• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 aprel 2026-cı il

    “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasının  böyük elmi işçisi, xanəndə, Xalq artisti Zümrüd Məmmədova və laboratoriyanın elmi işçisi,

    bəstəkar İlahə Abdullayevanın müştərək elmi seminarı keçirilmişdir.

    Seminar “XX əsr Azərbaycanda qadın xanəndələrinin yaradıcılığı və ifaçılıq xüsusiyyətləri (1900-2000 illər) mövzusunu əhatə etmişdir.

    Seminarda muğamın tarixi və onun inkişaf mərhələləri, Azərbaycanda tarixən məhşur olan bir sıra qadın xanəndələrinin adları açıqlanmış, eyni zamanda onların ifaçılıq xüsusiyyətlərinin bəzi üslub keyfiyyətləri göstərilmişdir.

    Seminarın müəllifləri Z.Məmmədova və İ.Abdullayeva muğam ifaçılarının sırasında qadın xanəndələrinin Azərbaycanda muğam-ifaçılıq sənətinin inkişafında böyük və əvəzolunmaz rolunu qeyd etmiş və onların ifa tərzinin,  eyni zamanda, müasir dövrümüzdə də nümunə ola biləcək üslub xüsusiyyətlərinin bugünə qədər gəlib çatmasını vurgulamışlar. Seminar iştirakçıları qadın xanəndələrinin ifa tərzinin araşdırılmasını, Azərbaycanın müxtəlif regionlara xas olan muğam məktəbləri əsasında göstərmış və təhlil etmişlər.

    Belə ki, ilk növbədə Şamaxı ifaçılıq məktəbinin nümayəndəsi kimi milli mədəniyyət tarixinə qızıl hərflərlə yazılan xanəndə Mirzə Güllər xanımın ifası seminar iştirakçılarına təqdim edilmişdir. Eyni zamanda xanəndə xanımın ifa üslubundakı bəzi xüsusiyyətlər haqqında məlumat verilmiş və 1912-1914-cü illərdə, Almaniyanın Kiyevdəki “Monarx-Rekord” səsyazma şirkətinin  qrammafon valına yazılmış səsi laboratoriya əməkdaşlarına təqdim edilmişdir. Bu səsyazmada seminar iştirakçıları xanəndənin qeyd olunan ifa tərzini, üslub xüsusiyyətlərini bir daha musiqi nümunəsi əsasında dinləmişlər.  

    Bununla yanaşı Azərbaycanda məşhur olan, XX əsrin birinci yarısında yaşamış Keçəçi oğlu Məhəmmədin də (Qarabağ məktəbi) Mirzə Güllər xanımın ifa üslubundan bəhrələnməsi, onun ifaçılıq məktəbindən yararlanması xüsusilə qeyd edilmişdir. Bu iki sənətkar-xanəndənin yaradıcılığının müqayisəvi təhlili, ifaçılıq sahəsində ən vacib və elmi-praktiki baxımından olduqca  əhəmiyyətli olmasını qeyd etmişlər. Zümrüd Məmmədova Mirzə Güllər xanımın ifa üslubunun bu gündə də, eyni zamanda, müasir dövrümüzdə də bir sıra gənc və artıq orta nəsil xanəndələrin yaradıcılığında özünü büruzə verməsi, onun ifasının bir sıra görkəmli xanəndələr üçün məktəb olmasını bir daha təsdiqləyir. Bu baxımdan, zəmanəmizin məşhur xanəndələrindən olan Xalq artistləri Alim Qasımov, Zabit Nəbizadə, Elnarə Abdullayeva və Mirələm Mirələmov kimi ifaçılar bu xanımın üslubundan bəhrələnmişlər. Qeyd etmək lazımdır ki, seminarın əsas məqsədi, adları çəkilən xanəndələrin, əsasən üslub xüsusiyyətlərini təhlil olunaraq araşdırmaqdır. 

    Seminarda muğam sənətimizin parlaq simalarından biri, xanəndə, milli opera sənətimizin yaranmasında və inkişafında müstəsna rolu olmuş, Sürəyya Qacar haqqında olduqca geniş məlumat verilmişdir. Xanəndənin ifasında qrammafon yazısı dinlənilmiş və seminar iştirakçılarına təqdim olunmuşdur.

    Sonda seminar iştirakçıları verilən sualları cavablandırmışlar. Seminarda Ü.Hacıbəyli adına BMA-nın Elmi-Tədqiqat laboratoriyasının əməkdaşları iştirak etmişlər.                      

     RÜFƏT RAMAZANOV

    Ü.Hacıbəyli adına  BMA-nın

    Elmi-Tədqiqat laboratoriyasının

     aparıcı elmi işçisi, bəstəkar