• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 dekabr 2017-ci il

    Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş Gənc Klassik və Folklor Musiqi ifaçılarının "WORLD HARMONY" adlı I Beynəlxalq Müsabiqəsi keçirilib.

    16 dekabr tarixindən başlayan müsabiqə təşkilatçılar tərəfindən çox yüksək səviyyədə təşkil olunub. İstedad sorağında olan münsiflər heyəti bu dəfə də ədalətli seçimi ilə istedadlı ifaçılara öz layiqli qiymətini verib.

    Müsabiqənin münsiflər heyətinə Xalq Artisti Fidan Hacıyeva, Əməkdar Artist Əziz Qarayusifli, professor, əməkdar müəllim Nəzakət Rimazi, professor, əməkdar müəllim Hökümə Əliyeva, Əməkdar Artist, AMK-nın dosenti Elşən Mansurov, professor Tsino Bicikaşvili, professor Tamar Sarvazaşvili, əməkdar müəllim Ümid İbrahimov daxil idi.

    Müsabiqəyə ümumilikdə 275 ifaçı qatılıb. Onlar arasında Rusiya və Gürcüstandan qatılmış iştirakçılar da var idi. Fortepiano ixtisası üzrə 32, vokal şöbəsi üzrə 28, orkestr alətləri şöbəsi üzrə 30, xalq çalğı alətləri şöbəsi üzrə 29 ifaçı çıxış edib. Digər ifaçılar fortepiano ansamblı, xalq çalğı alətləri ansamblı, skripka ansamblı, rəqs və xor kollektivinə daxil idi.

    "WORLD HARMONY" adlı I Beynəlxalq Müsabiqəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri yüksək səviyyədə təmsil edərək Mahir Tağızadə (I yer), Əliyev Rəsul (I yer), Quliyev Asif (I yer), Eyvazov Nadir (II yer), Ələkbərli Fəridə (II yer), Əşari Pərvin (III yer) yerə layiq görülüblər.

    "Qran Pri" mükafatına layiq görülmüş Prezident təqaüdçüsü Lalə İbrahimova, Luka Tsevelidze və Allahverdili Zakir Türkiyədə 26.04-03.05. 2018-ci il tarixində keçiriləcək olan "Harmony" müsabiqəsində iştirak etmək üçün vəsiqə qazanıblar.

    19 dekabr tarixində Rəşid Behbudov adına Mahnı Teatrında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş Gənc Klassik və Folklor Musiqi ifaçılarının "WORLD HARMONY" adlı I Beynəlxalq Müsabiqəsinin qala konserti keçirilib.

    Qala konsertə daxil edilmiş parlaq və rəngarəng əsərlər müsabiqə iştirakçılarının ifasında dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Əlbəttə ki, diplomların təqdim olunmasında yaşanan böyük sevinc və həyəcan hissi hələ uzun müddət iştirakçıların yaddaşında qalacaq və onlara gələcək yaradıcılıq fəaliyyətində misilsiz bir təcrübə olacaq.