• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 fevral 2024-cü il

    Məktəb-studiyanın istedadlı şagirdlərinin musiqi çələngi

     

    15 fevral 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında İxtisas musiqi məktəb-studiya şagirdlərinin konserti baş tutmuşdur. Öncə məktəb-studiyanın böyük elmi işçisi və müəllimi Şəfəq Hacıyeva ön sözlə çıxış edərək tamaşaçı auditoriyasını salamladı. Daha sonra 2023 – 2024-cü tədris ilində baş tutan məktəb-studiya şagirdlərinin yer aldığı növbəti konsert proqramı açıq elan olundu.

    Konsertdə Avropa musiqi tarixinin müxtəlif dövrlərə aid bəstəkarların – Mutsio Klementi, Yozef Haydn, İohan Bax, Frederik Şopen, Ferens List, Ferdinand Ris, Anri Vietan, İohan Rembt, Roman Bajilin, habelə, Azərbaycan mədəniyyətinin görkəmli simalarının – Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayevin əsərləri dinləyicilərə təqdim olunmuşdur. Məktəb-studiyanın çoxillik təcrübəyə malik pedaqoqlarının – Əməkdar müəllimlər Ayişə Əliyeva, Nərgiz Mansurova və dosent Mədinə Tuayeva, dosentlər Sevda Məmmədova və Gülnarə Quliyeva, o cümlədən, müəllimlər Ofeliya Axundova, Arzu Rzayeva, Gülnar Mirqasım, Minaxanım Aslanova, Firuz Hüseynovun fortepiano, violin, orqan, vokal, zərb alətləri sinfi üzrə şagirdləri uğurla çıxış etdilər.

    Tədbirin ilk nömrəsi məktəb-studiyanın fortepiano ixtisası üzrə 2-ci sinif şagirdi (Əməkdar müəllim Ayişə Əliyeva) Mehriban Abbaslının ifasında dinləyicilərə çatdırıldı. XVIII əsr italyan bəstəkarı Mutsio Klementinin op.36 №1 sonatinası kiçik qız tərəfindən uğurla səsləndirildi. Konsertə Ayişə xanımın digər şagirdləri Leyla Mahmudlu (3-cü sinif) və Fəxriyyə Əhmədzadə (8-ci sinif) İ.S.Bax yaradıcılığına müraciət edərək onun d moll kiçik prelüdünü və 2 №-li Partitadan simfoniyanı təqdim etdilər.

    Əməkdar müəllim Nərgiz Mansurovanın şagirdləri – Seyfpour Saad Arash (4-cü sinif), Hüseyn Quliyev (6-cı sinif), Gülər Mahmudzadə (8-ci sinif), Solmaz Əliyeva (11-ci sinif), Şəhla Yusibova (11-ci sinif), Abdullayeva Zeynəb (11-ci sinif) Y.Haydn, F.Şopen, F.List yaradıcılığından ən diqqətəlayiq nümunələri səsləndirərək dinləyici auditoriyasını XIX əsr romantizminin melanxolik atmosferinə köklədilər.

    Dosent Sevda Məmmədovanın şagirdləri Safiya Zeynalova (3-cü sinif) və Aylin Nəsirova (6-cı sinif) F.Əmirov və İ.S.Bax yaradıcılığına müraciət edərək öz gözəl ifalarını dinləyicilərin diqqətinə çatdırdılar.

    İfalar arasında dosent Mədinə Tuayevanın 3-cü sinif şagirdi Axundzadə Məryəmin təqdim etdiyi Y.Haydnın Fa major sonatası dinləyicilərin böyük marağına səbəb olmuşdur. O, kiçik yaş qrupuna aid olduğuna baxmayaraq, Avropa klassik musiqisinin ənənəvi ifa xüsusiyyətlərini məharətlə sərgiləmişdir.

