• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 yanvar 2025-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının

    təşəbbüsü ilə 30.01.2025-il tarixində aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehparə  Rzayevanın 50 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə çıxış edərək yubilyarı təbrik edib və  onun 30 ilə yaxın uzun illəri əhatə edən uğurlu fəaliyyətini yüksək qiymətləndirərək fəxri fərman təqdim etdi.  Həmçinin yubiley tədbirində çıxış edən həmkarları təbriklərlə yanaşı Mehparə Rzayevanın elmi fəaliyyətini dəstəkləyib, ona gələcək işlərində uğurlar arzulayıblar.

     Mehparə Rzayeva 1975-ci ildə anadan olub. O, 1997-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi nəzəriyyəsi" ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2016-ci ildə "Tofiq Quliyevin musiqi dili" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hazırda BMA-nın "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika" elmi-tədqiqat laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır. Bu illər ərzində bir sıra elmi araşdırmalarla məşğul olmuşdur. M.Rzayeva “Tofiq Quliyev yaradıcılığında melodik xüsusiyyətlər” adlı dərs vəsaiti, “Azərbaycan vokalizlərinin səciyyəvi xüsusiyyətləri” və “Müasirlərimiz: bəstəkar Rüfət Ramazanov” adlı monoqrafiyaların müəllifidir.   

    Mehparə Rzayeva elmi fəaliyyətində Azərbaycan musiqi mədəniyyətinin müxtəlif aspektlərini tədqiq edir. Onun dəyərli elmi məqalələrini Azərbaycandan əlavə İtaliya, Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna kimi ölkələrin ciddi elmi jurnallarında da görmək mümkündür. Əhatəli fəaliyyəti ilə o, yerli və beynəlxalq çoxsaylı konfras və tərbirlərdə maraqlı çıxışları ilə seçilməkdədir. "Ü.Hacıbəyli bəstəkarlıq məktəbinin davamçıları" mövzusunda məruzəsi də bu qəbildəndir. Üzeyir Hacıbəylinin bəstəkarlıq ənənələrinin müasir davamçıları haqqında fasiləsiz araşdırmalar aparır və yeni nəsil bəstəkarların fəaliyyətini işıqlandırır. Azərbaycan musiqi mədəniyyətinin tədqiqində göstərdiyi dəyərli xidmətlərinə görə Mehparə xanıma dərin minnətdarlığımızı bildirməklə yanaşı, rəngarəng və aktiv fəaliyyətində  ona uğurlar arzu edir, yeni-yeni zirvələri fəth etməsini diləyirik.

     

    İLAHƏ QİSMƏT

    BMA-nın doktorantı və elmi işçisi, bəstəkar