• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 may 2023-cü il

    Məktəb-studiyanın istedadları Sumqayıt şəhər Qara Qarayev adına 1 №-li Uşaq Musiqi Məktəbinin səhnəsində

     

    Müxtəlif yönümlü fəaliyyəti ilə seçilən, mütəmadi olaraq yeni layihələrə imza atan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası 2022 – 2023-cü tədris ilində, Vətənimizin şanlı tarixinə adını qızıl həriflərlə yazdırmış Ulu öndər Heydər Əliyevin 100-illik yubileyi münasibəti ilə bir sıra maraqlı tədbirlərlə çıxış etmişdir. 30 may 2023-cü il tarixində Sumqayıt şəhər Qara Qarayev adına 1 №-li Uşaq Musiqi Məktəbində təşkil olunmuş məktəb-studiyanın şagird və təcrübəçi tələbələrindən ibarət konsertin keçirilməsi də həmin tədbirlər sırasına aid edilmişdir.

    Bu layihənin keçirilməsi ilk növbədə məktəblərarası yaradıcılıq əlaqələrinin möhkəmlənməsinə xidmət edərək, musiqi təhsili sahəsində qarşılıqlı əlaqələr prinsipinin zəruriliyini vurğulayır. Eyni zamanda, bir çox yaradıcı işlərin təşəbbüskarı kimi hər zaman ön sıralarda olan məktəb-studiyanın əsas prioritetlərindən biri uzun illər bu müəssisənin musiqi elmi və təhsili sahəsində qazanılmış uğurlarını ölkə üzrə fəaliyyət göstərən Uşaq Musiqi Məktəbləri ilə paylaşması olmuşdur.

    Azərbaycanın gözəl guşələri arasında xüsusi tarixə və adət-ənənəyə malik Sumqayıt şəhərində mədəniyyət və incəsənət sahəsi üzrə inkişafa doğru yönəlmiş önəmli addımlar atılır. Hələ 1950-ci illərdə Sumqayıtda təməli qoyulmuş Mədəniyyət şöbəsi, sonrakı dövr üçün bu sahədə fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət Məktəbləri, Mədəniyyət evləri və klublarının yaradıcı çalışmaları burada böyüməkdə olan gəncliyin hərtərəfli inkişafından xəbər verir.

    Sumqayıt şəhər Qara Qarayev adına 1 №-li Uşaq Musiqi Məktəbində yüksək səviyyədə təşkil olunmuş məktəb-studiya şagirdlərinin konserti musiqisevərlər tərəfindən isti münasibətlə qarşılanmış və böyük marağa səbəb olmuşdur. Tədbir bir-birindən gözəl çıxışlarla yaddaşlarda qalmışdır. İlk olaraq, konsertin aparıcısı, məktəb-studiyanın böyük elmi işçisi Şəfəq Hacıyeva ön sözlə çıxış etdi və həmin günün böyük əhəmiyyətindən söhbət açaraq dünya şöhrətli siyasətçi, müdrik rəhbər, Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin Azərbaycanın bir müstəqil dövlət kimi inkişafı yolunda əvəzsiz xidmətlərindən bəhs etdi. Eyni zamanda o, Ulu öndərin elm və mədəniyyət sahəsindəki məqsədyönlü işlərini, incəsənət sahəsinə və bu istiqamətdə çalışan görkəmli xadimlərə bəslədiyini xüsusi məhəbbət və rəğbəti vurğuladı.

    Rəngarəngliyi ilə maraq doğuran tədbirdə Azərbaycan və xarici bəstəkarlarının yaradıcılıqlarından götürülmüş nadidə musiqi nümunələri ifa olunmuşdur. Şagirdlər arasında Azərbaycanın görkəmli bəstəkarı, milli musiqi xəzinəmizə böyük töhfələr vermiş və musiqi mədəniyyətimizə bir çox yeniliklər gətirmiş Fikrət Əmirovun sevilən əsərlərinə müraciət edənlər olmuşdur. Onların arasında, dosent Sevda Məmmədovanın 5-ci sinif şagirdi, fortepiano ixtisası üzrə təhsil alan Aylin Nəsirova dəyərli bəstəkarın “Lay-lay” əsərinin obraz-emosional tərəflərini göstərərək, özünəməxsus şəkildə ifa etmişdir. Fikrət Əmirov lirikasına müraciət edərək violin ixtisası üzrə 8-ci sinif şagirdi Səid Güləliyev “Xatirə” adlı musiqi parçasını təqdim etdi. İfaçı violinin incə və həzin səsindən məharətlə istifadə edərək bu əsərin dərin fəsəfəsini tamaşıçılara ötürə bilmişdir. Xüsusilə vurğulanmalıdır ki, bu əsəri Fikrət Əmirov dahi bəstəkarımız Üzeyir bəyin vaxtsız vəfatından sarsılaraq onun əziz xatirəsinə həsr etmişdir. Dolğun ifanın ərsəyə gəlməsində məktəb-studiyanın müəllimi Naira Qulamovanın xüsusi əməyi olmuşdur. Digər iki musiqi nümunəsi – Fikrət Əmirovun fortepiano yaradıcılığından 1 və 2 №-li ekspromtlar idi. Obraz və texniki xırdalıqlar baxımından mürəkkəb olan əsərləri, Əməkdar müəllim Nərgiz Mansurovanın 10-cu sinif şagirdləri – Respublika müsabiqəsi laureatları Şəhla Yusibova və Solmaz Əliyeva ifa etmiş və xüsusi qabiliyyət sərgiləyərək coşqulu alqışlara səbəb olmuşdular.

