5 noyabr 2024-cü il
Şanlı “Zəfər günü”nə məktəb-studiyanın ərməğanı
Artıq 4-cü ildir ki, bütün Azərbaycan xalqının böyük coşğu və həyəcanla gözlədiyi və qeyd etdiyi 8 noyabr – “Zəfər günü”nə sayılı günlər qalıb. Qəhrəman ordumuzun böyük şücaətlə əldə etdiyi bu zəfər kiçikdən böyüyə hər bir azərbaycanlı üçün ən sevimli bayrama çevrilmişdir. Odur ki, hər il ərazi bütövlüyümüzün tam bərpa olunduğu, mərdlik və rəşadət simvoluna çevrilmiş “Zəfər günü”nə həsr olunmuş silsilə tədbirlər günün əhəmiyyətini vurğulamaqda və daim yaddaşlarda yaşatmaqda mühüm rol oynayır.
Hər il olduğu kimi, bu il də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyası əlamətdar gün münasibətilə tədbir həyata keçirmişdir. Belə ki, 5 noyabr, 2024-cü il tarixində BMA-nın Kiçik zalında İxtisas musiqi məktəb-studiyasının 8-ci sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Cəlalə İsmayılzadənin (Əməkdar müəllim Kamilla Əmirovanın sinfi) şanlı “Zəfər günü”müzə həsr olunmuş solo konserti baş tutmuşdur. Gənc və istedadlı pianoçu tədbirdə dünya musiqi mədəniyyətinin ən dəyərli simalarının əsərlərini – F.Mendelsonun e moll Skertsosu (op.16, №2), S.Raxmaninovun g moll Barkarollasını (op.10), A.Eşpayın d moll tokkatasını və nəhayət, F.Pulenkin 2 Novelletasını (C dur, b moll) səsləndirmişdir.
Xüsusi musiqi duyumu və istedadına, zərif aplikaturaya malik gənc musiqiçi ifa etdiyi əsərlərin obraz-emosional təbiətini və mahiyyətini aydın çatdırmağa müyəssər olmuşdur. XX əsrin görkəmli rus bəstəkarı Sergey Raxmaninovun Barkarolla əsəri C.İsmayılzadənin yozumunda olduqca diqqətəlayiq səslənirdi. Melanxolik cizgilərlə zəngin bu pyes dinləyici auditoriyası tərəfindən maraqla qarşılandı. F.Mendelsonun Skertsosu isə onun kifayət qədər hazırlıqlı texniki qabiliyyətlərini sərgiləyirdi.
Qeyd etmək lazımdır ki, kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlayan Cəlalə İsmayılzadə yerli və Beynəlxalq müsabiqələrdə daim müvəffəqiyyətlə iştirak edir və vətənimizi uğurla təmsil edir. O, Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihələrində fəal iştirakına görə təhsil nazirinin təşəkkürü və diplomu ilə təltif olunmuşdur. Pianoçu – 1-ci Beynəlxalq “CAMERTON” (QRAN-PRİ Qazaxıstan, Nur-Sultan, 2021), “Akademik, xalq və caz musiqisi” (2020-ci il, 2-ci yer), Heydər Əliyev adına IV Respublika müsabiqəsi (2023, 2-ci yer), “VİVA AZERBAİJAN” (canlı ifa, QRAN – PRİ, 2024) və s. kimi əhəmiyyətli yarışmalarda iştirak etmiş və yüksək qiymətləndirilmişdir.
Sonda tədbirin təşəbbüskarı, İxtisas musiqi məktəb-studiyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova çıxış edərək gənc musiqiçinin parlaq istedadını vurğuladı və Cəmalənin uğurlarında böyük zəhməti olan yorulmaz pedaqoq, Əməkdar müəllim Kamilla Əmirovaya öz təşəkkürünü bildirdi.
Günay MƏHYƏDDİNLİ
Məktəb-studiyanın elmi işçisi, musiqişünas