• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 aprel 2018-ci

    “Üzeyir Hacıbəyli: Tar və muğam təfəkkürü”

    Aprelin 10-da “Azərbaycan ənənəvi musiqisi və onun müasir istiqamətlərinin tədqiqi” elmi laboratoriyasında böyük elmi işçisi Ariz Abduləliyev tərəfindən “Üzeyir Hacıbəyli: Tar və muğam təfəkkürü” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda bu laboratoriya ilə yanaşı, “Qədim musiqi alətlərinin bərpası” elmi laboratoriyasının əməkdaşları, həmçinin müəllim və tələbələr iştirak etmişlər.

    Məruzədə Ü.Hacıbəylinin XX əsrin əvvəllərində tar alətini notlu musiqi tədrisinə daxil etməsinin tarixi əhəmiyyəti, bəstəkarların bu alətə müraciəti, tarın musiqişünaslıqda tədqiqi kimi məsələlərdən bəhs olunmuşdur. A.Abduləliyev vurğulamışdır ki, tar professional və təkmil alət olaraq, muğam janrının ifasında və təkamülündə aparıcı rol oynamışdır. Musiqi tarixində “alət və janr” əlaqələrinə əsasən demək olar ki, tar aləti əsrlər boyu şifahi ənənəli professional musiqinin ifasında tətbiq olunmuşdur və bu gün də belədir.

    Daha sonra A.Abduləliyev qeyd etmişdir ki, tar alətinin kökü və pərdələri Azərbaycan xalqının muğam-melodiya təfəkkürünü, 17 pilləli səs sistemini və milli məqamları özündə struktur şəkildə əks etdirir. Alətin pərdə quruluşu əsrlərlə formalaşmış bir səs sistemidir və qədim muğam yaddaşımızın əyani göstəricisidir. Muğamların intonasiya məzmunu, onların mikroxromatik səs çalarları və bədii özəllikləri məhz bu pərdələrin düzümü ilə bağlıdır. Məruzəçinin fikrincə, tarın pərdə quruluşuna edilən hər hansı “düzəliş” məsuliyyətli işdir və istər tarixi-mədəni, istərsə də elmi-nəzəri cəhətdən əsaslandırılmalıdır. Ayrı-ayrı musiqiçilərin şəxsi mülahizələrindən qaynaqlanan hər hansı “pərdə əlavəsi” milli muğamlarımızın intonasiyalarına fars, ərəb, türk makamlarına xas olan qeyri-milli səs çalarları qatır.

    Bu məsələ ciddi elmi yanaşma tələb edir. Yenilik adı ilə Azərbaycan muğamının tarixən formalaşmış intoniyasiya, lad və melodiya özünəməxsusluğuna, eləcə də milli muğamlarımızın səs-intonasiya quruluşuna xələl gətirmək istər milli muğam irsimizə və istər ifacılıq ənənələrimizə doğru mövqe sayıla bilməz.

    Ü.Hacıbəylinin tarın muğam pərdələrini ləğv etməsi haqqında son illər mediada yayılan səhv fikirlər və eləcə də “sovet tarı” anlayışı məruzəçi tərəfindən arqumentlərlə tənqid olunmuşdur. Seminar iştirakçılarına XVIII-XIX əsrin tarlarını və görkəmli muğam ustadlarına məxsus tarları vizual şəkildə nümayiş etdirən məruzəçi, tar pərdələrinin ləğvi ilə bağlı Ü.Hacıbəyli barəsində deyilənlərin yanlış olduğunu sübuta yetirmişdir.

    Sonda mövzu ətrafında suallar cavablandırılmışdır.