    Tədbirə gözəllik qatan nömrələr arasında romantizm cərəyanına aid musiqi inciləri də nümayiş olunmuşdur. Belə ki, Əməkdar müəllim Nərgiz Mansurovanın 3-cü sinif şagirdi Araş Seyfpour Saad təkrarolunmaz bəstəkar Frederik Şopenin “Unudulmuş vals” fortepiano əsərini özünə əmin şəkildə ifa etmişdir.

    Frederik Şopenin yaradıcılığına müraciət etmiş şagirdlərimizdən digəri – Əməkdar müəllim Ayşə Əliyevanın 7-ci sinif şagirdi, Respublika müsabiqəsi diplomantı və Beynəlxalq müsabiqə laureatı Davud Ağalar, bəstəkarın ən sevimli aləti – fortepianoda, ifa baxımından qəlizliyi ilə seçilən etüdü (№ 5 op.10 sol-bemol major) böyük ustalıqla nümayiş etdirmişdir.

    Kiçik yaşına baxmayaraq, öz yaşıdları arasında ifası ilə fərqlilik sərgiləyən fortepiano ixtisası üzrə 5-ci sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Hüseyn Quliyev romantizm dövrünə aid bəstəkar – Frans Şubertin yaradıcılığından Mi-bemol major ekspromtunu ifa edərək, həmin dövrün ecazkarlığını və məftunediciliyini bir daha vurğulamışdır. Şübhəsiz ki, Hüseynin peşəkarlığa doğru yüksəlməyində yüksəkixtisaslı müəllimi Nərgiz Mansurovanın rolu çox böyükdür.

    Məktəb-studiyanın peşəkar, davamlı olaraq öz fəaliyyətini genişləndirən müəllim heyəti daim çalışır ki, əldə etdikləri bilik və bacarıqlarını öz şagirdlərinə aşılasınlar. Hər zaman fərqli janr və üslublara üstünlük verən məktəb-studiya pedaqoqları şagirdlərin proqram seçiminə xüsusi önəm verirlər. Belə ki, klassisizm və romantizm istiqamətləri ilə yanaşı, müəllimlər şagirdlərin ritm və improvizasiya xüsusiyyətlərini inkişaf etdirən caz üslubuna da mütəmadi olaraq üz tuturlar. Bu istiqamətdə aylarla üzərində gərgin iş aparılan musiqi əsərlərindən bir nümunə də – Milan Dvorjaka aid Caz etüdü fortepiano ixtisası üzrə 2-ci sinif şagirdi Məryəm Axundzadənin ifasında səsləndi. Dəqiq ritm, melodik xətt və caz üslubuna xas harmoniya ifaçı tərəfindən aydın şəkildə göstərildi. Caz muisiqisinin səciyyəvi ritm və harmoniya elementlərini Məryəm Axundzadəyə peşəkarlığı ilə seçilən məktəb-studiyanın müəllimi, dosent Mədinə Tuayeva öyrətmişdir.

    Maraqlı əsərlər arasında Azərbaycanın dəyərli bəstəkarlarından biri Məmməd İsrafilzadənin “Elegiya”sı idi. Bu əsər çello ixtisası üzrə 8-ci sinif şagirdi, Beynəlxalq müsabiqə diplomantı Əbdülfariz Məmmədzadə tərəfindən məharətlə ifa olundu (müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahirə Mustafayeva).

    Parlaq musiqi nömrələrindən biri, faşizm dövrünün dəhşətli məqamlarını, insanlığın faciəsini səciyyələndirən Jon Villiamın məşhur “Şindlerin siyahısı” əsəri olmuşdur. Məktəb-studiyanın müəllimi Naira Qulamova ifaçılara düzgün şəkildə istiqamət verərək bu əsərin ərsəyə gəlməsində böyük əmək sərf etmişdir. 8-ci sinif şagirdləri Beynəlxalq müsabiqələr laureatı Əbdülfariz Məmmədzadə və Səid Güləliyev hüzünlə dolu musiqi parçasını ifa edərək, həmin ab-havanı canlandıra bilmişdilər.

