• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Ü.Hacıbəylinin virtual muzeyi

     

    Opera və dramin tərbiyəvi əhəmiyəti haqqinda

    CAVAB ƏVƏZİNƏ 1 

    I

    Musiqili dram və xalis dram tamaşalarının tərbiyəvi əhəmiyyəti haqqında vətəndaş Məmmədov-Əhliyevin qaldırdığı məsələ barəsində qəzetdə söhbət açmağı ona təklif edərkən ümid edirdim ki, bizim mübahisəli söhbətimiz tamamilə obyektiv xarakter daşıyacaq, bu və ya başqa teatr sənətinin xalqımız üçün tərbiyəvi əhəmiyyətini aydınlaşdırmaq kimi ağıllı bir məqsəd güdəcək və elmi-məntiqi müddəalara əsaslanacaqdır.

    Vətəndaş Məmmədov-Əhliyevin dramı müdafiə edib, cəsarətlə opera və operettalara qarşı çıxması məndə belə bir fikir oyatdı ki, opponentim ümumiyyətlə səhnə sənəti, xüsusən müsəlman səhnəsi haqqında kifayət qədər məlumata malikdir, həmin predmet barəsində elmi cəhətdən əsaslandırılmış, məntiqi cəhətdən düzgün fikirlər söyləyə bilir.

    Lakin sehbətə başlamaq üçün vətəndaş Məmmədov-Əhliyevə təklif etdiyim iki suala onun cavabı məni bir qədər təəccübləndirdi...

    Ümumiyyətlə bu cavab aşağıdakı xüsusiyyətləri ilə fərqlənir: 1) boş söz yığını ilə; məsələn, «kiçik yaşlı bir uşağı birdən-birə gimnaziyanın yuxarı sinfinə qoymağın», yaxud «ibtidai məktəb şagirdini universitetə qəbul etməyin mümkun olmamasını» «sübuta» yetirməyə və bu «sübuta» iyirmidən çox qəzet xətti həsr etməyə ehtiyac var-mı? 2) bu cavab həmçinin xoşagəlməz münaqişə üsulları ilə fərqlənir; opponentim mənim demədiyim sözləri mənə aid edir və həmin sözlərin «mənasız» olduğunu «sübut» edir, guya mən demişəm ki, bizim musiqi sənəti XX əsrdən başlanır (halbuki mən belə demişəm: «...biz müsəlmanların musiqi təhsili almaq arzusunun, milad tarixindən bəri ancaq XX əsrdən oyanan bu təbii arzunun qarşısına sədd çəkilir»); yaxud qəsdən yanlış nəticələr çıxarır, üstəlik, bunları dırnaq içərisinə alır ki, oxucular aldanıb həmin sözlərin mənə məxsus olduğunu güman etsin;. məsələn, «...Vətəndaş Hacıbəyovun müddəalarından aşağıdakı nəticə çıxarılır:

    «Vətəndaş Məmmədov tövsiyə edir «... və s; burada məqsəd məni sofizmdə təqsirləndirməkdir; 3) oponentini gözdən salmaq məqsədi ilə oxuculara müxtəlif işarələr vurur; məsələn, «beləliklə, məni musiqiyə etinasızlıq göstərməkdə təqsirləndirmək olmaz. Görünür, burada başqa məsələ var, bunu hər kəs bir az fikirləşsə, asanlıqla başa düşər».

    Hətta cavabda azacıq maraqlı məzmun olsa da, lüzumsuz sözçülük, fikir dağınıqlığı, əsəbi ton və xoşagəlməz münaqişə üsulları (yeri gəlmişkən, bitərəf qalan redaksiya da bunu hiss etmişdir) bu mücərrəd cavabın əhəmiyyətini daha da azaldır. Opponentimin cavabının məzmunu dramın tərbiyəvi əhəmiyyətinin müdafiə olunmasından, opera və operettaların isə belə bir əhəmiyyətinin inkar edilməsindən ibarətdir.

