19 yanvar 2026-cı il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “20 YANVAR FACİƏSİ-AZƏRBAYCAN RESPUBLİKASI MÜSTƏQİLLİYİNİN İLK CARÇISI KİMİ” mövzusunda Dəyirmi Masa keçirilib.
19 yanvar 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının və “Bəstəkarlıq” kafedrasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə elm və innovasiyalar məsələləri üzrə prorektor, Əməkdar İncəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, tədris işləri üzrə prorektor, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva iştirak ediblər.
20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində həm böyük faciə, həm də milli oyanış günü kimi yadda qalmışdır. 20 Yanvar faciəsi Azərbaycan dövlətçiliyinin bərpası yolunda ən ağrılı, lakin həlledici mərhələlərdən biri kimi tarixə düşmüşdür.
Faciəyə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda elmi-tədqiqat laboratoriyasının mərhum əməkdaşı Ariz Abduləliyevin faciədən bir neçə gün sonra öz həyatını riskə ataraq çəkdiyi nadir tarixi fotolar yer alıb.
Dəyirmi masanı giriş sözü ilə açan Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsində xüsusi əhəmiyyət daşıdığını bildirib. O, bu faciənin xalqın milli iradəsini sarsıda bilmədiyini, əksinə, Azərbaycanın müstəqillik yolunda ilk və qətiyyətli addımlarından biri olduğunu vurğulayıb.
Qeyd etməliyik ki, dəyirmi masanın keçirildiyi zaman elmi tədqiqat laboratoriyasının bir neçə əməkdaşı çıxış etmişdilər. Onlardan böyük elmi işçi Əli Əliyevin “1990-cı il 20 Yanvar faciəsi – Azərbaycan xalqının müstəqilliyinə aparan yol”, elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Bəkirovanın “20 Yanvar faciəsinin baş verməsinə zəmin yaradan ictimai-siyasi amillər”, elmi işçi Günay Həsənovanın “20 Yanvar – Unudulmayan tarix” məruzələrini təqdim ediblər. Qeyd edilən hər iki məruzə Əli Əliyevin elmi araşdırma və materialları əsasında hazırlanmışdır. Tədbirin sonunda elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyevanın “XX əsr 60-cı illərində erməni millətçiliyinin təzahürü” məruzəsi ilə çıxış etmişdir.
Azərbaycanın görkəmli bəstəkarı, o zaman SSRİ Ali Sovetinin deputatı olmuş Arif Məlikov öz etirazını Moskvada bildirərək, “Mən ittiham edirəm” kitabını nəşr etmişdir. Bu barədə Gülnaz Abdullazadə, Ceyhun Allahverdiyev maraqlı fikirlərini söyləmişdi.
Yadda qalan məqamlardan biri də elmi tədqiqat laboratoriyasının elmi işçisi Nigar Bayramovanın Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin məşhur “Şəhidlər” şeirini səsləndirməsi oldu.
Bədii hissədə bəstəkarlıq kafedrasının tələbələri Ülvi Hüseynzadə (professor Ceyhun Allahverdiyevin sinfi), Sevgim Musazadə (professor Aydın Əzimovun sinfi), Ağabəşir Bayramzadə (professor Ceyhun Allahverdiyevin sinfi) bəstələdikləri kiçik formalı əsərlərini ifa etmişlər.
Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin ehtiramla yad olunması, tarixi yaddaşın qorunması və gənc nəsillərə azadlıq ideyalarının çatdırılması baxımından böyük əhəmiyyət kəsb edib.
Üzeyir Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi
Həsənova Günay.