16 yanvar 2018-ci il
16 yanvar 2018-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasında istedadlı bəstəkar, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnara Dadaşovanın müəllif konserti keçirilmişdir.
Tədbiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova giriş sözü ilə açaraq bəstəkarın yaradıcılıq yolu haqqında ətraflı məlumat vermişdir. Jalə xanım Bəstəkarlar İttifaqının Elnara xanıma ünvanladığı və Ittifaqın sədri, xalq artisti, professor Firəngiz Əlizadənin imzaladığı təbriknaməni gecənin qəhrəmanına təqdim etmiş, ardınca isə konsert musiqisevərlərin ixtiyarına verilmişdir.
Konsertdə əməkdar artistlərdən - Gülnaz Ismayılova, Anar Şuşalı, İlham Nəcəfov, Beynəlxalq müsabiqələr laureatları Fəhri Kazım Nicat və Firuzə Nəcəfli, 35 saylı musiqi məktəbinin şagirdləri, “Bənövşə” xorunun solistləri Babazadə Cavidan və Salmanlı Əli, 5-ci Televiziya Muğam müsabiqəsinin qalibi (1-ci yer) Nisbət Sədrayeva, 2015-ci ilin televiziya Muğam müsabiqəsinin laureatı Sədəf Budaqova, amerikalı vokalçı Aleksandriya Sultan Fon Brüsseldorf, bədii rəhbər və baş dirijor Şəhla Ələkbərovanın rəhbərlik etdiyi AzTV və Radiosunun C.Cahangirov adına kapellası, dirijor Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov rəhbərliyi ilə AzTV və Radiosunun simfonik orkestri maraqlı konsert proqramı ilə çıxış etmişdirlər.
Azərbaycan Dövlət Mədəniyyət Kanalının təşkilatçılığı ilə baş tutan musiqili gecədə müəllifin repertuarından səslənən kompozisiyalar tamaşaçıların qəlbində hələ uzun müddət qalacaq.