    Vətəndaş Məmmədov-Əhliyev tərbiyəvi əhəmiyyətinə görə dramın üstün olduğunu sübut etmək üçün aşağıdakı dəlilləri gətirir:

    «...Teatrın, incəsənətin inkişafı tarixini izləsək görərik ki, istisnasız olaraq bütün xalqlarda inkişaf bir qanuna tabedir: əvvəlcə faciə, sonra dram meydana gəlib inkişaf etmişdir, melodram və səhnə sənətinin başqa növləri isə artıq həm əqli, həm də estetik inkişafın müəyyən mərhələsinin məhsuludur».

    Əvvəla, bu dəlil tarixi cəhətdən düzgün deyildir, bu barədə aşağıda danışacağıq; ikincisi, lap tutaq ki, əvvəlcə faciə, dram, sonra isə opera meydana gəlmişdir, məgər buradan belə bir məntiqi nəticə çıxarıla bilərmi ki, dram birinci dərəcəli tərbiyəvi əhəmiyyətə malikdir? Əksinə, eyni cinsli predmetlərin zaman keçdikcə tədricən müxtəlif şəkillərdə meydana gəlməsi əsasən onların təkmilləşməsi deməkdir; ona görə də burada əks nəticə çıxarmaq daha düzgün olardı.

    Operaya dramın təkmilləşmiş bir forması, yaxud drama nisbətən daha «mürəkkəb» bir şey kimi baxılması opponentimin xeyrinə olmasa da, bu yanlış fikirdən istifadə etmək istəmir və onun tarixi cəhətdən səhv olduğunu bildirirəm.

    İş burasındadır ki, teatr sənətinin iki kateqoriyaya— musiqili və musiqisiz əsərlər kateqoriyasına, hər bir kateqoriyanın isə müxtəlif adlı müxtəlif növlərə ayrılması çox qədim dövrə aid olan bir prosesdir.

    Uzaq keçmişdə teatr xarakteri daşıyan hər bir tamaşa hökmən nəğmə və musiqi ilə müşayiət olunurdu; musiqi tarixçisi L. A. Sakkettinin dediyinə görə, qədim yunan dramaturqları «teatr tamaşalarına özlərinin bəstələdikləri musiqini tətbiq etməklə, yaxud öz mətnlərini mövcud havalara uyğunlaşdırmaqla operaya bənzər tamaşalar düzəldirdilər». Sakketti yazır: «Romalıların dram tamaşaları musiqisiz keçirmirdi, ilk dəfə bu cür tamaşa milad tarixindən əvvəl, 364-cü ildə ğöstərilimşldir. Şair Livi rəqs və pantomimalarla dramatik səhnələri birləşdirmişdir. 0, özü tamaşada iştirak etmiş və oxumuşdur. Vəcdə gələn tamaşaçılar Livini ifa etdiyi rolu o qədər təkrar etməyə məcbur etmişlər ki, axırda onun səsi tutulmuşdur». «Ayrı-ayrı şəxslərin, xorun oxumasından və xalq çalğı alətlərinin müşayiətindən ibarət olan musiqi faciə və komediyalarda səslənmişdir».

    Tarixçi və alimlərin fikrincə, bütün xalqlarda dramın mənşəyi dinlə bağlıdır, musiqi isə dram tamaşalarının mühüm ünsürünü təşkil edir. Qədim xristian-kato-liklərin liturgiya dramlarında, yaxud misteriyalarında «operanın başlıca ünsürlərinə təsadüf olunurdu; opera özü bunlardan törəmişdir». Yeri gəlmişkən qeyd edək ki, bizim «Şaxsey» misteriyamız da «Şəbih» adlanan səhnə tamaşası şəklini alaraq vokal, bəzi yerlərdə isə instrumental musiqi ilə müşayiət olunur.

    Beləliklə, biz teatr sənətinin inkişafı tarixini izləsək, görərik ki, dram heç də operadan əvvəl meydana gəlməmişdir, səhnə sənətinin müasir növlərinin rüşeymləri paralel inkişaf etmiş, əsrlər keçdikcə müəyyən və müstəqil formalara ayrılmışdır; musiqili dram ünsürü opera, operetta, oratoriya, dram ünsürü isə dram, faciə, kome-diya və sairə şəklini almışdır.

