• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 mart 2025-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev adına Konfrans zalında “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqonolofiya və Akustika”

    elmi tədqiqat laboratoriyasının baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Üzeyir Hacıbəyli – 140” çərçivəsində Üzeyir məktəbinin yetirməsi, Xalq artisti, professor, görkəmli bəstəkar Əşrəf Abbasovun anadan olmasının 105 illiyinə həsr olunan elmi-praktiki seminarıkeçirildi. 

    Seminarı Ü.Hacıbəyli adına BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli açıq elan etdi. O, Əşrəf Abbasovun insani keyfiyyətləri, müəllimlik fəaliyyəti haqqında, həmçinin onun ikinci dünya müharibəsi zamanı cəbhədə vuruşduğunu xüsusi qeyd etdi. F.Bədəlbəyli 1965-ci ildə Ə.Abbasovun yaradıcılığının zirvəsində yazdığı, libretto müəllifi Xalq artisti Əfrasiyab Bədəlbəyli olan, Azərbaycan musiqi mədəniyyətində ilk uşaq baleti “Qaraca qız” haqqında söz açdı. Bildirdi ki, olduqca qiymətli bu əsər yenidən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmalıdır. 

    Elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nurida İsmayılzadə tədbir iştirakçılarını salamlayaraq, elmi-praktiki seminarın həm məruzəçisi, həm də moderatoru Səadət Təhmirazqızına söz verdi. Sonra 

    BMA-nın I kurs magistr tələbəsi Orxan Cumayevin ifası və Günel Hacıyevanın müşayiətinin nəfis ifasında (müəllim: Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə) Ə.Abbasovun Violonçel və fortepiano üçün poeması səsləndi. 

    Səadət xanım Azərbaycan bəstəkarlıq məktəbində öz yeri, dəsti-xətti olan Xalq artisti, professor Ə.Abbasov haqqında çəkilən, ssenari müəllifi olduğu və ilk dəfə Mədəniyyət kanalında nümayiş olunan “İlmələrin sədası” adlı sənədli filmi təqdim etdi. O, bəstəkarın anasının xalça toxuduğu zaman vurduğu ilmələrin və kirkidin yaratdığı səsin uşaqlıqdan Əşrəfin ağlına həkk olaraq onu gələcəkdə musiqi səslərinə “düzdüyünü” söylədi. Xalça sənətində olduğu kimi, musiqidə də “səslərin ilməsi” paralelinə əsaslanan Səadət xanım filmin adını məhz bu bənzətməyə görə belə adlandırdığını söylədi. Film də məhz bu təsvirlə başlayır və tamamlanır. Geniş izləyici kütləsi üçün nəzərdə tutulmuş filmdə Əşrəf Abbasovun bütün həyat və yaradıcılığı işıqlandırılmışdır. Filmdə Səadət xanımın bəstəkarın yaradıcılığı haqqında həm elmi, həm də bədii publisistik fikirləri olduqca dəqiq ardıcıllıqla təqdim olunub. Əlbətdə Ə.Abbasov musiqisi məruzəçinin qeyd etdiyi kimi nəsillərdən-nəsillərə çatacaqdır. 

    Tədbir iştirakçılarının olduqca böyük maraqla izlədikləri filmin nümayişindən sonra söz bəstəkarın gəlini, musiqişünas Raya Abbasovaya verildi. “Əşrəf Abbasovun ictimai fəaliyyəti” adlı məruzə ilə çıxış edərək, olduqca maraqlı arxiv materiallarını təqdim etdi. Onun seminarda təqdim etdiyi bütün materialların gələcəkdə kitab halında geniş oxucu kütləsinə təqdim olunması arzu edildi. 

    Ardınca Ü.Hacıbəyli adına BMA-nın tələbəsi Fidan İbrahimova Ə.Abbasovun Fortepiano üçün altı miniatür əsərini ifa etdi. 

    Ü.Hacıbəyli adına BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə “Azərbaycan bəstəkarlıq məktəbində Əşrəf Abbasovun rolu” adlı məruzə ilə çıxış etdi. Onun xalqa olan böyük sevgisini, xalqa xidmətini vurğulayaraq, bu yolda necə çətinliklərdən keçərək, mübarizə apardığından söz açdı. Həmçinin Cəlal Abbasovla onun atası haqqında xatirələrini paylaşdı. 

    “Sənətkar haqqında ən yaxşı söz onun öz sənətidir” söyləyən Səadət Təhmirazqızı yenidən sözü musiqiyə verdi. Ü.Hacıbəyli adına BMA-nın tələbələri vokalist Nigar Əsgərova və onu fortepianoda müşayiət edən Nuray Əliyeva tərəfindən ilk dəfə R.Behbudovun ifasında səslənən musiqisi Ə.Abbasova, sözləri M.P.Vaqifə məxsus olan “Heyran olmuşam” və çox az ifa olunan sözləri A.Şaiqin “Oxu bülbülüm” əsərləri səsləndi.

    Bəsətkarın oğlu Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, professor C.Abbasov, Xalq artisti, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına BMA-nın professoru E.Dadaşova bəstəkarla bağlı xatirələrini seminar iştirakçıları ilə paylaşdı.

    Səadət Təhmirazqızının musiqişünas və musiqi sevər kimi düşüncələrinin əksini tapdığı filmin tədqim olunduğu elmi-praktiki seminar Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin müəllimi Tükəzban Mehdiyevanın 4-cü sinif şagirdi Fəxriyyənin ifasında Ə.Abbasovun Sonatinası ilə tamamlandı. 

     

    Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının 

    böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru 

    Könül Əhmədova-Yusifova