27 yanvar 2026-cı il
27 yanvar 2026-cı il tarixində Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:
Orqanoloqiya və Akustika” elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi İmina Əliyevanın 70 illiyi münasibəti ilə tədbir keçirildi.
Tədbirdə BMA-nın elm və innovasiya məsələləri üzrə prorektor, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə və laboratoriyanın əməkdaşları iştirak edirdi. İlk öncə Gülnaz xanım İmina Əliyeva haqqında dəyərli fikirlərini səsləndirərək onun haqqında geniş məlumat paylaşdı və ona yaradıcılıq uğurları arzu etdi. O, İmina xanımın elmi fəaliyyətinin bu gün də aktual olduğunu və gənc tədqiqatçılar üçün nümunə təşkil etdiyini vurğulayıb.
Ardından İ. Əliyeva BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin imzası ilə fəxri fərman və hədiyyələrlə təltif olundu. Daha sonra elmi-tədqiqat laboratoriyasının müdiri, alim Nuridə İsmayılzadə çıxış edərək İmina Əliyevanın laboratoriyanın elmi fəaliyyətindəki rolundan danışıb. Qeyd olunub ki, onun apardığı araşdırmalar, müəllifi olduğu elmi məqalə və tədqiqatlar laboratoriyanın əsas elmi istiqamətlərinin fəaliyyətinə müsbət təsir göstərmişdir. Bütün bunlarla yanaşı laboratoriya əməkdaşları sıra ilə İmina xanıma öz xoş arzularını səsləndirdilər. Sonda İmina Əliyeva göstərilən diqqət və qayğıya görə BMA-nın rəhbərliyinə və həmkarlarına dərin minnətdarlığını bildirmişdir.
İmina Əliyeva 25 yanvar 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, zəngin və çoxşaxəli elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycan musiqişünaslıq elminin tanınmış nümayəndələrindən biridir. İmina Əliyeva 1971-1975-ci illərdə A. Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsində, 1975-1981-ci illərdə isə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsində professor K. Səfər-Əliyevanın sinfində təhsil almışdır. Bununla yanaşı, o, 1973-1978-ci illərdə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda “İstehsal proseslərinin avtomatlaşdırılması” fakültəsində ali texniki təhsil almışdır.
İmina Əliyevanın elmi maraqları musiqi ilə yanaşı, dəqiq elmlərlə də sıx bağlı olmuşdur. O, 1983–1986-cı illərdə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun aspiranturasında akademik A. Mirzəcanzadənin elmi rəhbərliyi altında təhsil almışdır. 2018-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini professor Gülnaz Abdullazadənin elmi rəhbərliyi ilə “İnkişaf etmiş müasir musiqi nəzəriyyəsi kontekstində Azərbaycan ladlarının intonasiya sistemi” mövzusunda dissertasiya işi ilə müdafiə etmişdir.
İmina Əliyeva 2013-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Onun pedaqoji fəaliyyəti 1984–1986-cı illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllim kimi başlamış, 1996-cı ildən etibarən isə Bakı Musiqi Akademiyasının Orta İxtisas Musiqi Məktəb-Studiyasında davam etmişdir.
Alimin elmi fəaliyyəti Azərbaycan musiqi nəzəriyyəsində lad–intonasiya problemlərinin araşdırılması istiqamətində xüsusi əhəmiyyət kəsb edir. İmina Əliyeva Azərbaycan musiqisi əsasında lad-intonasiya eşitmə hazırlığına həsr olunmuş praktiki vəsaitlərin müəllifidir. Onun “Azərbaycan ladlarının öyrənilməsi və lad-intonasiya eşitmə qabiliyyətinin inkişafı üzrə praktiki rəhbərlik” adlı fundamental əsəri 2010-cu ildə Bakı şəhərində Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuşdur. Bundan əlavə, “Practical electronic guide for the study of Azerbaijani modes” adlı elektron vəsaiti, eləcə də “Putevodnıye zvezdı” adlı elmi məqalələr toplusu musiqi elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
İmina Əliyeva 20-dən artıq elmi məqalənin müəllifidir. Bu məqalələr nüfuzlu beynəlxalq elmi bazalarda – Web of Science, Scopus, RİNÇ (Yadro) indekslərində yer almış, alimin Hirş indeksi 5-ə çatmışdır. O, Azərbaycanla yanaşı, Belçika, Böyük Britaniya, İsrail, Çin, Polşa, Rusiya, Türkiyə, Monteneqro, Özbəkistan və digər ölkələrdə keçirilmiş 50-dən çox beynəlxalq elmi konfrans, simpozium və konqreslərdə məruzələrlə çıxış etmişdir.
Hazırda İmina Əliyeva Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi-Tədqiqat Laboratoriyasında aparıcı elmi işçi kimi fəaliyyət göstərir.
İLAHƏ QİSMƏT q. ABDULLAYEVA
Elmi tədqiqat laboratoriyasının elmi işçisi, bəstəkar