    Vətəndaş Məmmədov-Əhliyevin dramı müdafiə edən cavabında daha sonra oxuyuruq:

    «Beləliklə, etiraf etmək lazımdır ki, teatr ictimai təbəqələşmənin məhsuludur, onun vəzifəsi cəmiyyətin yaralarını açıb göstərmək və insanlar arasındakı ədalətsizliyi aradan qaldırmaqdır».

    «Mən öz məqaləmdə səhnənin əhəmiyyətinə bu nöqteyi-nəzərdən yanaşmış və belə bir nəticəyə gəlmişəm ki, bu məqsəd üçün aşağıdakılar daha əlverişlidir: faciələr, dramlar və ağıllı süjetə malik yüngül komediyalar».

    Zənnimcə, mən vətəndaş Məmmədov-Əhliyevin yuxarıdakı sözlərindən belə bir məntiqi nəticə çıxarsam, o məni sofizmdə günahlandıra bilməz; opponentimin fikrincə opera və operetta cəmiyyətin yaralarını açıb göstərmək və insanlar arasındakı ədalətsizliyi aradan qaldırmaq üçün teatr vəzifəsi daşıyaraq səhnə sənətinin ən əlveriş-siz növüdür; nəticə düzgün və məntiqidir.

    Əvvəla, teatrın vəzifəsinə birtərəfli yanaşılmışdır, bu barədə aşağıda danışacağam. İkincisi, əgər teatr tamaşalarına ancaq ictimai-əxlaq nöqteyi-nəzərindən yanaşsaq, bu tendensiya istər faciə olsun, istərsə də opera, komediya və ya operetta teatr sənətinin bütün növlərinin məzmununda öz əksini tapır. Eyni müəllifin eyni əsərinin Həm faciə, həm də opera şəklində mövcud olması yuxarıdakı fikrə parlaq sübutdur; halbuki bu fikir o qədər düzgün və aydındır ki, sübuta ehtiyacı yoxdur; öz süjetinin mənəvi cəhətini aydın ifadə etmək üçün hansı əsər daha çox əlverişlidir, musiqili, yoxsa musiqisiz? Vətəndaş Məmmədov-Əhliyev belə bir nəticəyə gəlmişdir ki, musiqisiz əsər; o, yazır:

    «Səhnədə dram göstərilirsə, həm də tamaşaçının bütün diqqəti aktyorlara və orkestrə deyil, ancaq aktyorların hərəkətlərinə cəlb edilirsə, səhnədə baş verən bütün hadisələr adamın hafizəsinə, psixikasına o qədər güclü təsir edir ki, dramı duymamaq və ibrət götürməmək üçün gərək ürəyin daşdan ola».

    Mən isə deyərdim:

    Səhnədə dram göstərilirsə, həm də tamaşaçı onun musiqili hissəsini gözü ilə deyil, qulağı ilə eşidirsə, bütün səhnə emosiyası, iştirak edən aktyorların lirik əhval-ruhiyyəsi, onların daxili aləmin musiqinin ecazkar dili ilə ifadə olunursa, bütün bunlar tamaşaçının əqlinə və qəlbinə o qədər nüfuz edir ki, belə bir tamaşadan ibrət götürməmək üçün gərək gözlərin kor və qulaqların kar olsun!

    Mən danışıq dilinə nisbətən musiqi dilinin xüsusən lirik anlarda daha böyük təsir qüvvəsinə malik olduğunu etiraf etməklə yanaşı, musiqisiz əsərlərin öz məzmununun əxlaqi cəhətlərini parlaq ifadə etməyə yararlı olduğunu da inkar etmirəm.

