• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 noyabr 2018-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı “Estrada mahnısı” müsabiqəsində yer tutub.


    Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunan birinci “Estrada mahnısı” müsabiqəsi keçirilib. Müsabiqə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının dəstəyi ilə reallaşıb.
    Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə müsabiqənin əhəmiyyətindən söz açaraq bildirib ki, müsabiqədə əsas məqsəd unudulmaz bəstəkar Tofiq Quliyevin yüksək peşəkarlıqla yaratdığı musiqi incilərini örnək götürərək müasir estrada mahnı janrında öz melodik zənginliyi, musiqi və mətnlərin vəhdəti, forma mükəmməlliyi, mətn mövzusunun diqqətli seçimi, mənəvi-estetik səviyyəsi ilə ədəbi-bədii meyarlara cavab verən yeni mahnıları aşkar etməkdir. Ötən ilin dekabrın 8-də elan edilən müsabiqənin 1-ci seçim turuna ümumilikdə 57 peşəkar və həvəskar bəstəkar tərəfindən 87 mahnı təqdim edilib.
    Şərtlərə görə müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni mahnılar təqdim edilib. Mahnılar vokal ilə müxtəlif tərkibli instrumental ansambllar və ya estrada orkestri üçün nəzərdə tutulub. Bu ilin mart, aprel aylarında müsabiqənin seçim turları keçirilib, oktyabrın 22-də isə qaliblər müəyyənləşib. Müsabiqədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı İsrafilova İlahə Qismət qızı da yer tutub. “Nağıl gecəm” adlı qalib mahnı (sözləri Bəxtiyar Vahabzadənindir) 7 noyabr tarixində H.Əliyev adına Sarayda keçirilən qala gecəsində səsləndirilib.