• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29-30 aprel 2021-ci il

    Etnoorqanologiya: Aktual problemlər və vəzifələr

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində “ETNOORQANOLOGİYA: AKTUAL PROBLEMLƏR VƏ VƏZİFƏLƏR” mövzusunda onlayn qaydada Zoom proqramı vasitəsilə beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransda 29-30 aprel tarixlərində Azərbaycan, Türkiyə, Rusiya, Dubay (BƏƏ), Oman Sultanlığı, Gürcüstan, Qazaxıstan, Özbəkistan ölkələrinin alimləri məruzələrlə çıxış etmiş, Qırğısıztandan isə konfransa çoxsaylı dinləyicilər qoşulmuşdur.

    Konfrans Ü. Hacıbəyli adına Bakı Muqisi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin  çıxışı ilə açıq elan olundu. Bədəlbəyli çıxışında tarixin mühüm bir parçası olan qədim alətlərin bərpası və tanınması üçün vaxtı ilə M.Kərimovla birlikdə görülən geniş masştablı layihələri xüsusilə vurğuladı. Qədim alətlərin tanınmasının və təbliğinin aparılmasını qeyd edərək, türk dünyasında bir-birinə bənzəyən alətlərin daim birlik və dostluq simvolunun göstəricisi olmasını dilədi.

    Daha sonra Ü. Hacıbəyli adına BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor, Əməkdar incsənət xadimi Gülnaz Abdullazadə, Ü. Hacıbəyli adına BMA-nın Tədris işləri üzrə prorektoru, pedaqoji elmlər namizədi, professor, Əməkdar müəllim Nərminə Quliyeva, Ü. Hacıbəyli adına BMA-nın Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, professor, Xalq artisti Yeganə Axundova, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi Lalə Hüseynova iştirakçıları salamladı. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli nümayəndəsi, yerli və xarici ölkələrdən elm sahəsində məsul vəzifələrdə çalışan dinləyicilər də konfrans iştirakçılarına öz ürək sözlərini söylədi. Konfransın açılış mərasiminin qonaqlarından biri olan Universitetlərarası İncəsənət Şöbələri Təhsil Şurasının sədri, Türkiyə Yüksək Öğretim Kurulu Xarici işlər üzrə Qiymətləndiricisi, Yıldız Texnik Universitetinin İncəsənət və Dizayn fakültəsinin dekanı Turan Sağer  çıxışında ustad-şagird ənənələrindən, bu xüsusun pandemiya dönəmində də davam etməsindən, hətta onlayn şəraitdə daha da genişmiqyaslı şəkil almasından danışaraq, belə ortamda bir çox dəyərli elm xadimləri ilə fikir mübadiləsi aparmağın vacibliyini və önəmini vurğuladı. Bugünki onlayn şərtlərin artıq normal yaşam şəraitinə keçdiyimiz dönəmdə də davam edəcəyini söyləyərək, uzaq məsafələrdən böyük salonların dünya şöhrətli orkestr və ifaçıları dinləmə imkanlarının yarandığını, sənətin yeni bir istiqamət aldığını və  bu istiqamətin daha da inkişaf edərək həyatımızın ayrılmaz hissəsinə çevriləcəyini bildirdi. 29 oktyabr İstanbulda Taksim meydanında inşa edilən yeni Atatürk Mədəniyyət Mərkəzində türk dövlətlərinə məxsus musiqi alətlərindən ibarət muzeyin açılışı olacağını və dünyanın dörd tərəfindən ölkəyə gələn turistlərin muzeylə tanışlığının alətlərimizin tanınmasında böyük rol oynayacağını söylədi.