    Ümumiyyətlə, mən heç də təkcə musiqili səhnə əsərlərinin tərəfdarı deyiləm. İctimaiyyətin tərbiyəsi üçün faciə də, dram da, komediya da, opera da, operetta da lazımdır; operetta haqqında belə bir fikir yayılmışdır ki, guya, bu, şit və bayağı formadır; doğrudur, bizdə bayağı və məzmunsuz operettalar çoxdur, lakin duzsuz və mənasız dramlar, faciələr, komediyalar da az deyil. Bu barədə yeri gələndə danışarıq.

    Teatrın əhəmiyyətinə vətəndaş Məmmədov-Əhliyev kimi birtərəfli baxılarsa və teatrın vəzifəsi yalnız əxlaqi nöqteyi-nəzərdən müəyyən edilərsə, qarşıya belə bir sual çıxar: onda opera nəyə gərəkdir, dram nəyə gərəkdir? İş burasındadır ki, teatr ictimai həyatın güzgüsü, sənət məbədi olduğundan teatrda tamaşaya qoyulan əsərlər həyatımızın təkcə əxlaqi cəhətlərini tərbiyə etməməli, həm də insan təbiətinə xas olan estetik hisslər aşılamalıdır; deməli, hər bir səhnə əsərində əxlaqi ünsürdən başqa, bədii ünsür də olmalıdır; musiqi əsərlərində bədiilik ünsürü musiqi ilə ifadə olunur, dram əsərlərində isə poeziya və nəsrlə; səhnə sənətinin hər iki sahəsinin kütlə üçün zəruri olduğu buradan irəli gəlir.

    Sonra. Vətəndaş Məmmədov-Əhliyevin cavabında dramın əhəmiyyəti haqqında demək olar ki, danışılmır, qalan cümlələr opera, operetta, habelə musiqi haqqında müəllifin xeyli orijinal baxışlarına və mühakimələrinə aiddir. Bu barədə gələn dəfə danışarıq.

     

    II

    Vətəndaş Məmmədov-Əhliyev birinci məqaləsində opera və operettanın «səhnə sənətinin tərbiyəvi əhəmiyyəti ola biləcək ikinci, hətta üçüncü dərəcəli məhsulu» adlandırmışdı.

    Lakin o, sonrakı məqalələrində operanı operettadan ayırmış və hər biri haqqında ayrıca fikir söyləmişdir; opera haqqında əvvəlki fikrini ikinci məqaləsində dəyişərək, daha ciddi fikirlə əvəz etmiş—operanı «ali mədəniyyət» adlandırmışdır.

    Məqalənin bir yerində müəllif fransızların belə bir fikrinə əsaslanır: müqayisə sübut deyildir; bununla belə o, operanı universitetə bənzədərək belə bir sillokizm qu-rur:

    Dram—gimnaziyadır;

    Opera—universitetdir;

    Xalqımız— ibtidai məktəb şagirdidir.

    «Universitet kursunu müvəffəqiyyətlə keçmək üçün ibtidai məktəbin «şagirdi» əsaslı surətdə gimnaziya kursu keçməlidir»; deməli, xalqımız opera tamaşalarını yaxşı başa düşmək üçün hər şeydən əvvəl çoxlu dram tamaşasına baxmalıdır.

    İlk baxışda bu fikir düzgün, hətta inandırıcı görünür; əslində isə bu, müvəffəqiyyətli sofizm ən yaxşı misaldır, opponent isə əsassız olaraq məni sofizmdə günahlandırırdı. Yuxarıdakı sillogizmin birinci mühakiməsi düzgün olmadığından nəticə də yanlışdır: əgər opera universitetdirsə, gimnaziya tamaşaçıya heç bir musiqi biliyi verməyən drama deyil, daha sadə musiqisi və şən məzmunu ilə operadan fərqlənən, opera kimi mürəkkəb əsəri başa düşmək üçün hazırlıq mərhələsi adlandırıla bilən operettaya daha uyğundur.

    Axı, tutaq ki, «Ömrümüzün günləri» dramın yüz dəfə tamaşa etməklə indi mən «Boris Qodunov» operasını dinləməyə hazıram demək, yaxud: «qoy xalqımız daha yüz il «Nadir şah» dramına tamaşa etsin, sonra «Leyli və Məcnun» operasına getsin» demək olmaz.

