yeniliklərə hesablanmış bir çox innovasiyalı layihələrə imza atmışdır. Bu addım milli musiqi mədəniyyətimizin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

    Tərlan Seyidovun ənənələri bu gün də vaxtilə böyük alimlə çiyin-çiyinə çalışmış dosent Sevda Məmmədovanın rəhbərlik etdiyi məktəb-studiya kollektivi tərəfindən davam etdirilir və yüksək nailiyyətlərə yol açır.

    Konsert BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, dosent Sevda Məmmədova tərəfindən açıq elan edildi. O, ön sözlə çıxış edərək tədbirə qatılan hər kəsi “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı münasibəti ilə təbrik etdi və tarixə qısaca nəzər salaraq fəxarət hissi ilə bütün Azərbaycanlıların həmrəy və bir olmasından danışdı. Sevda xanım Ulu Öndər Heydər Əliyevin Azərbaycanlıların həmrəyliyinə olduqca böyük önəm verdiyindən və bu istiqamətdə mühüm addımlar atdığından bəhs etdi.

    Qarşıdan gələn bayramın şən ab-havasını özündə əks etdirən konsertdə məktəb-studiyanın müxtəlif ixtisasları üzrə – fortepiano, violin və vokal siniflərində təhsil alan şagirdlər bir-birindən maraqlı əsərlər təqdim etdilər. Konsert proqramına Azərbaycan və xarici bəstəkarlarının əsərləri daxil olmuşdur.

    Konsertin ilk dəqiqələri kiçik yaşlı şagirdlərimizin ifaları ilə yadda qaldı. Yenicə musiqi aləminin sehrinə qapılmış, yeni və maraqdoğuran biliklərə sahiblənən uşaqların səhnə həyəcanı və sevinci dinləyicilər tərəfindən duyulurdu.

    Bayram əhval-ruhiyyəli tədbir Əməkdar müəllim Aişə Əliyevanın sinfində təhsil alan 2-ci sinif şagirdi Aida Budaqovanın ifası ilə başladı. Onun fortepianoda səlis şəkildə ifa etdiyi xalq mahnısı mövzusunda “Variasiyalar” dinləyicilər tərəfindən maraqla qarşılandı. Fortepiano ixtisası üzrə kiçik yaş kateqoriyasına aid olan ifalar arasında 2-ci sinif şagirdləri Hiranur Qənbərli (müəl. Dilarə Salayeva), Ulduzə Hacıyeva (müəl. Nuranə Zeynalova), Sünbül Şabanzadə (müəl. Anna İsrafilova), Cəmil Həsənli (müəl. Nuranə Zeynalova), bundan əlavə 3-cü sinif şagirdləri Uğur Həşimzadə (müəl. Anna İsrafilova), Leyla Salayeva (müəl. Nərminə Əliverdi-zadə), Həcər Əsədullayeva (müəl. Dilarə Salayeva), Mədinə Musayeva (müəl. dosent Mədinə Tuayeva) və Məryəm İsmayılova (müəl. Nuranə Zeynalova) fərqli ifalar sərgiləyərək, konsertə ayrı bir rəng qatdılar.

    Tədbirin ən kiçik iştirakçısı – məktəb-studiyanın violin ixtisası üzrə müəllimi Arzu Rzayevanın 1-ci sinif şagirdi Humay Kəlpizadə N.Baklanovanın “Mazurka” əsərini təqdim etdi. Arzu xanımın daha bir kiçik yaşlı şagirdi – 2-ci sinifdə oxuyan Aylin Məhərrəmli də əldə etdiyi bilik və bacarığını əzmkarlıqla nümayiş etdirməyə çalışdı. Şagirdlərin ifası fortepianoda BMA-nın müəllimi Zöhrəxanım Salamova tərəfindən müşayiət olundu.

