• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 yanvar 2019-cu il

    25 Yanvar 2019-cu il tarixində Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, professor Zəhra Quliyeva və onun tələbələrinin konserti keçirilib.


    Pedaqoji fəaliyyətinin 40 illik hesabatına həsr etdiyi konsert proqramında ilk olaraq Zəhra Quliyeva özü səhnəyə çıxıb. O, XIX-XX əsrlərin qovuşuğunda yaşamış görkəmli ingilis bəstəkarı Edvard Elqarın əvvəlcə violin və fortepiano üçün yazdığı, sonradan simfonik orkestrin müşayiətilə ifa olunmaq üçün işlədiyi “Salut d’amour” əsərini ifa edib. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Vyana Konservatoriyasının məzunu, “Xəzər virtuozları” orkestrinin bədii rəhbəri və baş dirijoru Mustafa Mehmandarovun idarəsi ilə çıxış edəcəyi də konsertə marağı xeyli artırıb.
    Zəhra xanımın ardınca növbə onun yetirmələrinə çatıb. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistrantı Səbinə Quliyeva və tələbəsi Aydan Salamova simli alətlər üçün şah əsərlər bəstələmiş Antonio Vivaldinin “İki violin və orkestr üçün konsert”ini ifa ediblər.
    Bunun ardınca adı dünya musiqi tarixinə virtuoz violin ifaçısı və bəstəkar kimi düşmüş Pablo Sarasatenin ispan rəqsləri motivləri əsasında “Tsapateado” əsərini BMA-nın III kurs tələbəsi Xədicə Mirqulamlı, Kamil Sen-Sansın “Violin və orkestr üçün 3-cü konserti”nin I hissəsini Bülbül adına Orta ixtisas musiqi məktəbinin şagirdi Çinarə Əzimova, Ernst Şossonun “Poema”sını musiqi akademiyasının magistrantı Nəzrin Aslanlı ifa ediblər. Xatırladaq ki, öz mükəmməl ifası ilə klassik musiqi həvəskarlarından bol alqış və gül dəstəsi qazanan hər üç ifaçı beynəlxalq müsabiqələr laureatıdır.
    Konsertdə sonuncu səslənən Yan Sibeliusun “Violin və orkestr üçün konserti”nin ifası bir qədər sürpriz olub. Belə ki, konsertin I hissəsini beynəlxalq müsabiqələr laureatı, Bülbül adına məktəbin 11-ci sinif şagirdi Osman Mustafazadə, II və III hissələrini isə hazırda təhsilini Almaniyada davam etdirən beynəlxalq müsabiqələr laureatı Fəridə Rüstəmova səsləndirib.
    Proqram bitincə Zəhra xanım öz tələbələri ilə səhnəyə çıxaraq, Mədəniyyət Nazirliyinə, filarmoniyanın rəhbərliyinə və konsertin ərsəyə gəlməsində əməyi keçən bütün heyətə, Azərbaycan Dövlət Simfonik Orkestrinə və onun bədii rəhbəri, baş dirijoru, Xalq artisti Rauf Abdullayevə minnətdarlıq edib. Konsert bütün dinləyicilərin gur alqışları ilə sona çatıb.