• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 iyul 2026-cı il

    9 iyul 2026-cı il tarixində Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasında tanınmış tədqiqatçı, aparıcı elmi işçi,

    dosent Rauf Bəhmənlinin təqdimatında görkəmli zurna-balaban ustadı Əli Kərimovun musiqi irsinə həsr olunmuş silsilə elmi seminarın növbəti hissəsi  keçirildi.

    Seminarda Əli Kərimovun Azərbaycan musiqi mədəniyyətindəki mühüm yeri, onun yaratdığı rəqs nümunələrinin sənət tariximizdə oynadığı rol geniş şəkildə işıqlandırıldı. Tədqiqatçı bildirdi ki, Şirvan bölgəsinin tanınmış ustad sənətkarı olan Əli Kərimovun yaratdığı “Badamı” “Çəhrayı”,  “Alma gülü”, “Alça gülü”, “Heyva gülü”, “Bənövşə”, “Yasəməni”, “Əfruzə”, “Sima”, “Qəhrəmanı” və digər çoxsaylı rəqslər bu gün də ifaçılar və dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanır.

    Rauf Bəhmənli çıxışında Əli Kərimovun musiqisinin müxtəlif variantları və zamanla fərqli ifa ənənələrində formalaşmış nümunələri haqqında da ətraflı məlumat verdi. Tədqiqatçı qeyd etdi ki, bəzi əsərlər müxtəlif bölgələrdə fərqli adlarla və fərqli melodik xüsusiyyətlərlə yaşamaqdadır ki, bu da onların elmi şəkildə müqayisəli tədqiqini zəruri edir. Hətta Əli Kərimovun melodiyalarının ermənilər tərəfindən plagiat halları da tədqiqatçı tərəfindən elmi əsaslarla aşkar edildi.

    Seminarda xüsusilə diqqət çəkən məqamlardan biri də müəllifə aid olmayan bəzi rəqslərin sonradan Əli Kərimovun adına çıxarılması ilə bağlı aparılan tədqiqatlar idi. Rauf Bəhmənli hazırda bu istiqamətdə geniş araşdırmalar apardığını, mənbələr əsasında rəqslərin müəlliflik məsələlərini dəqiqləşdirməyə çalışdığını bildirdi. O, həmçinin Əli Kərimovun adları təhrif olunmuş rəqsləri barədə çıxış edərək, əsərlərin orijinal adlarının və tarixi mənbələrdəki düzgün formalarının bərpasının vacibliyini vurğuladı.

    Əli Kərimovun filmlərdə istifadə olunmuş rəqs melodiyalarının tədqiqi də Rauf Bəhmənlinin növbəti dəyərli araşdırma istiqamətlərindəndir. Seminarda tədqiqatçı filmlərdən müxtəlif nümunələri seminar iştirakçılarına təqdim etmişdir.

    Tədqiqatçı dövrümüzdə Əli Kərimovun əsərlərinin təhrif olunması, adlarının səhv yazılması və mənimsənilməsi halları ilə bağlı konkret faktlar təqdim etdi. O, bu məsələyə yalnız musiqişünaslıq baxımından deyil, həm də milli mədəni irsin qorunması istiqamətində mühüm bir elmi mübarizə kimi yanaşdığını qeyd etdi. Seminar zamanı “Turşəngi”, “Azərbaycan dağları”, “Hicazi”, “Tamara” (“Əntiqə”), “Uzun dərə”, “Sünbülü”  və digər rəqslərlə bağlı müxtəlif tarixi mənbələrdən nümunələr göstərildi, onların müxtəlif dövrlərdə başqa adlarla təqdim olunması faktları diqqətə çatdırıldı. Tədqiqat çərçivəsində “Əhməd haradadır?” filmində Əli Kərimovun melodiyalarının istifadəsi mövzusuna geniş toxunulmuşdur.

    Rauf Bəhmənli çıxışı boyunca müxtəlif arxiv materiallarından, kitab və elmi mənbələrdən sitatlar gətirərək tədqiqat işinin elmi əsaslarını möhkəmləndirdi. Seminar iştirakçılarına rəngarəng musiqi nümunələri təqdim olundu, müxtəlif ifa variantları müqayisəli şəkildə nümayiş etdirildi.

    Seminarda həmçinin vurğulandı ki, Əli Kərimovun əsərləri ötən dövrlərdə bir sıra görkəmli alimlər, o cümlədən Üzeyir Hacıbəyli, Bayram Hüseynli, Səid Rüstəmov, Rauf Hacıyev tərəfindən nota alınmışdır. Tədqiqatçı tərəfindən unudulmaqda olan ənənəvi rəqslərin toplanması, nota köçürülməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində aparılan işlər xüsusi maraqla qarşılandı. Rauf Bəhmənlinin hazırladığı nəşrlərdə də Əli Kərimov yaradıcılığına geniş yer ayrıldığı bildirildi.

    Seminarın sonunda iştirakçılar Əli Kərimovun musiqi irsinin araşdırılması və təbliği istiqamətində keçirilən bu cür elmi tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək, ustad sənətkarın zəngin yaradıcılığının gələcək nəsillərə çatdırılmasının vacibliyinə toxundular. Rauf Bəhmənliyə dərin minnətdarlığını bildirən iştirakçılar ona gələcək elmi fəaliyyətində uğurlar arzuladılar.

    Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasının əməkdaşları bu kimi müxtəlif mövzulu elmi tədbirlərlə Azərbaycan musiqi irsinin qorunması, öyrənilməsi və inkişafına töhfə verməyə davam edir.

    İLAHƏ QİSMƏT q. ABDULLAYEVA

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru, elmi işçi, bəstəkar