30 iyun 2026-cı il
“Bakı musiqi folkloru” layihəsi çərçivəsində Bakının Zığ kəndinin musiqi irsi tədqiq olunur
30 iyun 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqatlLaboratoriyası “Bakı musiqi folkloru” layihəsi çərçivəsində növbəti elmi-folklor ekspedisiyasını Bakının qədim yaşayış məskənlərindən biri olan Zığ kəndinə həyata keçirdi. Bu təşəbbüs, Azərbaycanın paytaxtətrafı bölgələrində mövcud olan musiqi irsinin tədqiqi, öyrənilməsi, elmi əsaslarla sistemləşdirilməsi və qorunması məqsədi daşıyır.
Elmi-folklor ekspedisiyası BMA-nın elm və innovasiyalar üzrə prorektoru, Əməkdar İncəsənət xadimi, professor Gülnaz Abdullazadənin Bakı şəhər Mədəniyyət İdarəsinə ünvanladığı rəsmi müraciəti əsasında həyata keçirilmişdir. Səfərin əsas məqsədlərindən biri bu bölgənin sakinlərinin yaddaşında qorunub saxlanılan müxtəlif ənənələrin aşkar olunaraq qeydə alınmasıdır. Layihə çərçivəsində də Zığ kəndinin musiqi folkloru haqqında məlumatlar əldə olunmuş, bu bölgəyə xas musiqi ənənələrinin özünəməxsus xüsusiyyətləri öyrənilmişdir.
Təşkil edilən ekspedisiyada elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin rəhbərliyi altında sənətşünaslıq üzrə fəlsəfə doktoru, elmi laboratoriyanın böyük elmi işçisi Aynur Əliyeva və sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Günel Bəkirova iştirak etmişlər. Ekspedisiya zamanı elmi laboratoriyanın müdiri N.İsmayılzadə tərəfindən musiqiçilər və yerli sakinlərlə geniş söhbətlər aparılmış, müxtəlif mövzular ətrafında geniş və maraqlı müzakirələr təşkil olunmuşdur. Tədbirdə tanınmış nağara ifaçısı Hüseynqulu Abdullayev, S.Rüstəmov adına XÇA orkestrinin üzvü Oqtay Mürşüdov, Zığ kənd kitabxanasının müdiri Raxulova Natəvan, Zığ kənd Mədəniyyət evinin metodisti Günel Eyvazova, Fizzəxanım Baxışova, kamança ifaçısı Samitxan Mürşüdov, qarmon ifaçısı Etibar Əliyev, Balayev Ramin, Baxışov Fateh və digər musiqiçilər, eləcə də kənd sakinləri iştirak etmişdirlər.
Səfər zamanı bölgəyə məxsus toy mərasimləri, el şənlikləri, ailə-məişət ənənələri, ifa olunan xalq mahnıları və rəqsləri, muğam ifaçılıq ənənələri, instrumental ifaçılıq sənəti, həmçinin Novruz və digər milli bayramların keçirilmə xüsusiyyətləri barədə dəyərli məlumatlar əldə edilmişdir. Kənd sakinləri tərəfindən Zığ kəndində uzun illər ərzində formalaşmış və nəsildən-nəslə ötürülərək bu günədək yaşadılan adət-ənənələr, mərasimlər və s. haqqında geniş məlumat verilmişdir. Xüsusilə, burada qız və oğlan toy məclislərinin təşkili, gəlingətirmə mərasimi, sarpayıların toylarda rolu, bu bölgənin məşhur musiqiçiləri və s. haqqında söhbətlər aparılmışdır.
Toplanmış materiallar gələcək elmi tədqiqatlar üçün mühüm mənbə olmaqla yanaşı, Bakı ətrafı bölgələrin musiqi-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi
Günel Bəkirova