    Fortepiano ixtisası üzrə daha böyük yaş kateqoriyasına aid olan gənc musiqiçilərdən – müəllim Nuranə Zeynalovanın şagirdləri Mehdi Kərimli (4-cü sinif), Səidə Əliyeva (5-ci sinif), Cəmilə Sadıxova (6-cı sinif), Rauf Bağırzadə (7-ci sinif), dosent Sevinc Sultanovanın 4-cü sinif şagirdi Minaxanım Mirzəbəyli, müəllim Nərminə Əliverdi-zadənin 4-cü sinif şagirdləri Nadir Rüstəmxanlı və Safira Bayramova, dosent Sevda Məmmədovanın 5-ci sinif şagirdi Aişə Əliyeva, müəllim Dilarə Salayevanın 7-ci sinif şagirdi Qədimova Maryam müxtəlif musiqi əsərləri ifa edərək hər bir musiqi parçasının obraz-emosional cəhətini tam açıqlığı ilə göstərə bilmişdilər.

    Violin ixtisası üzrə yuxarı sinif şagirdləri arasında professor Məleykə Əhədzadənin 6-cı sinif şagirdi – Səid Əfəndizadə J.Fiokkonun “Allegro”sunu özünəməxsus tərzdə ifa etdi. Konsertmeyster qismində məktəb-studiyanın təcrübəçi-tələbəsi Nəzrin Məhərrəmli çıxış edirdi. Violin alətində digər ifaçı – müəllim Naira Qulamovanın 6-cı sinif şagirdi Mirzəzadə Emiliya görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun yaradıcılığından “Lirik vals” musiqi nömrəsini təqdim etdi. Şagirdi təcrübəçi-tələbə Adıgözəlov Əli müşayiət edirdi.

    Qeyd olunmalıdır ki, Məktəb-studiya BMA-nın “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrası ilə daim əməkdaşlıq edir və tələbələrin həmin müəssisədə geniş şəkildə təcrübə keçmələrinə imkan yaradır.  

    Rəngarəngliyi ilə seçilən bayram konsertində yuxarı sinif şagirdləri tədbirə daha böyük coşqu qatdılar. Belə ki, məktəb-studiyanın vokal ixtisası üzrə müəllimi Ofeliya Axundovanın 8-ci sinif şagirdi Kamilə Mahmudova və 10-cu sinif şagirdi Rafiq Mirzəyev maraqdoğuran çıxışları ilə bütün auditoriyanın diqqətini cəlb etməyi bacarmışdılar. İlk olaraq, zərif və incə səsə malik Kamilə Mahmudovanın ifasında Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun “Alagöz” əsəri səsləndi. Lirik dəqiqələrdən sonra isə hər iki şagirdin – Rafiq Mirzəyev və Kamilə Mahmudovanın zövq oxşayan ifası – dahi Üzeyir Hacıbəylinin şah əsərlərindən biri “Arşin mal alan” operettasından “Vəli və Tellinin dueti” səsləndi. Onların obraz və xarakter baxımından yüksək səviyyədə nümayiş etdirdikləri musiqi parçası konsertin nikbin şəkildə bağlanışına səbəb oldu.

    Xüsusilə vurğulamaq lazımdır ki, Məktəb-studiya öz şagirdlərinə qarşı daim qayğı ilə yanaşır, onların uğurlarını yüksək qiymətləndirir. Tədbir gedişatında bütün iştirakçılara Məktəb-studiya rəhbərliyi tərəfindən bayram hədiyyələri təqdim olundu. Əlbəttə ki, şagirdlərə göstərilən bu qayğı və xoş münasibət onların daha böyük uğur və nailiyyətlər qazanmalarına səbəb olur.

    BMA-nın İxtisas musiqi məktəb-studiyası hər zaman olduğu kimi, Azərbaycan musiqi mədəniyyətinin inkişafına və zəngin musiqi irsimizin qorunmasına xidmət edir. Bu səbəbdən gənc musiqiçilərin düzgün şəkildə yetişdirilməsi və istiqamətləndirilməsi Məktəb-studiyanın ümdə amalı və məqsədidir.

     

    Ü.Hacıbəyli adına BMA-nın İxtisas musiqi

    məktəb-studiyasının böyük elmi işçisi,

    musiqişünas Şəfəq Hacıyeva