• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 aprel 2018-ci il

    Qara Qarayevin 100 illiyinə həsr olunmuş innovasiyalı elmi-ifaçılıq müsabiqəsinə start verildi

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş Pianoçuların V Respublika elmi-ifaçılıq müsabiqəsinə start verildi. Azərbaycanın əməkdar incəsənət xadimi, professor Tərlan Seyidov tərəfindən işlənmiş bu innovasiyanın əsas ideyası iştirakçıların yaradıcı potensialının gerçəkləşməsi üçün gözəl imkan yaratmaqdır. Belə ki, hər bir əsər nəinki təhlil, həm də ifa edilir. Bununla da nəzəriyyə ilə təcrübənin sıx əlaqəsi məsələsi həll olunur. Müsabiqənin əsas əhəmiyyəti həm də müəllim və şagirdlərin maarifləndirilməsidir.

    30 ildən artıq davam edən və mütəmadi olaraq keçirilən Qara Qarayevin adı ilə bağlı bu səpkili elmi-ifaçılıq müsabiqələri Bakı və Respublikanın müxtəlif bölgələrdən minlərlə musiqiçi üçün əsl məktəb olmuşdur. Sübut olaraq, Azərbaycanın və eləcə də digər ölkələrin musiqi mədəniyyətində aparıcı mövqe tutan musiqiçilərin adlarını çəkmək olar. Vaxtilə pianoçu-tələbələr, hal-hazırda isə BMA-nın birinci prorektoru vəzifəsində çalışan professor Nərminə Quliyeva, dosent Emil Xindristanski, Amerikanın İndiana ştatında Universitetin professoru Aida Hüseynova və başqaları bu müsabiqənin ilk laureatları olmuşlar.

    Elmi-yaradıcı işin yeni forması əsasında ilk dəfə olaraq 1983-cü ildə BMA-nın müəllimlərinin elmi-ifaçılıq konfransı keçirilmişdir. İştirakçılar arasında – Azərbaycanın xalq və əməkdar artistləri, pianoçular Zöhrab Adığözəlzadə, Rafiq Quliyev, Namiq Sultanov, skripkaçı Sərvər Qəniyev, violonçel ifaçısı Nəzmiyyə Abbaszadə və SSRİ-nin xalq artisti, vokalçı Lütfiyar İmanovun adlarını xüsusi qeyd etmək məqsədəuyğundur.

    Pianoçuların V Respublika elmi-ifaçılıq müsabiqəsinin sədri, SSRİ və Azərbaycanın xalq artisti, BMA-nın rektoru professor Fərhad Bədəlbəyli geniş giriş sözü ilə çıxış edərək qeyd etdi ki, bu tədbirin keçirilməsi xüsusilə əlamətdardır, çünki görkəmli bəstəkarın anadan olmasının 100 illiyinə həsr olunur. O, elmi-ifaçılıq müsabiqələrin keçirilməsində layihənin ideya müəllifi və bədii rəhbəri professor Tərlan Seyidovun çox böyük əməyi olduğunu vurğuladı. F.Bədəlbəyli, məhz bu müsabiqədə münsiflər heyətinin üzvü qismində iştirak etmək üçün Türkiyədən buraya təşrif buyurmuş Qara Qarayevin qızı, görkəmli musiqiçi Züleyxa Qarayeva-Bağırovaya xüsusi minnətdarlığını bildirdi. Çıxışının sonunda rektor informasiya və təşkilatı dəstəyinə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür etdi.

    Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqı adından professor Zemfira Qafarova təşkilatçı və iştirakçıları təbrik etdi.

    Tədbirin aparıcısı, məktəb-studiyanın direktor müavini Sevda Məmmədova Qara Qarayev adına elmi-ifaçılıq müsabiqə və konfranslarının tarixinə nəzər salaraq geniş məlumat verdi. O qeyd etdi ki, Azərbaycanda ilk dəfə müsabiqələrin keçirilməsinin, məhz Qara Qarayev adı ilə bağlı olması təsadüfi deyil, çünki 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində calışarkən, ilk dəfə olaraq bəstəkarın təşəbbüsü ilə tələbələr arasında müsabiqə keçirilmişdir. Bu da bəstəkarın müsabiqələrə xüsusi önəm verdiyinin sübutudur. Beləliklə, onun yaradıcılığının bütün sahələrində vacib rol oynayan intellektual aspekt, bizim müsabiqənin məqsəd və vəzifələrinə tam uyğun gəlir.

    Pianoçuların V Respublika elmi-ifaçılıq müsabiqəsinin təntənəli açılış tədbiri ötən illərdə keçirilən Qara Qarayev adına Beynəlxalq və Respublika elmi-ifaçılıq müsabiqələri laureatlarının – Fuad Əlizadə, Anna Biryukova, Tamara Xəlilova, Fəqan Həsənlinin, BMA-nın məktəb-studiyasının şagirdləri Zərrin Şükür, İlknur Zeynalov, Nurəddin Abdullayevin və BMA-nın tələbəsi Atabala Manafovun ifasında rəngarəng konsert proqramı ilə sona çatdı.

    Qeyd edək ki, müsabiqədə Respublikamızın 29 müxtəlif şəhər və bölgələrindən 150-yədək gənc musiqiçi iştirak edir. Müsabiqənin 9 apreldə qaliblərin mükafatlandırılması və laureatların konserti ilə tamamlanması nəzərdə tutulur.

    Aytən İBRAHİMOVA
    sənətşünaslıq üzrə fəlsəfə doktoru