4 fevral 2025-ci il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə Cəfər qızı İsmayılzadənin doğum günü münasibətilə 04.02.2025-ci il tarixində tədbir keçirilib.
BMA-nın professor-müəllim heyəti və dəvət olunmuş qonaqlar da iştirakçılar arasında idi.
Tədbirin fəxri qonaqları arasında Azərbaycanın xalq artisti, tanınmış kamança ifaçısı Şəfiqə Alxas qızı Eyvazova və onun qızı, istedadlı kamança ifaçısı Mehri Əsədullayeva da yer alırdı. Onların da iştirakı tədbirə xüsusi rəng qatdı.
İllərdir Nuridə xanımın rəhbərliyi altında çalışan kollektiv böyük həvəslə onu doğum günü münasibətilə təbrik etdi. Onun elmi fəaliyyəti ilə xalqımızın elm və mədəniyyət sahəsinə verdiyi dəyərli töhfələrini yüksək qiymətləndirdilər. Arzulardakı səmimiyyət kollektivin Nuridə xanımın fəaliyyətindən necə dərindən razı olmasının göstəricilərindən idi.
“Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, 2010-cu ildə isə dosent elmi adını qazanmışdır. Nuridə xanım bir sıra respublika və beynəlxalq əhəmiyyətli konfranslarda məruzələrlə çıxış etmiş, Azərbaycan musiqi mədəniyyətinin tədqiqi sahəsində mühüm işlər görmüşdür. Onun tədqiqatları əsasən musiqinin tarixi, nəzəriyyəsi, və xüsusən Azərbaycan musiqisinin ənənəvi və müasir inkişaf istiqamətləri ilə bağlıdır. Laboratoriyanın rəhbərliyində fəaliyyət göstərdiyi ilk günlərdən etibarən ciddi, əhəmiyyətli layihələrə imza atmış, çoxsaylı elmi-praktiki konfransların: “Azərbaycan musiqi mədəniyyətini inkişafında Heydər Əliyevin rolu”, “Türkiyə Cümhuriyyəti-100”, “Şuşanın Musiqi Mədəniyyəti: Tarix və İnkişaf Perspektivləri” və b. keçirilməsində təşkilatı baxımdan müstəsna xidmətlər göstərmişdir.
Nuridə İsmayılzadə elmi tədqiqatları çərçivəsində Türkdilli ölkələrin milli musiqi alətlərini araşdırılması mövzusuna da xüsusi diqqət göstərmişdir. Onun təşəbbüsü ilə bu mövzuda keçirilən irimiqyaslı layihə “Türkdilli ölkələrin milli musiqi alətləri”adlı beynəlxalq atlas mədəni və elmi tariximiz üçün əlamətdar bir hadisə idi. Azərbaycan da daxil olmaqla Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan kimi ölkələrin yer adlığı layihə Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının icrasında hazırlanmış, monumental atlas Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə dəstəyi ilə ərsəyə gəlmişdir.
Atlas, müxtəlif türkdilli ölkələrin musiqi mədəniyyətini və alətlərini əhatə edən əhəmiyyətli bir mənbədir. Atlasda Azərbaycan da daxil olmaqla, burada Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tükmənistan kimi türkdilli ölkələrin milli musiqi alətləri haqqında ətraflı məlumat verilmişdir. Atlasın məqsədi bu alətlərin tarixi, forması, ifa texnikası və mədəni əhəmiyyətini nümayiş etdirməkdir.
Atlasda hər bir alətin səsi, strukturu və musiqi sahəsindəki rolu haqqında məlumatlar yer alır. Həmçinin, alətlərin sosial və mədəni kontekstdəki yeri və onların müxtəlif bölgələrdəki fərqlilikləri də ətraflı şəkildə tədqiq edilmişdir.
Nuridə İsmayılzadənin bu sahədəki araşdırmaları, həmçinin türkdilli ölkələr arasında musiqi mədəniyyətinin qorunması və inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. O, milli musiqi alətlərinin tədqiqi və yayılmasında fəal iştirak edir, həmçinin bu sahədə müxtəlif beynəlxalq layihələrə də dəstək verir.
Onun elmi fəaliyyəti Azərbaycan musiqisinin dərin köklərini və zəngin ənənələrini beynəlxalq səviyyədə tanıtmağa xidmət edir. Bu araşdırmalar və layihələr musiqi mədəniyyətinin gələcək inkişafına mühüm töhfələrə malikdir. Nuridə xanım bu gün də öz fəaliyyəti ilə elmi tədqiqat laboratoriyasının hər tərəfli inkişafı fonunda Azərbaycanın elm və mədəniyyətinin irəliləməsi üçün aktiv fəaliyyət göstərir. Bütün bu səylər ümumilikdə xalqımızın musiqi elminin inkişafında öz təsirini göstərir və gənc tədqiqatçılarında yaradıcılığına nümunə olaraq onların fəaliyyətinin də stimullaşmasını təmin edir.
Sonda bir daha elmi-tədqiqat laboratoriyasının bütün kollektivi adından Nuridə xanımın əvəzsiz xidmətlərinə görə ona dərin minnətdarlığımızı bildirir və can sağlığı arzu edirik.
İLAHƏ QİSMƏT
BMA-nın doktorantı və elmi işçisi