30 may 2024-cü il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, Azərbaycan Bəstəkarlar İttifaqının İdarə
heyətinin üzvü, bəstəkar Rüfət Ramazanovun “Azərbaycan muğamlarının nota yazılması və müxtəlif alətlər üçün işlənilməsi” mövzusunda elmi seminarı keçirildi.
Seminarda R.Ramazanov Azərbaycan muğamlarının nota yazılması ilə bağlı tarixi faktlara diqqət yetirərək, çoxəsirlik muğam sənətinin dərindən, hərtərəfli, elmi surətdə öyrənilməsi və tədqiqi üçün onların müasir not sistemi ilə yazılmasının böyük əhəmiyyəti olduğunu bildirdi. Bu günə kimi müxtəlif bəstəkarlar və tədqiqatçı- alimlər tərəfindən qələmə alınmış bütün not yazılarının mühüm elmi-etnoqrafik və tədris-metodiki dəyəri olduğunu qeyd edən R.Ramazanov, elmi-tədqiqat laboratoriyasında çalışdığı uzun illər ərzində “Rast”,” Şur” , “Çahargah”, “Şüştər”, “Rahab”, “Bayatı-Şiraz”, “Humayun”, “Segah”, “Mirzə-Hüseyn Segahı” kimi muğamlarımızı, müxtəlif tanınmış tar, kamança ustadlarının – Bəhram Mansurov, Habil Əliyev, Arif Əsədullayev, Hacı Məmmədov, Elman Bədəlov, Sərvər İbrahimov - ifası əsasında notlaşdırması haqqında ətraflı məlumat verdi. Bəstəkar bu notlaşdırmalarda muğamların bütün incə çalarlarını və xüsusiyyətlərini saxlamaq üçün istifadə etdiyi müasir yazı texnikasını nümayiş etdirdi.
Daha sonra məruzəçi notlaşdırılmış muğamlar əsasında solo violin üçün qələmə aldığı “Rahab” instrumental pyesini və arfa aləti üçün “Şur” əsərini təqdim etdi. Əsərlərin hər birinin qələmə alınmasında alətlərin texniki imkanlarının və ifa xüsusiyyətlərinin vacibliyinin əsas olduğunu bildirən R.Ramazanov “Rahab”ın Rusiyanın Moskva şəhərində A.S.Puşkin adına sərgi və konsert salonunda Marina Kuriqanova tərəfindən ifa olunduğunu diqqətə çatdırdı və hər iki əsərin audio yazısını təqdim etdi.
Seminarın sonunda mövzu ilə bağlı maraqlı diskussiyalar aparıldı və elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə mövzunun aktuallığını vurğulayaraq məruzəçini təbrik etdi.
Mehparə Rzayeva
dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru,
aparıcı elmi işçi.