• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 oktyabr 2024-cü il

    “X Beynəlxalq Kitab sərgisi” çərçivəsində Tərlan Seyidovun “Fərhad Bədəlbəyli. Musiqiyə səyahət” kitabının təqdimatı

     

    Cəmiyyəti mənəvi və ideoloji təsir baxımından formalaşdıran, təşəkkülə doğru yönləndirən məqamlardan biri mütaliə etmə bacarığıdır ki, bu faydalı vərdiş hər bir fərdə kiçik yaşdan valideyn və müəllim tərəfindən aşılanır. Qürurverici haldır ki, dövlətimiz tərəfindən də xalqımızın maariflənməsi və dünyagörüşünün artırılması, sağlam ruhlu gənclərin yetişdirilməsi istiqamətində çox böyük dəstək göstərilir və bir çox mədəni layihələrin keçirilməsinə geniş şərait yaradılır.

    Bu baxımdan respublikamızın mədəni həyatında ənənə halını almış mühüm tədbirlərdən biri kimi Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq Kitab sərgisini xüsusilə vurğulamaq gərəkdir. Regionun ən böyük kitab festivalının bu il sayca onuncusu 2 – 8 oktyabr tarixlərində baş tutmuş və dahi Azərbaycan şairi, mütəfəkkir Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuşdur. Beynəlxalq Kitab Sərgisi çərçivəsində görkəmli musiqi xadimi, professor Tərlan Seyidovun dünyaşöhrətli pianoçu, Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəylinin həyat və yaradıcılığına həsr etdiyi “Fərhad Bədəlbəyli. Musiqiyə səyahət” kitabının ikinci cildinin 7 oktyabr tarixində gerçəkləşdirilmiş təqdimat mərasimi mədəniyyət tariximizin səhifələrinə mötəbər bir hadisə kimi daxil oldu.

    Qeyd olunmalıdır ki, “Fərhad Bədəlbəyli. Musiqiyə səyahət” adlı kitabının birinci cildi 2022-ci il 5 oktyabr tarixində Bakı Ekspo Mərkəzində nəşrin müəllifi Tərlan Seyidovun öz iştirakı ilə təqdim olunmuşdu. Həmin tədbirdə onun, sənət dostu, sirdaşı Fərhad Bədəlbəyli haqqında söylədiyi fikirlər olduqca təsiredici idi.

    İki sənət fədaisinin uzun illərə dayanan iş birliyinin nəticəsi olaraq Azərbaycan musiqi elm və mədəniyyəti sahəsində bir çox innovasiyalı layihələrə imza atılmışdır. Kitabın təqdimatı qiraətsevərlər tərəfindən xüsusi şövqlə qarşılandı. Vurğulamaq lazımdır ki, maraqlı məqamlarla yadda qalan tədbirdə iştirak edən qonaqlar arasında görkəmli elm və mədəniyyət xadimləri, BMA-nın professor və müəllim heyəti yer alırdı.

    İlk olaraq, Bakı Ekspo Mərkəzinin əməkdaşı tədbiri açıq elan edərək auditoriyanı salamladı və sözü Tərlan Seyidovla uzun illər çiyin-çiyinə çalışmış BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, dosent Sevda Məmmədovaya verdi. S.Məmmədova professor Tərlan Seyidovla birlikdə kitab üzərindəki iş prosesi ilə bağlı isti xatirələrini tədbirin mötəbər qonaqları, habelə, oxucularla bölüşdü.

    Tədbir gedişatında BMA-nın “Humanitar elmlər” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, şərqşünas Tərlan Quliyev çıxış edərək Füzulinin sətrlərindən sitat gətirərək “eşq” sözünün bizim həyatımıza nə kimi təsiri olmasından danışdı. T.Quliyev kitabın yazılmasını da məhz “eşq” məhfumu ilə əlaqələndirərərək, vətənə, insana və ətraf mühitə olan istək duyğusunun zəruri əhəmiyyətini vurğuladı. O, kitabın baş qəhrəmanı Fərhad Bədəlbəylinin Azərbaycan mədəniyyətinin sütunları olmuş Hacıbəyovlar, Əliverdibəyovlar və Bədəlbəylilər nəsil şəcərəsinə də toxunaraq, onun məhz bu nəslin layiqli ardıcıllarından olduğunu xatırlatdı.

    Azərbaycanın gənc və istedadlı musiqiçilərinə daim öz dəstəyini göstərən Fərhad Bədəlbəylinin yaradıcılığına həsr olunmuş tədbirdə BMA-nın iki tələbəsi – “Nəfəs və zərb alətləri” kafedrasının IV kurs tələbəsi Rüfət Məmmədov (klarnet) Bela Kovaçın “Kodaly” və violin ixtisası üzrə III kurs tələbəsi Kənan Məmmədzadə Azərbaycanın görkəmli bəstəkarı Azəf Zeynallının “Muğamsayağı” əsərlərini ifa edərək dinləyicilər tərəfindən alqışla qarşılandılar.