    Nömrələr arasında daha bir əsər – alman bəstəkarı Karl Bomun İntroduksiya və polonezidir. Bu musiqi nümunəsini dosent Gülnarə Quliyevanın 7-ci sinif şagirdi Beynəlxalq müsabiqə diplomantı Yusuf Məmmədli ifadəli şəkildə tamaşaçılara təqdim etdi.

    Norveç bəstəkarı Rolf Lovlandın məşhur “Song from a secret garden” musiqi əsəri tədbirə başqa bir rəng qatmış oldu. Bu əsərin işləməsi, məktəb-studiyanın elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimovaya aiddir. İfa etdilər – 11-ci sinif şagirdləri Yasəmən Əhədova (violin) və Beynəlxalq müsabiqə diplomantı Xatun Quliyeva (fleyta). Musiqili nömrənin hazırlanmasında məktəb-studiyanın müəllimi Naira Qulamovanın xüsusi rolu olmuşdur.

    Məktəb-studiyanın qabaqcıl şagirdlərindən biri 11-ci sinif şagirdi, Beynəlxalq müsabiqə diplomantı fleyta ifaçısı Xatun Quliyeva (müəllim Nəzrin Əmirli) daha bir çıxışı ilə – hər kəsin sevimlisi, bəstəkar Tofiq Quliyevin “Səhər nəğməsi”ni ifa etdi. O, Avropaya məxsus alətdə – fleytada Azərbaycan milli çalarlarını xüsusi incəliklə göstərə bilmişdir və tamaşaıların zövqünü oxşamışdır.

    Vokal ixtisası üzrə məktəbimizdə təhsil alan 6-cı sinif şagirdimiz Etibar Əsgərzadə məlahətli səsi ilə bütün auditoriyanın diqqətini çəkmişdir. O, səhnəyə ilk çıxışında italyan bəstəkarı Ernesto De Curtisin “Torna a Surrento” əsərini ifa etmişdir və böyük peşəkarlıq tələb edən muisiqi parçasının öhdəsindən məharətlə gələ bilmişdir. Vokal sənətinin akademik pilləsini keçmiş və yüksək peşəkarlığı ilə seçilən məktəb-studiyanın müəllimi Ofeliya Axundova hər bir şagirdinin individual xüsusiyyətlərini nəzərə alaraq, onlara fərqli şəkildə yanaşır. Etibar Əsgərzadə də Ofeliya Axundovanın istedadlı yetirmələrindəndir. Qeyd edək ki, onun şagirdlərindən biri – Beynəlxalq müsabiqələr laureatı Teymur Kazımov hazırda N.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının tələbəsidir və mütamadi olaraq Rusiyada keçirilən müxtəlif dövlət tədbirlərində Azərbaycanı təmsil edir.

    Ulu öndərin 100-illik yubileyinə həsr olunmuş möhtəşəm tədbir Etibar Əsgərzadənin ifasında səslənən Tofiq Quliyevin “Azərbaycan” əsəri ilə təntənəli şəkildə yekunlaşdı. Bütün iştirakçılar Sumqayıt dinləyiciləri tərəfindən alqışlandı.

    Xüsusilə qeyd olunmalıdır ki, bu konsertdə məktəb-sudiyanın müəllim kollektivi ilə yanaşı, həmin müəssisənin təcrübəçi tələbələri də şagirdlərimizə dəstək olmuşdular. Bunlar Elmar Hüseynov, Rəna Əhmədova, Məryəm Məmmədova idi.

    Tədbirin sonunda Sumqayıt şəhər Qara Qarayev adına 1 №-li Uşaq Musiqi Məktəbinin direktoru, eyni zamanda vaxtilə məktəb-studiyanın məzunu olmuş istedadlı tarzən və pedaqoq Vüqar Hacıyev məktəb-studiyanın müəllim və şagird kollektivinə uğurlu çıxış münasibəti ilə təbrik və təşəkkürünü bildirdi.

    Təməli, görkəmli musiqi xadimi, professor Tərlan Seyidov tərəfindən qoyulmuş və 40 ildən artıq fəaliyyət göstərən BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası qabaqcıl musiqi ocağı olaraq, Azərbaycan musiqi mədəniyyətinin və Azərbaycan gəncliyinin inkişafı üçün hər zaman xidmət edəcək.

     

    Şəfəq HACIYEVA

    BMA-nın məktəb-studiyasının böyük elmi işçisi