2 may 2024-cü il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasında 2 may 2024-cü il tarixində böyük elmi işçi Zeynal İsayevin “Azərbaycan milli çalğı aləti kamançanın bəzi akustik xarakteristikaları” mövzusunda elmi seminarı keçirilmişdir.
Məruzəçi aparılan tədqiqat işində kamançanın 2-ci simdə, səslənməsi 2 – ci oktava mi (əsas tezliyi ≈ 659,26 Hs, 2 – ci simdə, 1–ci pozisiya, 3 – barmaq) olan tonun tədqiqi haqqında seminar iştirakçılarına ətraflı məlumat vermişdir. Sonra monitorda kamançanın 2– ci oktava səsinin yaratdığı dalğanın spektral analizi nəticəsində əldə olunmuş spektri, amplitud-tezlik xarakteristikası daha aydın şəkildə nümayiş olunmuş, kamançanın əsrarəngiz və ecazkar səs tembrini yaradan əsas amillər, əsas ton, obertonlar (harmoniklər) haqqında, həmçinin digər zəruri izahatlar da verilmişdir.
Zeynal İsayev qeyd etmişdir ki, bu tədqiqat işində respublikanın əməkdar incəsənət xadimi, professor Arif Əsədullayevin xidmətləri əvəzsizdir. Məruzəçi qeyd etmişdir ki, kamança - Azərbaycan xalq musiqi mədəniyyətinin, milli muğam janrının, professional klassik musiqi zövqünün inkişafında çox qiymətli təsir gücünə malik bir çalğı alətidir. X əsrə qədər bu alət həm mizrabla və həm də kamanla (yayla) ifa olunurdu. O, yalnız Azərbaycanda deyil, eləcə də Şərqdə və Mərkəzi Asiyada hələ IX-X əsrlərdə yaşamış xalqların musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışdır. Kamança bu gün də Azərbaycanda çox yayılmış milli çalğı alətidir və musiqi məktəblərində tədris olunmaqdadır.
Seminarın sonunda elmi–tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Z.İsayevin elmi araşdırmalarını dəstəkləyərək mövzunun aktuallığını qeyd etmiş və məruzəçiyə bu tədqiqatların başqa milli alətlərimiz üzərində də aparılmasını tövsiyə etmişdir. Seminar iştirakçıları kamançanın akustik xüsusiyyətləri haqqında maraqlı fikir mübadiləsi apararaq, məruzəçiyə uğurlar arzulamışlar.
”Elmi-tədqiqat laboratoriyasının
kiçik elmi işçisi Sevda İsayeva.