    Musiqili çıxışlardan sonra “Şərb-Qərb” nəşriyyat evinin baş redaktoru, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlı öz ürək sözlərini canlı əfsanə – Fərhad Bədəlbəyliyə çatdıraraq, kitabın hazırlanması prosesindən dolğun məlumat verdi.

    Təqdim olunan nəşrin redaktorlar heyəti arasında BMA-nın İxtisas musiqi məktəb-studiyasının elmi işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva da bu sevincli günlə bağlı öz fikir və düşüncələrini paylaşdı. O, kitabın ərsəyə gəlməsində böyük zəhməti olmuş Tərlan Seyidovun (kitabın tərtibçisi) və Elmira Mustafayevanın (baş redaktor) haqq dünyasına qovuşmalarının üzüntüsünü keçirir, lakin eyni zamanda kitabın təqdimatı münasibəti ilə fərəhli anlar yaşayırdı. A.Baxşiyeva kitabın strukturundan söz açaraq burada mövcud olan bölmələri qeyd etdi. O, vurğuladı ki, kitabda tanınmış simaların Fərhad Bədəlbəyli haqqında düşüncələri, həmçinin görkəmli musiqi xadiminin həyat və yaradıcılığını əks etdirən mətbuatda işıq üzü görmüş müxtəlif mətnlər yer almışdır.

    Kitabın qiymətli səhifələri arasında Fərhad Bədəlbəylinin müasir musiqi mədəniyyətimizin dünya arenasına çıxışı, Azərbaycanın görkəmli musiqi xadimləri – respublikamızın tanınmış pianoçuları Kövkəb Səfərəliyeva, Elmira Nəzirova, Tərlan Seyidov, vokal sənətinin önəmli siması Fidan Qasımova və digər peşəkar musiqiçilərimiz haqqında fikirləri əks olunub. Hərtərəfli istedada malik Fərhad Bədəlbəylinin şeirləri də bu kitabda çap olunaraq nəşrin mahiyyətinə rəngarənglilik qatmışdır.

    Maraqlı anlarla dolu tədbirdə söz “Fərhad Bədəlbəyli. Musiqiyə səyahət” adlı kitabın səbəbkarı – Fərhad Bədəlbəyliyə verildi. O, öz çıxışında nəşrin ərsəyə gəlməsi və təqdimatın hazırlanmasında əməyi keçən bütün çalışanlara təşəkkürünü bildirdi. F.Bədəlbəyli kövrək notlara köklənərək əziz dostu Tərlan Seyidovu yad etdi və onu sözün əsl mənasında “Müəllim” adlandırdı. O, T.Seyidovun yaratmış olduğu və son günlərinədək rəhbərlik etdiyi İxtisas musiqi məktəb-studiyasına xüsusi rəğbətini bildirdi.

    Fərhad Bədəlbəyli çıxışında T.Seyidovun tərtib etdiyi ikicildli kitabı haqqında müsbət fikir söyləyərək, onu da vurğuladı ki, “...xatirələrim olduqca çoxdur, Azərbaycanın bir çox ziyalıları ilə ünsiyyətdə olmuşam. Onlarla keçən söhbətlərimizin hər biri bir tarixdir. Məhz buna görə bu nəşrin davamı kimi 3-cü cildin çap olunmasını çox istəyərdim...”.

    Azərbaycan mətbuatı platformasında professional səviyyəli işləri ilə ön sıralarda qərarlaşan “Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova kitab üzərindəki işlərindən, iki böyük şəxsiyyət – Fərhad Bədəlbəyli və Tərlan Seyidov tandemindən, həmçinin onlarla birgə təcrübə dolu iş prosesindən danışdı. Eyni zamanda gələcək əməkdaşlıq təklif və arzularından məmnunluğunu bildirdi.

    Təqdimat tədbirinin sonunda Fərhad Bədəlbəyli yaradıcılığının işığına toplaşmış qonaqlar kitabın “baş qəhrəmanına” öz sual və diləklərini ünvanladılar. Çıxışlar arasında Ü.Hacıbəyli adına BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə və BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Azərbaycanın Xalq artisti, professor Yeganə Axundovanın düşündürücü-fəlsəfi sual və xatirələri yer aldı.

    Xoş təəssüratlarla yaddaşlara həkk olunan “Fərhad Bədəlbəyli. Musiqiyə səyahət” kitabının təqdimat mərasimi Azərbaycan musiqi ədəbiyyatı tarixinə yeni bir nəfəs qatmış oldu.

    Ü.Hacıbəyli adına BMA-nın

    İxtisas musiqi məktəb-studiyasının

    böyük elmi işçisi, musiqişünas

    Şəfəq Hacıyeva