    Konfransın moderatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Ü. Hacıbəyli adına BMA-nın elmi laboratoriyasının müdiri Nurida İsmayılzadə idi. Konfransda ənənəvi milli musiqi alətlərinin etnik kimliyi; müasir mədəniyyət məkanında etnoorqanologiya ənənələrinin qorunması və inkişafı; xalq çalğı alətlərinin bərpası və təkmilləşməsi; orqanologiya elmi musiqişünaslıqda; milli musiqi alətlərinin Avropa musiqi sisteminə uyğunlaşması problemləri; bəstəkar yaradıcılığında xalq çalğı alətlərindən istifadə bölmələri üzrə çıxışlar olmuşdur. Məruzəçilərdən Türkiyədən professor Abbasova İradə, Bitmez Mehmet, Kılınçer Zafer, Omandan sənətşünaslıq üzrə fəlsəfə doktoru Şıxəliyeva Şəbnəm, Qazaxıstandan pedaqoji elmlər namizədi, dosent İmaşeva Aygül, Özbəkistandan professor Şaripov Niqmatcan, sənətşünaslıq doktoru Muradova Zulfiyya,  sənətşünaslıq üzrə fəlsəfə doktoru Taşmatova Azadgül, Rusiyadan sənətşünaslıq doktoru, professor Kartaşova Tatyana, Dubaydan Antipova Viktoriya, Azərbaycandan sənətşünaslıq üzrə fəlsəfə doktoru Ağayeva Surayə, sənətşünaslıq elmləri doktoru, professor Nəcəfzadə Abbasqulu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru Xalıqzadə Fəttah, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məmmədova Həbibə, sənətşünaslıq üzrə fəlsəfə doktorları Rauf Bəhmənli, Əliyev Mübariz, Şirinova Səadət, Rzayeva Mehparə, Rəhmanlı Əhsən, Azərbaycan Respublikasının Xalq artisti Sadıqov Ənvər, Azərbaycan Respublikasının Əməkdar artisti Əliyeva Təranə, AMK-nın baş müəllimi Əsədullayeva Mehri, BMA-nın elmi laboratoriyasından Nəsirova Fidan, İsayev Zeynal  və digər iştirakçılar maraqlı çıxışlar etmişdir. Bütün iştirakçılara sertifikat təqdim olunmuş və ““Etnoorqanologiya: aktual problemlər və vəzifələr” beynəlxalq elmi konfransının materialları və elmi məqalələr toplusu”nda məqalələri dərc olunmuşdur.

    Konfransa qatılan qonaqların sayını əsas götürərək, qeyd edə bilərik ki, mövzu kifayət qədər aktual və vacib istiqamətlərdəndir. Konfansda məruzəçilərin maraqlı çıxışları və təqdimatları böyük müzakirələrə səbəb oldu. Aparılan diskussiyalar, səslənən fikirlər, verilən təkliflər bu istiqamətin daha da dərindən araşdırılmasının və musiqi elminə yeni tövhələrin verilməsinin vacibliyini bir daha göstərmiş oldu.

    Ü.Hacıbəyli adına BMA-nın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransa  Azərbaycan Milli Konsevatoriyası,  Naxçıvan Dövlət Universiteti, İstanbul Texnik Universiteti, İnönü Universiteti, Ardahan Universiteti, Türk Musiqisi Dövlət Konsevatoriyası, Aydın Adnan Menderes Universiteti, L.V.Sobinov adına Saratov Dövlət Konservatoriyası, Özbəkistan Dövlət Konsevatoriyası, Y.Recebi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutu, Özbəkistan Dövlət Konsevatoriyasının elmi-istehsalat eksperimental “Milli çalğı” laboratoriyası, Özbəkistan Respublikasının Milli qvardiyasının ixtisaslaşdırılmış akademik liseyi, Özbəkistan Elmlər Akademiyasının Sənətşünaslıq İnstitutu, Gürcü ənənəvi musiqisi muzeyi, Melodika Musiqi və Rəqs İnstitutu (Dubay), Kurmangazı adına Qazaxıstan Milli Konservatoriyası, digər institut və elmi laboratoriyaların nümayəndələri qatılmışdır. Bu, konfransa olan marağın göstəricisi olmaqla yanaşı, BMA-nın dəfələrlə ev sahibliyi etdiyi çoxsaylı beynəlxalq və yerli tədbirlərin yüksək səviyyədə təşkil olunmasından xəbər verir.

    BMA-nın elmi laboratoriyasının

    elmi işçisi Könül Əhmədova