17 yanvar 2025-ci il
17 yanvar tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Qara Qarayev” adına zalında 20 yanvar faciəsinin 35 illik ildönümünə həsr olunmuş “ 20 yanvar Faciəsi – Azərbaycan Respublikası müstəqilliyinin ilk carçısı kimi”
mövzusunda Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının elmi işçisi Əli Əliyevin elmi seminarı keçirilmişdir.
Ü.Hacıbəyli adına BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva, elm və innovasiyalar üzrə prorektor, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, “Musiqi tarixi” kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanova, “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova, "Humanitar fənnlər” kafedrasının müdiri, filalogiya elmləri doktoru, professor Tərlan Quliyev, “İxtisas fortepiano” kafedrasının müdiri , Əməkdar artist, sənətşünaslıq namizədi, professor Samirə Aşumova, Balakən Uşaq İncəsənət məktəbinin direktoru Arifə Tağıyeva, digər müəllim, professor və tələbələrin iştirak etdiyi tədbirin əvvəlində qanlı 20 Yanvar şəhidləri dərin hörmət və ehtiramla yad edildi.
Giriş sözü ilə çıxış edən Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, bu günün Azərbaycan xalqının yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu, şəhidlərimizin qanı ilə Dövlət müstəqilliyimizin bərpasının mövcudluğunu bildirdi.
Qanlı 20 Yanvar hadisələrinin canlı şahidlərindən olan, o günlərin faciəsini əlində fotoaparatla yaddaşlara həkk edən laboratoriyanın mərhum əməkdaşı Ariz Abduləliyevi yad edən Nuridə İsmayılzadə, məhz həmin tarixi kadrlardan hazırlanan videoçarxı nümayiş etdirdi.
Xalqımızın hər zaman yanında olan ziyalılardan söhbət açan professor Gülnaz Abdullazadə xüsusilə yanvar faciəsində görkəmli bəstəkarımız Arif Məlikovun Vətənə, millətə olan sevgisini, qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatlarla çıxışlarını vurğuladı. 20 Yanvar faciəsinin ağrı-acısını əks etdirən Arif Məlikovun “ Mən ittiham edirəm...” kitabını qeyd edən Gülnaz Abdullazadə, kitabda bəstəkarın faciə ilə bağlı keçirdiyi iztirablarının, şəxsi müşahidələr və dəlillərin, siyasi və hərbi orqanların saxtakarlıqlarını ifşa edən nadir sənədlərin verilməsini bildirdi.
Qanlı hadisələrdən 35 il ötməsinə baxmayaraq, o günləri ürək yanğısı ilə yada salan professor Tərlan Quliyev xalqımızın böyük şairi Bəxtiyar Vahabzadənin qələmə aldığı şeiri söyləyərək, dəhşətli faciənin ağrılı xatirələrini yad edərək bir daha xatirələri canlandırdı.
Xalqın böyük şairi Bəxtiyar Vahabzadənin qələmə aldığı “Şəhidlər” poemasını dərin hüzn və kədərlə söyləyən elmi işçi Nigar Bayramova, qanlı hadisələri misralara həkk olunan ehtiram və qürurla yad etdi.
Daha sonra elmi işçi Əli Əliyev “ 20 yanvar Faciəsi – Azərbaycan Respublikası müstəqilliyinin ilk carçısı kimi” elmi seminar mövzusu ilə çıxışında tarixi faktlara önəm verərək, 1990-cı il 20 yanvar faciəsinin bütün xronoloji gedişatını, o dövrün siyasi abu-havasını, qanlı hadisələri bir daha tədbir iştirakçılarının yaddaşında canlandırdı. O, hadisələrə tarixçi nöqteyi-nəzərindən yanaşaraq şəxsi fikir və müşahidələri, düşüncələri ilə bölüşdü.
Sonda Azərbaycan bəstəkarlarının yaradıcılığında dövrün reallıqları ilə bağlı olan dəyərli sənət əsərlərinin yaranmasını vurğulayan Əli Əliyev, Cövdət Hacıyev “Şəhidlər”, Azər Rzayev “Bakı 90” simfoniyaları, Vasif Adıgözəlov “ Qəm karvanı” və digər əsərlərin hadisənin miqyasını musiqi dili ilə nəql edərək dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynamasını bildirdi.
Tədbir zamanı Ü.Hacıbəyli adına BMA-nın müəllim və tələbələrinin ifasında musiqi nömrələri dinlənildi.
Mehparə Rzayeva
aparıcı elmi işçi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent