• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 fevral 2025-ci il

    6.02.2025-ci il tarixində Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasında tanınmış tədqiqatçı,

    aparıcı elmi işçisi, dosent Rauf Bəhmənlinin təqdimatında dəyərli sənətkar, zurna-balaban ustadı Əli Kərimovun irsinə həsr olunmuş seminar keçirildi. Əli Kərimov Şirvan bölgəsinin çox məşhur ustad sənətkarlarından olmuşdur. Onun yaratdığı rəqslər bu gün də sevərək ifa edilir. Məsələn, ustad sənətkarın çox məşhur əsərlərindən olan “Alma gülü” , “Alça gülü”, Mehman kinofilimində səslənən “Heyva gülü”, “Bənövşə”, “Yasəməni”, “Çəhrayı”, “Əfruzə”, “Sima” “Qəhrəmanı” və b. çoxsaylı əsərlər onun yaratdığı  tanınmış rəqs nümunələrindəndir.

    Seminarda Rauf Bəhmənli dövrümüzdə Əli Kərimovun əsərlərinin təhrif olunmasından, adlarının səhv yazılmasından bəhs edərək, düzgün məlumatları, faktları vurğuladı. Xüsusilə, tədqiqatçı bu mövzuya müraciətini erməni plagiatı ilə bağlı mübarizəsi kimi dəyərləndirdi. Əli dədənin musiqisinin mənfur düşmənlər tərəfindən plagiata məruz qalması bu gün hər birimizin ağrılı yeridir. Ustad sənətkarın “Çoban yaylağı” (digər adı ilə “Hicazi”, “Gəlin atlandı”)  rəqsi 50-ci illərdə ermənilər tərəfindən çəkilmiş “Şırak bölgəsinin xalq mahnı və rəqsləri” adlı sənədli filmində, toy səhnəsində istifadə edilib. Onun “Turşəngi”, “Tamara”( digər adı “Əntiqə”) rəqsləri də 1927-ci ildə “Şərq xalq nəğmə və rəqsləri” adlı kitabda ermənilər tərəfindən nota alınıb. Təbii ki, belə faktlar olduqca çoxdur. Bunun kimi çoxsaylı ciddi faktlara tədqiqatçı seminarında açıqlama gətirdi. Alim R. Bəhmənli məhz bu plagiat mövzularının araşdırılması məqsədi ilə öz yaradıcılığında belə tədqiqatlara geniş yer ayırır.  Mövzu olduqca əhatəli və maraqlı olduğundan seminarda iştirak edən musiqişünaslar, alimlər ustad sənətkarın Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr barədə ətraflı məlumat əldə edə bildilər. 

    Seminarda tədqiqatçı ustadın əsərlərinin indiyədək çoxsaylı alimlər tərəfindən xüsusilə Ü. Hacıbəyli tərəfindən nota alınmasından danışdı. Əli Kərimovun unudulmaqda olan ənənəvi rəqslərin toplanması və onların gələcək nəsillərə ötürülməsi istiqamətində özünün apardığı tədqiqatlar da xüsusi vurğulandı. Rauf Bəhmənli tərəfindən hazırlanan kitablarda da Əli Kərimov yaradıcılığına diqqət ayrılır. Bir çox rəqsləri nota alınaraq kitabda dərc edilir. Həmçinin alim çıxışı zamanı bu rəqslərin Azərbaycanın musiqi və rəqs mədəniyyətindəki yeri, onların ifa tərzi və qorunması üçün görülən işlər barədə geniş məlumat verdi. 

    Sonra iştirakçılar Əli Kərimovun musiqi irsinin araşdırılması və təbliği istiqamətində aparılan bu cür elmi seminarların vacibliyini qeyd edərək, onun yaratdığı dəyərli musiqi nümunələrinin gələcək nəsillərə çatdırılmasının önəmini vurğuladılar.  Rauf Bəhmənliyə dərin minnətdarlıqlarını bildirərək ona gələcək tədqiqatlarında uğurlar arzu etdilər.

    Bakı Musiqi Akademiyası bu kimi elmi tədbirlərlə Azərbaycan musiqi irsinin qorunması və inkişafına töhfə verməyə davam edəcək. 

     

    İLAHƏ QİSMƏT

    BMA-nın doktorantı, elmi işçisi, bəstəkar