• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 iyun 2024-cü il

    20 iyun 2024-cü il tarixdə Bakı Musiqi Akademiyasının Kiçik zalında “Dünya piano musiqisindən seçmələr” mövzusunda seminar baş tutmuşdur.


    Seminar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq  üzrə fəlsəfə doktoru Məhəmməd Vəliyev tərəfindən keçirilmiş idi.

    O, öz seminarını XX əsrin birinci  yarısında müasir musiqisinin iki nümayəndəsinə: haqsız olaraq unudulmuş rus pianoçusu və bəstəkarı Vsevolod Petroviç Zaderatski (1891-1953) və məşhur pianoçu və bəstəkar, “fransız altılığı”-məktəbinin üzvü Erik Satinin (1866-1925) həyat və yaradıcılıqlarının işıqlandırılmasına həsr etmişdir. Məruzəçi qeyd olunan bəstəkarların  fortepiano üçün əsərləri haqqında  ətraflı məlumatlar vermişdi.

     Vsevolod Zaderatskinin taleyi faciəvi olmuş, o, stalinizm illərində repressiyalara məruz qalmış, əsərlərinin əksəriyyəti isə günümüzə gəlib çatmamışdır. Bu gün Zaderatskinin oğlu, rusiyalı musiqişünas Vsevolod Vsevolodoviç Zaderatski onun unudulmuş adını dirçəltməktədir. Bəstəkarın bu günə gədər qorunub saxlanmış əsərlərini Rusiyanın paytaxtı Moskva şəhərində ifa edən Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Ülviyyə Hacıbəyova da bu nəcib təşəbbüsə öz töhfəsini vermişdir. Seminarda onun ifasında bəstəkarın 2 nömrəli sonatasından parça səsləndirildi.  İdeyası və musiqi dilinə görə müasir olan əsərdə aydın obrazlı ziddiyyətlər nəzərə çarpır.

    Məruzəçi seminarın ikinci hissəsini musiqi modernizminin görkəmli nümayəndəsi, eynizamanda impressionizm, primitivizm, konstruktivizm, neoklassisizm və minimalizmin banisi sayılan Erik Satiyə həsr etmişdir. Ülviyyə Hacıbəyova Satinin qədim Yunanıstanda yerləşən Sparta dövlətinə məxsus bayramın obrazlarını canlandıran və yumşaqlıq, sakitlik, dinclik və  rahatlıq təəsüratı  ilə fərqlənən “Himnopediya”larını  ifa etdi. Sonra istehzalı mətni olan oynaq-satirik “Bürokratik sonatina”-sı səsləndi.

    M.Vəliyevin seminarı laboratoriyanın əməkdaşlarında canlı maraq oyatdı, və məruzəçiyə çoxlu suallar ünvanlandırıldı. Qeyd etmək lazımdır ki, seminar Ülviyyə Hacıbəyova və M.Vəliyevin “Dünya piano musiqisindən seçmələr” birgə tədris layihəsi çərçivəsində keçirilmişdir. Layihəyə disklərin yazılması da daxildir, və fortepiano musiqisinin XVI əsrdən başlayaraq bu günə qədər inkişaf tarixini qısaca əks etdirir. Mühazirə-konsertin sonunda elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə seminarın yüksək professional səviyyədə keçirildiyini qeyd etdi. O, Ülviyyə xanıma və M.Vəliyevə təşəkkürlərini bildirərək, bu mühüm layihənin həyata keçirilməsində onlara uğurlar arzuladı.

     

     

    Nərminə Bayraməlibəyli.

    Elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi,
    sənətşünaslıq üzrə fəlsəfə doktoru