31 mart 2026-cı il
“Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasında 1918-ci il mart soyqırımı qurbanlarının xatirəsi anılıb.
31 mart 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasında 1918-ci il mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Mart soyqırımı təkcə Azərbaycan tarixində deyil, dünya tarixində törədilən ən qanlı faciələrdən biridir. Soyqırım nəticəsində ümumilikdə 30 mindən çox, o cümlədən, Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Bakının böyük bir hissəsi xarabalığa çevrilmiş, nadir memarlıq abidəmiz olan “İsmailiyyə” binası, Tağıyev teatrı, “Açıq söz” və “Kaspi” qəzetinin redaksiyaları yandırıldı, “Təzəpir” məscidi dağıdıldı. Mart soyqırımı faciəsinin araşdırılması və bu həqiqətlərin dünyaya yayılması işi Ümumilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlandı 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı” haqqında Prezidentin fərmanında həmin dəhşətli hadisələrə siyasi qiymət verildi, 31 Mart-Azərbaycanlıların soyqırım günü elan edildi.
Tədbirdə laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Azərbaycanlıların soyqırımı günü ilə bağlı fikirlərini laboratoriya əməkdaşlarına çatdırmışdır. Çıxışında 1918-ci il mart hadisələrinin Azərbaycan xalqına qarşı törədilmiş faciəvi cinayət olduğunu qeyd etmiş, həmin hadisələrin tarixi əhəmiyyəti və milli yaddaşdakı yerini diqqətə çatdırılmışdır.
Elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi, Əliyev Əli “1918-ci il mart hadisələri ərəfəsində siyasi partiya və təşkilatların mövqeləri” adlı məqaləsi ilə çıxış etmişdir. Təqdim olunan məqalədə arxiv materialları və şahid ifadələri əsasında 1918-ci il mart hadisələri ərəfəsində, bu hadisələr zamanı Bakıda və onun ətrafında partiya və təşkilatların mövqelərinə obyektiv təhlil cəhdi göstərilmişdir. Bu faciə millətlərarası toqquşmalar xarakteri daşımış, daha konkret desək, 1918-ci il mart soyqrımı zamanı minlərlə müsəlmana qarşı qətliam törədilmişdir.
Tədbirin yekununda mart hadisələri qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir.
Üzeyir Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi Həsənova Günay.

