11 iyun 2026-cı il
11 iyun 2026-cı ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasında böyük elmi işçi Zeynal İsayevin
“Azərbaycan milli çalğı aləti SAZın konstruktiv xüsusiyyətləri. Baş və şah pərdələrin akustik xarakteristikaları” və kiçik elmi işçi Sevda İsayevanın “Sazın tarixi və Azərbaycan musiqi mədəniyyətində yeri” mövzusunda birgə elmi seminarı keçirilmişdir.
Məruzəçi Sevda İsayeva çıxışının əvvəlində sazın əcdadı olan qopuzun yaranma tarixi və ozan sənəti haqqında ətraflı məlumat vermişdir. Ozan sənəti minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da Şah İsmyıl Xətainin dövründə indiki saz formasını almışdır. Tanınmış saz ifaçıları və məşhur aşıq havaları haqqında məlumat verildikdən sonra ustad sənətkar Ədalət Nəsibovun “Yanıq Kərəmi” aşıq havası səsləndirilmişdir. Bir çox Azərbaycan filmlərində aşıq sənəti və saz ifaları mühüm yer tutduğundan, “Yeddi oğul istərəm” və “Tütək səsi” filmlərindən fraqmentlər göstərilmişdir.
Seminarı davam etdirən məruzəçi Zeynal İsayev Azərbaycan sazının bəzi akustik (amplitud-tezlik) xarakteristikaları, habelə rezonatorlarında baş verən akustik proseslər haqqında məlumat vermiş və bu prosesləri tar, kamança, ud və s. simli alətlərdə baş verən rezonans prosesləri ilə müqayisə etmişdir. Zeynal müəllim həmçinin baş və şah pərdələrin spektral analizi nəticəsində əldə olunan spektroqramları və oradakı obertonların amplitud-tezlik xarakteristikaları haqqında geniş məlumat verərək, onlara aid müvafiq diaqramlar və videogörüntülər nümayiş etdirmişdir.
Seminarda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyanın dosenti, saz və aşıq musiqisi üzrə yüksək səviyyəli mütəxəssis Mübariz Əliyev iştirak edərək, aşıq musiqisi və saz ifaçılığı haqqında çox maraqlı məlumatlar vermiş, belə bir mövzuya müraciət edildiyinə görə BMA-nın və laboratoriyanın rəhbərliyinə öz minnətdarlığını bildirmişdir. Mübariz müəllimin ifasında səslənən “Misri” saz ifası seminar iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır.
Sonda elmi–tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə xanım İsmayılzadə Mübariz müəllimə seminarda iştirakına görə kollektiv adından təşəkkürünü bildirmiş, məruzəçilərə isə öz tövsiyə və məsləhətlərini vermişdir. Diskussiyaya səbəb olan mövzu ətrafında sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi, professor Arif müəllim Əsədullayev saz haqqında çox maraqlı faktlar danışmış, saz musiqisi haqqında öz fikirlərini seminar iştirakçıları ilə bölüşərək, məruzəçilərə uğurlar arzulamışdır.
Zeynal İsayev
BMA–nın elmi-tədqiqat laboratoriyasının
böyük elmi işçisi
