1 aprel 2026-cı il
Aprelin 1-də Azərbaycan Milli Konservatoriyasında “Musiqinin tədqiqi məsələləri” mövzusunda musiqişünaslıq ixtisası üzrə buraxılış kursu tələbələrinin II Respublika elmi konfransı keçirilmişdir. Konfransda müxtəlif ali təhsil müəssisələrinin
– Azərbaycan Milli Konservatoriyası ilə yanaşı, Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri fəal iştirak etmişlər.
Konfransın işi bir neçə istiqamət üzrə təşkil olunmuşdur: etnomusiqişünaslıq, musiqi tarixi və nəzəriyyəsi, ifaçılığın tarixi və nəzəriyyəsi, həmçinin musiqi pedaqogikası bölmələri.
Elmi toplantını Milli konservatoriyanın prorektoru professor Lalə Hüseynova ön sözlə açmış, gənc tədqiqatçıların bu cür elmi konfranslarda iştirakınının əvəzsiz təcrübə olduğunu vurğulamışdır.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tarix-nəzəriyyə fakültəsinin musiqişünaslıq ixtisası üzrə təhsil alan tələbələri də konfransın işinə qatılmışlar. Belə ki, Fəxriyyə Məmmədova “Bədii kəşflər sorağında (musiqişünas Aida Tağızadənin elmi irsinə baxış)”; elmi rəhbər – Z.Dadaşzadə), Aysel Cəfərova (“Universal mövzunun İsmayıl Hacıbəyov təfsiri (‘Paqanini mövzusuna variasiyalar’ haqqında qeydlər); elmi rəhbər – Z.Dadaşzadə)”, Şəhla Cəlilova (“Vaqif Mustafazadənin interpretasiyasında caz və muğam: ‘Bakı gecələri’ mahnısı əsasında”; elmi rəhbər – L.Zöhrabova) mövzuları ilə çıxış etmişlər.
Tədbiri Tələbə Elmi Cəmiyyətinin sədri Zeynəb Bağır idarə etmişdir.
Diskussiya, canlı fikir mübadilə şəraitində keçən bu konfransın qarşıdan gələn buraxılış imtahanına hazırlıq baxımından əhəmiyyəti danılmazdır.
Konfransda Bakı Musiqi Aakdemiyasını Musiqi tarixi kafedrasının müdiri Zümrüd Dadaşzadə təmsil etmişdir.



