21 yanvar 2026-cı il
Azərbaycan xalqının şifahi-ənənəli yaradıcılığı mədəniyyətimizin misilsiz sərvətidir və onun tədqiqi hər zaman öz aktuallığını qoruyub saxlamaqdadır.
Bu məqsədlə, Ü.Hacıbəyli adına BMA-nın elm və innovasiya məsələləri üzrə prorektoru, professor Gülnaz Abdullazadənin müraciəti əsasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin icazəsi ilə elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin təşəbbüsü ilə həyata keçirilən “Bakı musiqi folkloru” adlı layihə çərçivəsində 21 yanvar 2026-cı il tarixində Əmircan kəndinin ziyalıları və seçib-sayılan insanları ilə görüş keçirildi.
Bakının qədim yaşayış məskənlərindən biri olan Əmircan kəndi zəngin tarixi və mədəni irsi ilə yanaşı, özünəməxsus folklor nümunələri ilə də Azərbaycan xalq mədəniyyətində mühüm yer tutur. Kəndin folkloru nəsildən-nəsilə ötürülən mifoloji düşüncələr, əfsanələr, bayatılar, inanclar, mərasimlər və el bayramları vasitəsilə formalaşmışdır. Bu folklor nümunələri Əmircan əhalisinin dünyagörüşünü, mənəvi dəyərlərini və tarixi yaddaşını əks etdirir.
Folklor ənənələrinin yaşadılması sahəsində ardıcıl və məqsədyönlü iş aparan mədəniyyət işçisi, R.Axundov adına Mədəniyyət evinin müdiri, əslən əmircanlı Afət İbrahimova tədbir iştirakçılarını və qonaqları salamladı. Tədbiri giriş sözü ilə açan Nuridə İsmayılzadə qeyd etdi ki, “Bakı musiqi folkloru” layihəsi çərçivəsində Bakı ətrafı kəndlərdə keçirtdiyimiz ekspedisiyalar Bakı ərazisinə məxsus yerli folklor nümunələrinin toplanması, sistemləşdirilməsi və elmi dövriyyəyə daxil edilməsi məqsədini daşıyır ki, bu da müasir etnoşünaslıq tədqiqatlarının aktual istiqamətlərindən biridir. Daha sonra Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant Nigar Bayramova xalq musiqisinə aid materialların toplanması məqsədilə layihə üçün hazırladığı sualları tədbir iştirakçılarına təqdim etdi. Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynur Əliyeva layihə iştirakçısı qismində tədbirdə iştirak edirdi.
Tədbirdə iştirak edən Əmircan kəndinin ziyalısı, bəstəkar, əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudov folklorda musiqinin xalqın yaddaşı və ruhunu əks etdirdiyini izah etdi. Tədbirdə əməkdar artist, aktyor T.Bayramov, aktrisa T.Məmmədova, qarmon ifaçısı N.Hüseynov, skripka ifaçısı S.Cəfərov, klarnet ifaçısı K.Əbülfəzov Əmircan folklorunda toy, nişan, yas mərasimlərinin zəngin folklor elementləri ilə müşayiət olunduğunu vurğuladı. Onlar qeyd etdi ki, toylarda ifa edilən rəqslər, eləcə də xalq mahnıları, baytılar, laylalar və atalar sözləri mərasimin ayrılmaz hissəsidir. Tədbirdə iştirak edən YB-nin üzvü, şairə-qəzəlxan Mahcamal Babayeva Əmircan kəndinin məşhur xanəndə və musiqiçilərinin – A.Abdullayev, Kərim Şərif, Y.Qarayusifli, Ş.İmanov, X.Cəfərovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında özünəməxsus yer tutduğunu qeyd etdi. O vurğuladı ki, XX əsrin ortalarında atası tanınmış klarnet ifaçısı Kərim Şərif Əmircan klubunun nəzdində nəfəsli alətlər ansamblı yaratmışdır ki, bu da kəndin mədəni həyatında mühüm rol oynamışdır.
Əmircanda keçirilən görüşün təşkilində xüsusi rolu olan Əmircan qəsəbə içra nümayəndəsi Əlixan Əliyev kəndin tarixi simasının qorunmasının və müasir infrastrukturla inkişifanın vacibliyindən bəhs etdi. Eyni zamanda Ə.Əliyev Əmircan folklorunun adət-ənənələrinin və mədəni irsinin gələcək nəsillərə çatdırılmasının önəmini qeyd etdi.
Tədbir çox maraqlı və yüksək səviyyədə keçdi. Tədbirdə qonaq qismində digər kəndlərdən olan ziyalılar X.Hüseynova, B.Möhübova, N.Xəlilova, S.Bakıxanova iştirak edirdilər.
Nəticə etibarilə, Əmircan folkloru kəndin sakinləri tərəfindən böyük hörmətlə yaşadılır və gələcək nəsillərə ötürülür. Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının “Bakı musiqi folklru” adlı layihəsinin ekspedisiyaları uğurla işini davam etdirir və ümid edirik ki, Bakının növbəti kəndlərində də bizi səbirsizliklə gözləyirlər.
Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat
laboratoriyasının elmi işçisi N.Bayramova