• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 may 2023-cü il

    12 may 2023-cü il tarixində Heydər Əliyevin 100 illiyi ilə bağlı olaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi müəllimliyi” kafedrasının birinci kurs tələbələri maraqlı konfrans-tədbirlə çıxış etdilər. 

    Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi daxil olmuşdur. BMA-nın Tələbə Elmi Cəmiyyətinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva Heydər Əliyevin öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu tələbələrin  çıxışlarında bir  daha auditoriyanın nəzərinə çatdırdılar. Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. O, öz xalqını sevən və onu ucalara qaldıran dövlətçiliyi yaradan, qoruyan bir rəhbər olmaqla bərabər həm də ədəbiyyatı qəlbən sevən, bir natiq kimi zəngin söz ehtiyatına malik bir şəxsiyyət idi. Çox az liderlər var ki, onların siyasi fəaliyyəti ədəbiyyatla bu qədər kəsişir, ortaq müstəviyə gəlir. H.Əliyevin musiqi incəsənətinə qayğı və diqqətlə yanaşması da tədbirdə işıqlandırıldı. Ulu öndərin hər zaman bəstəkarlara, musiqişünaslara, ifaçılara yüksək dəyər verildiyi qeyd olundu. Bəstəkarlarımız həmişə H.Əliyev tərəfindən yaradıcılığa göstərilən diqqəti hiss etmiş, durmadan Azərbaycan musiqi mədəniyyətinin çiçəklənməsi uğrunda çalışmışlar.

    Tədbirdə bir sıra bəstəkarların o cümlədən, Qara Qarayevin ''Eskiz'', Tofiq Quliyevin ''Dəniz kənarında görüş '', Fikrət Əmirovun ''Azərbaycan elləri'', Sevil Əliyevanın ''Ana'', Cavanşir Quliyevin ''Vals'', Tofiq Cəbrayılovun ''Muqəddəslər yaşayırlar'' kimi əsərləri səsləndirildi.

    Tədbirdə tələbələr fərqli mövzularla çıxış etdilər: Samirə Baqiyeva ''Heydər Əliyevin tarixi şəxsiyyət kimi rolu'', Lalə Namazova ''Heydər Əliyev və musiqi'', Nəzrin Cəfərova ''Heydər Əliyev və sənətkarlara verilən dəyər'', Ülkər Səfərova ''Heydər Əliyevin T.Quliyev yaradıcılığı haqqında'', Gülnar Hümbətova ''Heydər Əliyev və mədəniyyət'', Fatimə Əlizadə ''Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsinə verdiyi töhfələr”, Əminə Əhmədova “H.Əliyevin mədəniyyətə olan qayğısı”, Nərminə Mövlanova “H.Əliyev gözəl ailə başçısı kimi” və digərlərinin məruzələri dinlənildi. Maraqlı video slaydlar təqdim olundu. H.Əliyevin Səməd Vurğunun “Azərbaycan” şeiri  video görüntü vasitəsilə səsləndirildi. H.Əliyevin görkəmli siyasi xadim olmaqla yanaşı qayğıkeş həyat yoldaşı, ailə başçısı olmasına dair fikirlər səsləndirildi. Tədbirin sonunda tələbələr Tofiq Cəbrayılovun ''Müqəddəslər yaşayırlar'' əsərini xorla ifa etdilər.

    Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi,  professor Nərminə xanım Quliyeva, “İxtisas Fortepiano” kafedrasının dekanı, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Nəzakət xanım Rimazi, “Musiqi tarixi” kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə xanım İmanova, “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül xanım Nəsirova, “Musiqi tarixi” kafedrasının dosenti, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə və tələbələr iştirak etdilər. 

    Tədbir  böyük maraqla qarşılandı.