    Nəhayət, «dram, opera, gimnaziya, universitet» nisbəti düzgündürsə, bu da düzgündür ki, əsaslı «dram kursu» keçən və «opera kursuna» daxil olmağa hazır olan tamaşaçının daha drama baxmasına heç bir ehtiyacı yoxdur, çünki gimnaziyanı bitirən şəxs yenidən gimnaziyaya daxil olmur...

    Lazım gəldikdə səhnə sənətinin növlərini asandan çətinə, sadədən mürəkkəbə doğru inkişaf edən sıraya (şərti olsa da) düzmək olar, məsələn, vodevil, komediya, dram, faciə; yaxud operetta, musiqili dram, opera; lakin «komediya, dram, opera» şəklində sıraya düzmək qətiyyən olmaz.

    Bəli, səhnə sənətinin ayrı-ayrı növləri bir növü başa düşmək üçün başqa növün hazırlıq rolu oynaması üçün deyildir.

     

    ***


    Vətəndaş Əhliyev üçüncü məqaləsində mənim bu sualıma cavab vermək istəmişdir: «Otello», «Faust», «Boris Qodunov» kimi operaların tərbiyəvi əhəmiyyəti etibarilə eyni; müəlliflərin eyni adlı və eyni məzmunlu dram əsərlərin dən nəyi əksikdir? O yazır:

    «...Birincisi, göstərilən müəlliflərin dramları əvvəl meydana gəlmişdir, operalar isə əslində eyni dramlardan ibarətdir, ancaq onlara musiqi şirəsi qatılmışdır (kursiv bizimdir), yəni operalar daha mürəkkəbdir»...

    «İkincisi, fransızlar demişkən, müqayisə sübut deyildir».

    Bu sətirləri oxuyarkən məni cavabın suala uyğun gəlməməsindən daha çox başqa şey təəccübləndirir. Sual heç də göstərilən opera və dramların yaranmasının xronoloji sırasını müəyyən etmək və ya müqayisə haqqında fransızların mötəbər fikri ilə tanış olmaq məqsədi ilə verilməmişdir. Məni təəccübləndirən odur ki, opponent hər bir, yeni məqaləsində opera haqqında təzə fikir söyləyir. Birinci məqalədə tərbiyəvi əhəmiyyətinə görə üçüncü dərəcəli hesab olunan opera ikinci məqalədə «ali mədəniyyətin» yüksək mərhələsinə qaldırılır və universitetə bərabər tutulur; üçüncü məqalədə isə opera musiqi «şirəsi» qatılmış drama çevrilir.

    Məcazi mənada olan «şirə» sözünü opponent opera ilə fərli xörək məfhumları arasında əlaqə yaratmaq məqsədi ilə deyil, operaya «mürəkkəb əsər» kimi baxılması üçün işlətmişdir, çünki bu fikrə əsaslanıb belə bir məntiqi, didaktik fikir irəli sürmək olar:

    «...mürəkkəb şeyləri yaxşı başa düşmək üçün sadə şeyləri anlamağı bacarmaq lazımdır»...

    Yuxarıda dediklərimiz opponentimin bu yeni fikrini də təkzib etmək üçün kifayətdir; drama nisbətən operanın mürəkkəb olmadığına daha çox inanmaq üçün bunu deyə bilərəm ki, operanın repertuarı əsasən elə əsərlərdən ibarətdir ki, onlar orta səviyyəli tamaşaçılar tərəfindən öz sadəliyi və aydınlığı ilə fəlsəfi məzmuna və rəmzi əhəmiyyətə malik bir çox mürəkkəb dramlara nisbətən daha asan başa düşülür və daha böyük fayda verir. Deməli, operanın mürəkkəb, dramın isə sadə şey olduğunu seyləmək tamaşaçıları aldatmaq deməkdir; lakin şüurlu tamaşaçı bu və ya digər teatr tamaşasına getməklə heç vaxt səhv etmir.

