• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 oktyabr 2024-cü il

    2024-cü ilin oktyabr ayının 18-də  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında SABAH QRUPLARININ 10 İLLİK YUBİLEYİNƏ həsr olunmuş “DÜNƏN. BU GÜN. SABAH” adlı elmi publisistik jurnalın  təqdimatı keçirildi.

    Jurnalın elmi redaktoru SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatları laureatı, Üzeyir Hacıbəyli adına BMA-nın rektoru, professor F.Ş.Bədəlbəyli tədbiri  giriş sözü ilə açaraq bütün iştirakçıları salamladı və təqdim olunmuş jurnalın  böyük əhəmiyyət kəsb etdiyini vurğuladı, bütün tələbələri böyük uğur münasibətilə təbrik etdi. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin təşəbbüsü ilə ərsəyə gələn elmi-publisistik jurnalda musiqişünaslıq ixtisasında təhsil alan tələbələrin məqalələri yer almışdır. Təqdim olunan jurnalda  BMA-da 10 il ərzində “SABAH” qruplarının tarixi öz əksini tapmışdır. Burada bir sıra konsertlər, festivallar, elmi-praktiki konfranslar, müsabiqələr, “SABAH” ın məzunları, laureatları haqqında maraqlı məqalələr işıqlandırılmışdır. Tədbirdə “SABAH” qruplarında təhsil alan tələbələrin çıxışları  da yadda qalan oldu. Musiqişünaslıq ixtisası üzrə təhsil alan tələbələr - Şəhla Cəlilova, Fəxriyyə Bayramova, Aysel Cəfərova, Günan Heydərova jurnalın ərsəyə gəlməsində iştirak edən BMA-nın bütün professor müəllim heyətinə minnətdarlıqlarını bildirdilər. Qeyd edək ki, nəzəri çıxışlarla yanaşı “SABAH” qruplarında təhsil alan ifaçı tələbələrin də musiqi nömrələri maraqla qarşılandı.  Tədbirdə Beynəlxalq və Respublika müsabiqələr laureatları Hidayət Sadıqbəyli, Namiq Səlimov, Kənan Məmmədzadə, Nuray İsmayılova çıxış edərək, dünya və Azərbaycan bəstəkarlarının maraqlı əsərlərini səsləndirdilər. Sonda musiqişünaslıq ixtisası üzrə “SABAH”qruplarının “Xarıbülbül” xoru çıxış edərək tədbirə yekun vurdu.