24 may 2024-cü il
2024-cü il 24-26 may tarixlərində Qırğızıstan Respublikasının Bişkek şəhərində Kara-Kırkız avtonomiya oblastının 100 illiyinə və K.Moldobasanov adına Qırğızıstan Milli Konservatoriyasının 30 illiyinə həsr olunmuş beynəlxalq forum keçirildi.
Dünyanın 15 ölkəsindən (ABŞ, Rusiya, Fransa, Almaniya, Polşa, İtaliya, Belorusiya, Macarıstan, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Monqolustan, Çin, Vyetnam, Birləşmiş Ərəb Əmirlikləri və s.) 30 Ali musiqi ocaqlarının rektorları, prorektorları, departament müdirləri, tanınmış incəsənət xadimləri foruma dəvət olunmuşdur.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva dəvət olunanlar sırasındadır.
Forumda ali məktəblərin nümayəndələri ilə Qırğızıstan Milli Konservatoriyasının rektoru, Qırğızıstan Respublikasının Xalq artisti Muratbek Beqaliyev Akimoviç ilə tərəflər arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
Memorandumun imzalanma mərasimi musiqi təhsilinin inkişafına, tələbə və müəllimlərin peşəkarlığının artırılmasına yönəlmiş beynəlxalq əməkdaşlıq və mədəni mübadilədə yeni mərhələnin rəmzidir. İştirakçılar memorandumun birgə təhsil və mədəniyyət layihələrinin həyata keçirilməsi, ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi və musiqi sənətinin səviyyəsinin yüksəldilməsi üçün əsas olacağına əminliklərini ifadə ediblər.
Beynəlxalq forum və memorandumun imzalanması qlobal səviyyədə musiqi təhsili və mədəni mübadilə üçün əlverişli şərait yaratmaq üçün səy və resursları birləşdirmək istəyini vurğulayır.