    Opponentimin operetta haqqında fikirləri daha sabitdir. O, bütün məqalələrində operettaya mənfi münasibət bəsləyir; lakin operettanın nə üçün «tərbiyəyə zidd» səhnə sə-nəti olduğunu isbat etmək istəmir; görünür, o, operetta haqqında yayılmış fikrə böyük əhəmiyyət verir, həmin fikrə görə, operetta tamaşaçıların bayağı hisslərini oxşayan şit musiqi əsəridir. Opponentim buna əsaslanaraq deyir:

    «Xalqın tərbiyəsi üçün operettanın Moskva Bədaye Teatrına nisbətən daha xeyirli olmasına kütləni inandırmaq kimi faydasız bir rolu kim üzərinə götürər?».

    Yaxud:

    «Biz uşaqlarımızı operettalar vasitəsi ilə tərbiyə etsək, son məqsədimiz Sodom olmalıdır».

    «Zənnimcə, heç bir qərəzsiz adam operettaların dram əsərlərinə nisbətən daha artıq tərbiyəvi əhəmiyyətə malik olduğunu sübut etməyə cəhd göstərməz».

    Heç kəs xalqın tərbiyəsi işində operanın drama nisbətən daha faydalı olduğunu sübut etmək kimi xeyirsiz bir vəzifəni üzərinə götürməməlidir; bunun əksini sübut etməyi də heç kəs öhdəsinə götürməməlidir.

    İdeya və əxlaqi məzmun kəsb edən və bunları bədii vasitələrlə ifadə edən hər bir səhnə əsəri,—istər bədii musiqi əsəri, istərsə də bədii nəzm əsəri olsun,—faydalıdır; bu keyfiyyətlərə cavab verməyən əsərlər isə,—istər opera olsun, istərsə də dram, operetta və ya komediya,—faydasızdır; faydalı əsərlərin empirik yolla müəyyən edilən forma və növ rəngarəngliyi xalqın əqli və mənəvi inkişafı işinə kömək edir. Operetta haqqındakı fikrə bir daha qayıdaraq demək istəyirəm ki, operetta heç də bayağı səhnə əsəri demək deyildir; sənətlə bayağılıq bir araya sığa bilməz; operetta şit hərəkətlər də demək deyildir, bu, dram əsərlərinin bir növü olan məzhəkəyə xasdır. Əgər ayrı-ayrı şəxslər bayağı əsərlər yazıb bunları operetta adlandırırlarsa, yaxud ifaçılar çox vaxt operettaya onun adına yabançı olan şit hərəkətlər daxil edirlərsə, buna operetta janrı günahkar deyildir. Operettanın tərkib hissələri olan incə melodiya, sağlam yumor, yüngül satira heç də bayağılıq və ya şitlik əlaməti deyildir...

    Görkəmli, hətta dahi bəstəkarlar, məsələn, dünya şöhrəti qazanmış İosif Qaydn, Motsart kimi sənətkarlar da operetta yaratmışlar. Bəzi görkəmli bəstəkarların adını isə çəkmirəm. Çünki onların adı operettanın musiqili bədii əsər kimi yüksək əhəmiyyətə malik olduğunu sübut etməya əsas verir. Yeri gəlmişkən, musiqi tarixindən belə bir səhifəni xatırladım ki, vaxtı ilə alman milli operettası dərin kök salmış İtaliya operası və operettalarının təsirinə qarşı mübarizədə böyük rol oynamışdır.

     

