9 iyun 2026-cı il
Müasir texnoloqiyalarının bəstəkar yaradıcılığında tətbiqi yolları
9 iyun 2026-cı il tarixində Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanaloqiya və akustika” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant Əfəndiyev Ayxanın “Müasir texnoloqiyalarının bəstəkar yaradıcılığında tətbiqi yolları” adlı seminarı baş tutmuşdur.
XX-əsrin 30-cu illərindən etibarən global səviyyədə inkişaf etməkdə olan texnoloqiya və innovasiyalar müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Günümüzün Musiqi elmində də texnoloji yenilikdər geniş istifadə edilməkdədir. Burada xüsusi önəmi bu innovasiyaların əsas göstəricilərindən olan musiqi alətləri tutur. Ayxan Əfəndiyev bir musiqişünas olaraq müasir musiqi dilini, ifadə vasitələrini yaradıcılığlarında istifadə edən Azərbaycan və xarici bəstəkararın əsərlərini öyrənməyə və təbliğ etməyə davam edir.
Seminarda adlarını nadir hallarda duyduğumuz ancaq müasir musiqinin formalaşmasında vacib rollara malik olan termenvox, marten dalğaları, maqnit lenti və.s kimi bir sıra alətlər haqqında söz açılmışdır. Onların yaranma tarixi, ixtiraçıları, alətlərin texniki özəllikləri və bu günə kimi davam edən təkamül yolu haqqında geniş məlumat verilmişdir. Müasir xarici bəstəkarları yaradıcılığında əhəmiyyətli yerə malik olması qeyd edilmişdir. Bu bəstəkarlar arasında, O.Messian, E.Varez, D.Ligeti, C.Keyc və digərlərinin adları çəkilməlidir. Azərbaycanda isə texnoloji yeniliklərdən (xüsusən maqnit lenti səslənməsindən) yaradıcılığında geniş istifadə edən Firəngiz Əlizadə, Vasif Adıgözalov, Fərəc Qarayevin əsərləri mütləq vurğulanmalıdır.
Məruzəçi XXI əsrin musiqi mədəniyyətində və ifaçılığında aparıcı yer tutan sintezator alətinin yaranması, tarixi və istifadə edildiyi əsərlərə diqqəti yönəltmişdir. Bir sıra musiqi nömrələri, partitura-videolar və foto şəkillər nümayiş etmişdir.
Seminar əsnasında elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə mövzunun əhəmiyyətini vurğulayaraq gənc musiqiçilərin müasir texnoloqiyalardan agah olmasının vacibliyini dilə gətirdi. Diskussiyalarda marağla iştirak edən laboratoriyasının böyük elmi işçisi, akustika mütəxəssisi Zeynal İsayev bu sahədə öz bilik və təcrübələrini dinləyicilərlə böluşdü. Laboratoriyanın aparıcı elmi işçisi, peşəkar bəstəkar Rüfət Ramazanov müasir innovasiyalardan istifadənin əhəmiyyətli dərəcədə bəstəkarın əsərdə qoyduğu ideyadan asılı olduğu fikrini bildirdi və bu mövzuya müraciət etmənin cəsarət tələb etdiyini söylədi.
Kamança ustadı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi professor Arif Əsədullayev, Azərbaycanın xalq artisti, dosent Zümrüd Məmmədova, elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva mövzu ətrafında məruzəçiyə marağlı suallarını yönləndirdilər. Dinləyicilər Ayxan Əfəndiyeva gələcək araşdırmalarında uğurlar dilədilər.
Əli Əliyev
BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi

