• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 dekabr 2025- ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş Dəyirmi Masa keçirilib.

    16 dekabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi və ictimai xadimi, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının təşkilatçılarından biri, dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Akademik Yusif Məmmədəliyev neft-kimya elminə verdiyi töhfələrlə, xüsusilə yüksək oktanlı aviasiya yanacaqlarının istehsalının yeni üsulunu kəşf etməsi ilə şöhrət qazanmışdır. Respublikada bir sıra elmi müəssisə və qurumların təşkili onun adı ilə bağlıdır.

    Tədbiri BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli açaraq akademikin elmi və ictimai fəaliyyətini yüksək qiymətləndirmiş, onun Azərbaycan elminə bəxş etdiyi dəyərlər barədə fikirlərini iştirakçılarla bölüşmüşdür.

    Tədbir çərçivəsində “Həyat formulu” adlı sənədli filmi nümayiş olunub. Film 2005‑ci ildə çəkilmiş, akademik Yusif Məmmədəliyevin həyatına, elmi fəaliyyətinə və Azərbaycan elminə verdiyi töhfələrə həsr olunub.

    Dəyirmi masada müxtəlif məruzələr təqdim olunmuşdur. Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva “Akademik Yusif Məmmədəliyev: portretə cizgilər” adlı çıxışında akademikin ailəsi və elmi fəaliyyəti haqqında danışmış, həmçinin qızı Sevda xanıma məktubundan, “Etiraf” şeirindən parçalar səsləndirib. Çıxışında Yusif Məmmədəliyevin tara olan sevgisindən bəhs etmişdir. Turan Məmmədəliyeva çıxışını Qara Qarayevin “Prelüdiya lya‑major” əsərinin musiqi ifası ilə tamamlamışdır.

    Beynəlxalq müsabiqələr laureatı, “Solo oxuma və opera hazırlığı” kafedrasının müəllimi Güllübəyim Məmmədovanın ifası və Şəhla Quliyevanın müşaiəti ilə Asəf Zeynallının “Ölkəm” əsəri səsləndirilmişdir. İkinci ifa isə “Küçələrə su səpmişəm” olub. İfalar alqışlarla müşaiət olunub.

    Akademikin qardaşı qızı, “Metodika və xüsusi pedoqoji hazırlıq” kafedrasının professoru, əməkdar müəllim Lalə Məmmədəliyeva “Akademik Yusif Məmmədəliyev haqqında xatirələrim” adlı məruzə ilə çıxış edib.

    Tədbirin moderatoru BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə olmuşdur. “Akademik Yusif Məmmədəliyevin elmi kəşfləri haqqında görkəmli alimlərin xatirələri” adlı məruzə ilə çıxış etmişdir. Məruzədən sonra AMEA-nın müxbir üzvü Ayaz Əfəndiyevin, akademiklər Hacıbəy Sultanovun, Məhərrəm Məmmədyarovun , Telman Əliyevin çıxışlarından ibarət qısametrajlı film nümayiş etdirilmişdir.

    Tədbirdə həmçinin elm və innovasiyalar məsələləri üzrə prorektor, Əməkdar İncəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, tədris işləri üzrə prorektor, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, eləcə də akademik Yusif Məmmədəliyevin ailə üzvləri, elmi-tədqiqat laboratoriyasının əməkdaşları, BMA-nın müəllim və tələbələri iştirak edirdilər.

    Son olaraq qeyd etmək lazımdır ki, tədbirdə iştirakçılar akademik Yusif Məmmədəliyevin elmi irsi, Azərbaycan elminin inkişafına verdiyi nailiyyətlər haqqında geniş məlumat əldə ediblər. Bakı Musiqi Akademiyasında belə tədbirlərin keçirilməsi Azərbaycan elmi və mədəni irsinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir və gələcəkdə də görkəmli alimlərin yubileylərinin qeyd olunması davam edəcəkdir.

    Üzeyir Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi Həsənova Günay.