    ***


    Mənim opponentim digər ixtisas sahibi olduğundan, onun opera və operettaların tərbiyəvi əhəmiyyəti haqqında səhv fikirlər və yanlış mühakimələr irəli sürməsini bağışlamaq olarsa, müsəlman publisisti olmaq etibarı ilə teatr sənətimizin inkişafı tarixini bilməməsini və bizim teatrın inkişafa opera və operettalardan başladı-ğını deməsini bağışlamaq olmaz. Axı, xalqı hər şeydən əvvəl dram vasitəsi ilə tərbiyə etmək haqqında vətəndaş Əhliyevin tələbi bizdə çoxdan həyata keçirilmişdir; artıq 70 ildən3çoxdur ki, xalqımız ancaq dramlardan istifadə edir (bir neçə il bundan əvvəl Bakıda ilk dramaturqumuz, səhv etmirəmsə, vətəndaş Əhliyevin həmyerlisi Mirzə Fətəli Axundovun 100 illik yubileyini4 qeyd etmişik). Özü də biz təkcə öz dramlarımızdan deyil, həm də bir çox tərcümələrdən istifadə edirik; vətəndaş Əhliyevin 10 il bundan əvvəl rus dilində gördüyü «Otello»ya mən 20 il qabaq Şuşa şəhər teatrında tatar dilində tamaşa etmişəm. Axundovun «Xan Sarabski», «Məstəli şah», «Hacı Qara», məşhur dramaturqumuz Ə. Haqverdiyevin «Dağılan tifaq» (bunu cəsarətlə dram ədəbiyyatımızın şedevri adlandıra bilərəm) dramları mənim inkişafımda böyük rol oynamışdır.

    Hörmətli sənətkarlarımız N .B. Vəzirov və N. Nərimanovun komediya və dramları, Haqverdiyev, H. B. Vəzirov və başqalarının digər əsərləri, rus dilindən, əcnəbi dillərdən tərcümə olunmuş, türk dilindən iqtibas edilmiş bir çox əsərlər opera və operettaların meydana çıxmasından xeyli əvvəl həyatımızın mənəvi-bədii tələbatını ödəmiş, indinin özündə—opera və operettalar yarandıqdan sonra da ödəməkdədir. Əgər dramın geri qaldığı hiss olunursa, bunun başlıca səbəbi hər şeydan əvvəl müsəlman teatrının olmaması ilə izah edilir. Ciddi dram göstərildikdə teatrda tamaşaçıların sayının aktyorların sayından az olduğunu, operetta göstərildikdə isə tamaşa salonunun ağzınadək adamla dolu olduğunu söyləmək mübaliğədən başqa bir şey deyildir; bizim hesabatlarımız sübut edir ki, aşağı səviyyəli bir komediya və ya mənasız dram oynanılarkən teatra az adam gəlirsə, tamaşaçıların bədii-estetik tələblərinə cavab verməyən opera və operettalara bundan qatqat az tamaşaçı gəlir.

    Bizim opera və operettalarımız nədən ibarətdir? Bu suala cavab verməzdən əvvəl vətəndaş Əhliyevin irəli sürdüyü «xalis musiqi» məsələsinə toxunmaq faydalı olar. Lakin bu məsələ haqqında gələn məqalədə danışarıq5.


    1. «Cavab əvəzinə» məqaləsi Üzeyir Hacıbəyovun Əsəd Məmmədov Əhliyevə cavab təriqi ilə dərc etdirdiyi ikinci məqaləsidir. Məqalə «Kaspi» qəzetinin 1917-ci il 256-cı nömrəsində dərc olunmuşdur. Rus dilindən tərcümədir.
    2. Məqalə «Kaspi» qəzetinin 1917-ci il 260-cı nömrəsində, Məmmədov Əhliyevlə mübahisə təriqi ilə dərc olunmuşdur. Rus dilindən tərcümədir.
    3. Burada aşkar səhv getmişdir, cünki müəllif yəqin ki, 1873-ci ildə Azərbaycanda M. F. Axundovun komediyaları əsasında müasi teatr sənətinin yaranmasını nəzərdə tutur. Lakin məlumdur ki, həl 1848-ci ildə Şuşada həvəskar dram teatrı olmuşdur. Burada Üzeyi Hacıbəyovun həmin dövrun Şuşa tamaşalarını nəzərdə tutması şübə doğurur.
    4.1912-ci ildə Bakıda Azərbaycan ictimaiyyəti dramaturq M. F. Axundovun anadai olmasının yüz illiyini qeyd etmişdir.
    5. «Kaspi» qəzetinin sonrakı nömrələrində belə bir məqaləyə təsa düf olunmamışdır; görünür redaksiya mübahisəni kəsmişdir.