    Gülnar Mirqasımın şagirdləri orqan alətində İ.Baxın Xoral və C-dur prelüd və fuqasını (№ 4) təqdim etdilər. Ayla Əhədova (5-ci sinif), Maryam Qədimova (7-ci sinif) və Xanım Rüstəmovanın orqanda Bax ifası dinləyiciləri barokko dövrü çalarlarını bərqərar etdi.

    Dosent Gülnarə Quliyevanın sinfi violində məlahətli ifaları ilə dinləyici kütləsinə xoş əhval-ruhiyyə bəxş etdilər. Anton Rubinşteynin Melodiya (kons. – Fəqan Həsənli), Fikrət Əmirovun “Sevgi rəqsi” 7-ci sinif şagirdi Əmirhüseyn Əlişanlı və 8-ci sinif şagirdi Yusuf Məmmədlinin ifasında olduqca təsirli səslənirdi. F.Kreysler yaradıcılığından Allegro baş müəllim Minaxanım Aslanovanın şagirdi Fatimə Tapdıqovanın ifasında violində səsləndirildi. Baş müəllim Arzu Rzayevanın violin sinfi üzrə şagirdləri Şəhla Qazıyeva (9-cu sinif) və Elmir Hüseynov (10-cu sinif) Ferdinand Risin “Davamlı hərəkət” və Anri Vietanın Tarantella əsərlərini canlandırdılar.

    Tədbirin lirik məqamları xüsusilə dinləyicilərin zövqünü oxşayırdı. Ofeliya Axundovanın şagirdləri Mail Manafov (6-cı sinif), Əsgərzadə Etibar (7-ci sinif), Kamilə Mahmudova (7-ci sinif) Çezare Biksio, Tofiq Quliyev, Müslüm Maqomayevin yaradıcılığından ən gözəl vokal əsərləri səsləndirdilər. Etibar Əsgərzadənin ifasında məşhur “Odlar yurdu” (M.Maqomayev) mahnısı tamaşaçıları lirik-vətənpərvər ab-havaya köklədi.

    Qeyd olunmalıdır ki, tədbirin maraqlı tərəflərindən biri adət olunmuş klassik alətlərin mövcudluğundan başqa alışılmamış tembrlərin də yer almasıdır. Belə ki, konsertin sonuncu nömrəsi məktəb-studiyanın zərb alətləri ixtisası üzrə təhsil alan şagirdləri (Firuz Hüseynovun sinfi) – Miraqil Mirzəzadə (zərb alətləri qurğusu), Rüfət Məmmədov (marimba), Məhəmmədəli İbrahimov (marakas və kajon) və məktəb-studiyanın təcrübəçi-tələbəsi Aliyə Məmmədovanın (konsertmeyster) birgə ifasında təqdim olundu. Roman Bajilin kovboyun hekayəsini təcəssüm etdirən işıqlı, məzəli ab-havaya malik əsəri əsrlərdir mövcud olan və neçə-neçə romanlara mövzu olan bu peşə sahiblərinin həyat tərzini olduqca maraqlı və cəlbedici ritmlərdə əks etdirir. Daha çox Afrika və latın Amerikası musiqisində istifadə olunan marakas Antil adalarının yerli sakinlərinin – Taino hindularının ən qədim zərb alətidir və silkələdikdə xarakterik xışıltılı tembr yaranır. Kajon (ispanca cajón – qutu) isə ağacdan və ya digər materiallardan hazırlanmış qutuya bənzər Peru musiqi alətidir.

    Son çıxış dinləyicilərdə yüksək əhval-ruhiyyəni bərqərar etdi. Konsert tamaşaçıların gurultulu alqışları ilə başa çatdı.

    Sevindirici haldır ki, məktəb-studiyada şagirdlərə qeyri-adi tembr xüsusiyyətlərinə malik alətlərdə ifa öyrədilir. Xüsusilə də qeyd olunmalıdır ki, Respublika musiqi məktəbləri üzrə yalnız məktəb-studiyada orqan ifaçılığı fənni tədris olunur.

     

    Günay MƏHYƏDDİNLİ

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının

    Orta ixtisas musiqi məktəb-studiyasının elmi işçisi