• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 oktyabr 2023-cü il

    2023-cü il 27 oktyabr tarixində Bakıda yerləşən Rus Evində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti Arif Məlikovun anadan olmasının 90 illiyinə həsr olunmuş konsert keçirilmişdir.

    Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bakıdakı Rus Evinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

    Bayram gecəsinin əvvəlində Bakıdakı Rus Evinin şöbə müdiri Dmitri Yeqorov toplaşan ictimaiyyət qarşısında salamlama nitqi ilə çıxış etdi.

    Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın professoru Zemfira Qafarova çıxışında Arif Məlikovun musiqi sənətinin inkişafındakı tarixi xidmətləri və rolu haqqında məlumat verdi.

    Tədbir zamanı zalda olan tamaşaçılar həmçinin A.Məlikovun istedadının çoxşaxəli olması, o cümlədən rəssamlıq və poeziya sahəsində, onun yaradıcılıq yolunda mühüm mərhələlər, musiqiçinin yaradıcılığının maraqlı və tərcümeyi-halından az məlum olan faktları, eləcə də bəstəkarlığın hər bir sahəsində innovativ nailiyyətlər haqqında məlumat əldə edə bildilər. Bütün məlumatlar tədbirin aparıcıları və kuratorları – BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova və BMA-nın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina tərəfindən müzakirə edilib.Çıxışlarda ayrı-ayrılıqda görkəmli musiqiçinin həyatında Ümummilli Lider Heydər Əliyevin rolu, onların səmimi, mehriban dostluq münasibəti vurğulanıb. Təsadüfi deyil ki, Arif Məlikov simfoniyalarından birini bu il 100 illik yubileyi qeyd olunan Ümummilli Liderə həsr edib. Tədbir zamanı dövrün iki dahi şəxsiyyətinin dostluğunun rəmzi olaraq həmin Səkkizinci “Əbədiyyət” simfoniyasının lentə alınmış fraqmenti də təqdim olundu.Bütünlüklə A.Məlikovun yaradıcılığının incilərindən ibarət musiqi proqramı Azərbaycan Respublikasının Əməkdar Artisti Aleksey Miltıx, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Renata Abubəkirova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın müəllimi Nərgiz Kəngərli, BMA-nın məktəb-studiyasının müəllimləri Ofeliya Axundova və Nuranə Zeynalova, beynəlxalq müsabiqələr laureatı Emil Malıgin, həmçinin Bülbül adına Orta ixtisas musiqi məktəbinin şagirdi Rəna Mirağayeva və konsertmeyster Sevinc Kərimovanın ifasında səslənmişdir.Bayram gecəsində tamaşaçılara bəstəkarın həyat və yaradıcılığına aid foto və videomateriallar da təqdim olunub.Konsertin ayrıca hissəsində Aytən İbrahimovanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq – Qərb” nəşriyyatında çapdan çıxmış Arif Məlikovun yaradıcılığına həsr olunmuş elmi araşdırmasının təqdimatı olmuşdur.Tədbirdə müasir Azərbaycan bəstəkarlarının, yaradıcılıq və elmi dairələrin, ictimai təşkilatların nümayəndələri, o cümlədən Arif Məlikovun ailə üzvləri iştirak ediblər.