21 may 2024-cü il
Azərbaycanın xalq artisti Zümrüd Məmmədovanın yubileyi keçirildi.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 21 may 2024-cü il tarixində Azərbaycanın xalq artisti Zümrüd Məmmədovanın həyat və yaradıcılığına həsr olunmuş Ü.Hacıbəyli adına BMA-nın doktorantları və elmi-tədqiqat laboratoriyasının elmi işçiləri Nigar Bayramova və İlahə Qismət Abdullanın elmi seminarı keçirildi. Elmi seminarı giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Zeynalova açdı. O, qonaqları salamladıqdan sonra sözü Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadəyə verdi. Nuridə İsmayılzadə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi Z.Məmmədovanın ifaçılıqla yanaşı bir alim kimi elmi fəaliyyətindən, Azərbaycanın cənub bölgəsində apardığı folklor tədqiqatlarından söhbət açdı. Daha sonra Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə xalq artisti Z.Məmmədovaya apardığı elmi araşdırmalarını tezliklə toplu şəklində çapa verməsini tövsiyə etdi.
Məruzəçi Nigar Bayramova xalq artisti Zümrüd Məmmədovanın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı böyük xidmətlərindən, şifahi ənənəli musiqi xəzinəsinin zənginləşməsində muğam ifaçılığından, həyat və yaradıcılığından söhbət açdı. Nigar Bayramova bildirdi ki, professional səhnəyə gəldiyi gündən Azərbaycanın rayon və kəndlərində, o cümlədən SSRİ dövründə bütün müttəfiq respublikalarda, xarici ölkələrdə - Amerika, Fransa, İngiltərə, İsveç, Avstriya, italiya, Almaniya, Hollandiya, İsrail və 20-dən artıq Ərəb və Afrika ölkələrində qastrol səfərlərində olan Z.Məmmədova Azərbaycan xalqının milli dəyərlərini, muğamlarımızı təmsil edərək bayrağımızı göyə qaldırmışdır. Müdafiə Nazirliyinin Əlahiddə Nümünəvi hərbi orkestrinin baş dirijoru, general Yusif Axundzadənin rəhbərlik etdiyi orkestrin ilk qadın ifaçısı olan Z.Məmmədova vətənpərvərlik ruhda mahnıların mahir ifaçısıdır.
Məruzəçi İlahə Qismət Abdulla öz anası – xalq artisti Zümrüd Məmmədovanın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı rolu və əhəmiyyətindən, eyni zamanda xanəndənin səs tembri, ifaçılıq xüsusiyyətləri, mənsub olduğu xanəndəlik məktəbi ənənələri haqqında söz açdı. Həmçinin xanəndənin yaradıcılığı boyu musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətləri, qastrol səfərləri və yaradııcılığının müxtəlif istiqamətləri – elmi, pedaqoji fəaliyyəti haqqında məruzə etdi.
Seminar boyu xalq artisti Zümrüd Məmmədovanın ifasında “Qatar”, “Heyratı” muğamları, “Qarabağ şikəstəsi”, gənc bəstəkar İlahə Qismətin bəstələdiyi “Müqəddəs Vətən” marşı, “Dalğalansın bayraq” mahnıları və qastrol səfərlərindən video çarxlar səsləndirildi.
Daha sonra söz qonaqlardan şair-publisist Nəcməddin Mürvətov, Əməkdar İncəsənət xadimi, ustad xanəndə Aqil Məlikov, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə, Xoreoqrafiya Akademiyasının “Musiqi sənəti” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əhsən Əhmədov, Azərbaycanın xalq artistləri Teyyub Aslanov, Gülyaz Məmmədova, Əməkdar Mədəniyyət işçisi, bəstəkar Rauf Məmmədov, Azərbaycan Jurnalistlər birliyinin üzvü, yazıçı-publisist Cəmafər Əliyeva, “Cabir Novruz” Mədəniyyət Fondunun İdarə Heyətinin üzvü, “Günaz.az” saytının redaktoru Rəsmiyyə Heybətağaqızı, Azərbaycanda talış dilində nəşr edilən yeganə “Tolışi sədo” qəzetinin baş redaktoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Hilal Məmmədov Zümrüd Məmmədova haqqında ürək sözlərini və xatirlərini bölüşdülər.
Sonda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova yubilyarı və gələn qonaqları salamladı və bildirdi ki, Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyas ilə əməkdaşlığımız, iş birliyimiz davam edir və bundan sonra da davam edəcək.
Ü.Hacıbəyli adına BMA-nın
doktorantı, elmi işçisi Nigar Bayaramova